Bu gün dünya şöhrətli müğənni Rəşid Behbudovun doğum günüdür. Görkəmli Azərbaycan müğənnisi və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, Lenin Ordeni, Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu ordenləri ilə təltif olunmuş, bir sıra xarici ölkələrin mükafatlarına layiq qörülmüş, Dağıstan xalq artisti, Gürcüstan əməkdar incəsənət xadimi fəxri adlarını almış R.Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib.
Uşaq yaşlarından məktəb xorunda oxuyan R.Behbudov 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb.
Hərbi xidməti zamanı ordu ansamblının solisti olan Rəşis əsgəri xidmətdən sonra Tiflis estrada qruplarından birində solistlik edib və tezliklə bəstəkar A.Eyvazyanın rəhbərlik etdiyi Ermənistan Dövlət Caz orkestrində solistliyə başlayıb. 30-cu illərdə Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyub. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Ermənistan incəsənəti günlərində iştirak edir. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanıb.
1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alıb. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanıb. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunub. O, 1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edib.
R.Behbudov 1946-1956-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomima kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub.
Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən R.Behbudov Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynayıb. R.Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazıb.
1959-cu ildə ona SSRİ Xalq artisti, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı verilib. Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində gözlənilmədən vəfat edib. Qızı Rəşidə müğənni kimi atasının yolunu davam etdirir.
Modern.az