Vüqar Bayramov: “Yaxın aylarda Rusiyadan göndərişlərin həcmi yarıya qədər azala bilər“.
Rusiyada son günlər baş verən etnik qarşıdurmalar bu ölkədə işləyən azərbaycanlılara qarşı yönələrsə, yüz minlərlə ailənin büdcəsinə çox pis təsir göstərə bilər. Qeyd edək ki, hazırda Rusiyada təxminən 2 milyona yaxın azərbaycanlı yaşayır. Bunlardan çoxu müvvəqqəti olaraq çörək pulundan ötrü Rusiayaya gedənlərdir. Bu arada Rusiyada etnik və irqi zəmində toqquşmalar sürətlə ölkənin bütün regionlarını əhatə etməkdədir. Xatırladaq ki, iğtişaşlar “Spartak” futbol klubun azarkeşinin qafqazlılarla davada öldürülməsinə etiraz olaraq dekabrın 11-də ultramillətçi rus gənclərinin Moskvanın Manej meydanında təşkil etdikləri şiddətli qarşıdurmadan və qeyri-ruslara qarşı hücumlardan sonra güclənib.
Iqtisadçı-alim Vüqar Bayramov bildirir ki, Rusiyada baş verənlər Azərbaycana sosial aspektdən təsirə malikdir. V.Bayramov deyir ki, son hadisələr, eləcə də Ruziya prezidentinin miqrasiya sahəsində qaydaların sərtləşdirilməsi ilə bağlı çıxışlı orada yaşayan azərbaycanlıların bir qisminin geri qayıtmaq məcburiyyətində qoya bilər: “Hadisələr Azərbaycana həm iqtisadi, həm də sosial baxımdan təsir göstərir. Rusiyada yaşayan Azərbaycanlıların bir qisminin vətənə qayıtması əmək bazarına təsir edəcək. Bu hətta əmək bazarında gərginliyin yaranmasına səbəb olacaq. Xüsusilə nəzərə alsaq ki, qlobal maliyyə böhranı iş yerlərinin azalmasına, əmək bazarında gərginlik yaradıb”.
V.Bayramov qeyd edir ki, Rusiyada yaşayan azərbaycanlıların geyi qayıtması bu ölkədən göndərilən vəsaitlərin həcminin kəskin azalması demək olacaq: “Xüsusilə bölgələrdə Rusiyadan göndərilən pulların sosial təsirləri böyükdür. Elə ailələr var ki, onlar həmin vəsaitlər hesabına yaşayırlar. Baxmayaraq, Dövlət Statistika Komitəsi Azərbaycana göndərilən vəsaitlərin həcminin 1 milyard dollar olduğunu deyir, Rusiya mətbuatında bu rəqəm 2 milyard dollar göstərilir. Bütün hallarda söhbət milyard dollarlıq köçürmədən gedir. O baxımdan Rusiyada baş verənlər, miqrasiya ilə bağlı tədbirlərin icrası, şərtlərin ağırlaşdırılması köçürülən vəsaitlərin azalmasına gətirib çıxaracaq. Güman edilir ki, yaxın aylarda göndərişlərin həcmi yarıya qədər azala bilər“.