Bu gün Bakının bir neçə rayon və qəsəbələrində suyun verilişində məhdudiyyətlər yaranacaq. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının Modern.az saytına verdiyi məlumata görə, məhdudiyyət Maştağa anbar kompleksindən Ramana anbar kompleksinə qədər çəkilmiş yeni magistral su kəmərinin (1020 mm diametrli) sistemə qoşulma işləri ilə əlaqədardır:
“Bu səbəbdən bu gecədən etibarən 24 saat müddətində Şuşa məcburi köçkün şəhərciyinə, Zabrat qəsəbəsinin şərq hissəsinə, Ramana Südçülük Sovxozu adlanan əraziyə, Samir Əliyev küçəsinə (Aeroport yolunun sağ və sol hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər olacaq”.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Gülşən RAUFQIZI