Modern.az

Sabir Hacıyev: “Mənim dövlət başçısı ilə münasibətlərimdən söhbət gedirsə..." (MÜSAHİBƏ)

Sabir Hacıyev: “Mənim dövlət başçısı ilə münasibətlərimdən söhbət gedirsə..." (MÜSAHİBƏ)

20 Dekabr 2010, 11:28

Moden.az aytının suallarını Milli Məclisin deputatı Sabir Hacıyev cavablandırır.

- Sabir bəy, deputat olaraq Azərbaycanda ictimai-siyasi durumu necə qiymətləndirirsinz?
- Azərbaycanda ictimai-siyasi proseslər stabil olaraq davam etdirilir. Geniş miqyasda götürsək, Azərbaycan cəmiyyətində qeyri-adi hadisə baş vermir. Proseslərin inkişafı normaldır. 
 - Üçüncü çağırışda müxalifətdən olan deputatlar Milli Məclisdə blok yaratmışdı. İndi də bu qüvvələr yeni birlik yaratmaq istəyirlər. Bundan xəbəriniz varmı? Ümumiyyətlə, bununla bağlı sizə də müraciət olunubmu?
- Bilirsiniz, qanunvericiliyə görə, bir parlament fraksiyası yaratmaq üçün ən azı burada 25 deputat iştirak etməlidir. Əgər hansısa qrup yaradılırsa, buna qoşulan millət vəkillərinin sayı azdırsa, təbii ki, bu rəsmi sayılmır. Rəsmi olaraq hansısa siyasi qüvvələr nə isə yarada, müzakirə edə bilərlər. Hansısa partiyalar biri-biriləri ilə blok şəklində siyasi əməkdaşlıq edirlər. Bəziləri seçki ərəfəsində blok yaradıb prosesdə birlikdə iştirak ediblər. Bu, normal haldır. Bloka qoşulmaq məsələsinə isə hər bir siyasi təşkilat özü  qərar verə bilər.
Nədənsə siz bu cür məsələlərə qarışmırsınız?
- Birinci ona görə ki, bu hüquqi cəhətdən rəsmi deyil. Digər tətəfdən, biz keçmiş çağırış dövründə də, indiki çağırışda da müstəqil şəkildə fəaliyyətə üstünlük veririk.
Partiyadan söz  düşmüşkən, partiyanızda nə var-nə yox? Bizim müşahidələrimizə görə əvvəlki kimi fəal deyilsınız…
- Ümumiyyətlə, biz hesab etmirik ki, hansısa siyasi partiya digərlərindən fərqlənmək üçün siyasi fəaliyyətində hansısa addımı atmalıdır. Əgər ölkəmizdə proseslər normal inkişaf edirsə, biz də bu inkişafı dəstəkləyirik. Biz hansısa məqamlarla bağlı öz fikrimizi söyləyə bilərik. Amma heç vaxt gözə çarpmaq üçün addım atmaq fikrində olmamışıq. Hər zaman reklamdan uzaq olmuşam. İstəmirəm tez-tez mətbuatda görünüm. Hər bir vətəndaş, hər bir siyasətçi mütəmadi öz işi ilə məşğul olmalıdır.
- Yeri gəlmişkən, biz sizin partiyanızı müstəqil, iqtidaryönlü, yoxsa müxalifətyönlü partiya kimi qiymətləndirək?
- Mövcud qanunvericiliyə qayıtsaq, görərik ki, orada belə anlayışlar var. Çoxluq təşkil edən partiya, azlıq təşkil edən partiya. Ümumiyyətlə, bizdə çoxluq təşkil edən yeganə siyasi təşkilat Yeni Azərbaycan Partiyasıdır. Azlıq təşkil edən isə bir neçə siyasi partiya var. Bəli, deyə bilərəm ki, biz Milli Məclisdə azlıq təşkil edən partiyalardanıq. Biz cəmiyyətdə gedən prosesləri dəstəkləyirik.
- Parlamentdən kənarda rəhbərlik etdiyiniz partiya necə tanınır?
- Mən yenə də demək istərdim ki, cəmiyyətdə gedən proseslərə öz münasibətimizi bildiririk. Necə tanınma məsələsini isə cəmiyyət özü  müəyyənləşdirməlidir. Bir siyasi təşkilatın özü-özünə qiymət verməsi düzgün deyil. Biz düzgün aparılan prosesləri dəstəkləyirik.
- Azərbaycanda hətta YAP-ın bəzi üzvləri belə bir fikir söyləyirlər ki,  məmur özbaşınalığı və korrupsiyaya qarşı birgə mübarizə gücləndirilməlidir. Siz bu məsələyə necə baxırsınız?
- Bu məsələ həmişə  gündəmdədir. Təsadüfi deyil ki, son illər qanunvericilikdə bununla bağlı ciddi addımlar atılmaqdadır. Bilirsiniz ki, Azərbaycanda korrupsiya ilə bağlı xüsusi dövlət komissiyası var. Bu onu göstərir ki, cəmiyyətdə belə hallar var, bununla mübarizə aparmaq məqsədi ilə lazımı baza yaradılıb. Mən düşünürəm ki, bu istiqamətdə mütəmadi mübarizə aparılacaq.
- Siz qeyd elədiniz ki, özünüreklamı sevmirsiniz. Parlamentdə də az çıxış eləməyiniz bu xarakterinizdən irəli gəlir, yoxsa başqa səbəblər var ?
