Forumun məqsədi aidiyyəti dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının, xarici tərəfdaşların xalq diplomatiyasının inkişaf etdirilməsinə, millətlərarası və dinlərarası razılığın, xalqlar arasında dostluğun və qarşılıqlı anlaşmanın gücləndirilməsinə və möhkəmləndirilməsinə yönəldilmiş səylərini birləşdirmək, planetdə sülhə və əmin-amanlığa tərəfdar olan qüvvələrin əlaqələndirilməsi istiqamətində tövsiyələr hazırlamaqdır.
Kreml Administrasiyasının rəhbəri Sergey Narışkin forumun açılışında deyib: “Xalq diplomatiyası müasir Rusiyanı dünya üçün və dünyanı Rusiya üçün açmağa kömək edə bilər. XX əsrdə, əsasən, ictimai təşkilatların fəaliyyəti sayəsində xalq diplomatiyası beynəlxalq həyatın ayrılmaz hissəsinə çevrilmişdir”.
MDB Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu İdarə Heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da forumda çıxış edib. Xalq diplomatiyası mövzusuna müraciətin vacibliyini vurğulayan səfir, eyni zamanda, bu mövzunun aktuallığına da diqqəti cəlb edib. O qeyd edib ki, yeni nə varsa, bizə dünya vətəndaşı olmağı, öz milli “mənzillərimizdə” qapanıb qalmamağı öyrədir. P.Bülbüloğlu deyib: “Lakin təəssüflə qeyd etməliyəm ki, maraqlarımızın və talelərimizin ümumiliyini anlamaq xalqlarımız üçün asan başa gəlmir. Bunu ağır nəticələrinin əziyyətini hələ də çəkdiyimiz münaqişələrdən sonra başa düşürük. Demək olar ki, bütün postsovet məkanı bu və ya digər dərəcədə milli maraqlara zidd, gələcəyə inamı zəiflədən geosiyasi qarşıdurma meydanına çevrilmişdir”.
P.Bülbüloğlu qeyd edib ki, bu münaqişələrin ən uzunmüddətlisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Qarabağ müharibəsinin 20 il əvvəl Sovet İttifaqı adlanan ölkənin parçalanmasının əsas səbəblərindən birinə çevrilmiş acı dərsləri dialoq və tərəfdaşlıq haqqında bütün səviyyələrdə aparılan diskussiyalar üçün ibrətamiz mövzudur. Çünki “müharibə” sözünün özü “dialoq”, “razılıq” və “sülhyaratma” anlayışlarına ziddir. Səfir deyib: “Bu müharibə heç kimə, o cümlədən onun qızğın məddahlarına və carçılarına xeyir gətirməmişdir. Əksinə, o, Cənubi Qafqazda dərin etimadsızlıq amilinə çevrilmiş, insanların qəlbində hüquqi və fiziki müdafiəsizlik hissi yaratmışdır. Axı hər birimizin yalnız bir ömrümüz və onu yaşamaq üçün bərabər hüquqlarımız vardır”.
Azərbaycan səfiri diqqəti Cənubi Qafqazda terrorun, ekstremizmin və zorakılığın kəskinləşməsinə cəlb edərək bildirib ki, bu gün həmin təzahürlər Moskvaya da gəlib çatıb. Diplomat Moskvanın Manejnı meydanında baş vermiş son hadisələri xatırladıb. O, xəbərlər buraxılışlarını diqqətlə izlədiyini bildirərək demişdir:
“Etiraf edirəm ki, milisin qarşıdurmanı yatırması barədə hay-küylü reportajları anlaya bilmirəm. Vəziyyəti bir gün, bir həftə, bir ay nəzarət altında saxlamaq olar. Lakin millətlərarası razılığı süngü gücünə əldə etmək mümkün deyildir. Buna görə də deməliyəm ki, bu günlər çılpaqlığı ilə üzə çıxmış qarşıdurma problemi ilk baxışdan göründüyündən daha dərin, geniş və ciddidir. Odur ki, bu ağılsız qəzəb və zorakılıq dalğasının qarşısını qətiyyətlə almaq, bu çətin vəzifələrin həllini gələcək nəsillərə saxlamaq lazım deyildir. Bunu isə yalnız bütün elitar təbəqələrin – siyasi, intellektual və konfessional təbəqələrin səylərini birləşdirməklə etmək mümkündür. Hər birimiz könüllü olaraq sülh və əmin-amanlıq səfiri, etnik, dini mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq bütün insanların bərabər hüquqlarının carçısı olmalıyıq”.
Qeyd edək ki, dekabrın 11-də Moskvanın mərkəzində Manej meydanında iğtişaşlar baş verib. Orada 5 mindən çox futbol azarkeşi və millətçilər sonradan talanlara çevrilən qeyri-qanuni aksiya keçiriblər. Milliətçi şüarlar səslənilib, onlarla insan döyülüb. Buna səbəb "Spartak" (Nalçik) futbol klubunun azarkeşi Yeqor Sviridovun öldürülməsi olub.
Dekabrın 15-də milis Moskvada yeni kütləvi iğtişaşların qarşısını ala bilib. DİN əməkdaşları şəhərin müxtəlif yerlərində müxtəlif huquq pozuntularına görə 1300 nəfəri saxlayıb. Onlardan 16 travmatik tapança, 200-dən çox bıçaq, çəkic və beysbol taxtaları müsadiə olunub. Saxlanılanların bəzilərinə qarşı "ölümə cəhd" maddəsi ilə cinayət işi qaldırılıb.