- Bu, mənin xarakterimlə bağlıdır. Mən ümumiyyətlə heç zaman çox danışmağın tərəfdarı olmamışam. Hüquq-mühafizə orqanlarında çalışanda da,  dövlət orqanlarında işləyəndə də şəxsən həmişə gündəlik fəaliyyətimlə məşğul olmağın tərəfadarı olmuşam. İndi bəzi qanun layihələri var ki, onların üzərində işləyirik.  Amma mən bunu səsləndirməyə çalışmıram, daha çox buna bağlı olan insanlarla fikirlərimi bölüşürəm.
- Partiyanız bir zaman  siyasi müstəvidə ciddi fəallığı ilə seçilirdi. O zamankı siyasi əqidədaşlarınız, dostlarınızla  əlaqələriniz varmı?
-Yox, təbii ki, bu bir proses idi. Biz 2003-cü ildən sonra partiyanın yeni qurultayını keçirmişik. Bu zaman mən sədr seçilmişəm. O zamandan bəri biz öz tərəfdarlarımızla birlikdə fəaliyyət göstəririk.
- O zaman müxalifət partiyalarının müəyyən iclasları keçirilirdi. Bilmək istərdik ki, bu mənada Sabir Hacıyevin indiki müxalifətlə əlaqəsi var, ya yox?       
- Siz də müşahidə edirsiniz... Biz hansısa siyasi blokda fəaliyyət göstərmirik. İstər seçkiqabağı, istər seçkidən sonra bizim rəsmi olaraq kiminləsə əməkdaşlığımız yoxdur.
- Düşməniniz də yoxdur siyasətdə?
- Siyasətdə rəqib ola bilər, düşmən yox… Siyasətdə səni dəstəkləməyən insanlar ola bilər. Amma belə götürəndə, biz görərik ki, indi bəzi siyasi partiyalar biri-birlərindən fərqlənmirlər. Biz  hər birimiz çalışmalıyıq ki, Azərbaycan inkişaf etsin. Bizim məqsədimiz bu olmalıdır.
- AXCP ilə Musavat partiyasının birləşməsi məsələsinə necə baxırsınız?
- Əslinə qalanda bu onların daxili işidir. Amma biz tarixə nəzər salsaq görərik ki, bu cəmiyyətdə fəaliyyət göstərən partiyaların çoxu vaxti ilə AXC-nin tərkibində olublar. Bu qrumdan çıxan insanlar sonradan yeni-yeni partiyalar yaradıblar.
Hansısa partiyalar birləşmək istəyirlərsə, yenə de deyə bilərəm ki, bu, onların şəxsi məsələləridir. Birləşmə baş verəcək, yoxsa yox, bunu mən deyə bilmərəm. İndiki zamanda partiya daxilində  gedən münasibətlər nə yerdədir, bu haqda məlumatım yoxdur. Hər halda bu normal prosesdir. Partiyalar ayrıla da bilərlər, birləşə də… Yəqin ki, zaman keçdikcə bu proses də təkmillşdiriləcək. Amma bu birləşmə hər halda məcburi deyil. Hər bir siyasi partiyanın üzvləri belə qənaətə gələ bilərlər.
- Sizin partiyanızın hədəfi nədir?
- Bizim partiyanın hədəfi ümumi Azərbaycan dəyərlərinə müsbət bir nəticə gətirə bilməkdir... Biz çalışırıq ki, millətimizə xeyir gətirən istiqamətdə işlərimizə davam edək.
- Necə hesab edirsiniz, sonuncu parlament seçkisi  Azərbaycanda bütövlükdə müxalifəti dirdəfəlik dəfn eləmədi ki?
- Ümumiyyətlə, siz də anlayırsınız ki, seçkilərin nəticəsi xalqın iradəsi deməkdir. İndi hansı nəticə var, deməli,  bu, xalqın iradəsidir. Bizdə mojaritar seçki sistemidir. Hər dairənin öz seçicisi var. Yəni bu seçicilərdən aslı olan şeydir. Mojaritar sistemin belə bir spesifiktliyi var. Ola bilər ki, 10 dairədə hansısa siyasi partiyanın nümayəndəsi dəstəklənsin, amma ikinci yeri tutsun. Faktiki olaraq o partiya həmin dairələrdə mandat qazana bilmir. Proporsional sistemdə isə başqadır. Səslər bir yerə toplanır. Mojaritar sistemdə belə hadisələr baş verə bilər.
- Ümumiyyətlə, sizin fikrinzcə bu gün Azərbaycanda müxalifət varmı? Varsa, zəifdirmi, güclüdürmü?
- Bilirsiniz, mənim azlıqda olan siyasi partiyanın rəhbəri kimi belə fikir söyləməyim düzgün olmazdı. Müxalifət hər bir sahədə müxalif ola bilməz. Hakimiyyətin siyasi istiqamətdə fəaliyyəti ilə bağlı kimsə nəsə söyləyə bilər. Bu, normal haldır. Məncə bütün məsələlərə müxalif fikir söyləmək düzgün deyil. Müxalif fikri də əsaslandırmaq lazımdır.
- Sabir bəy parlamentdə azlıqda qalan partiyalar içərisində çoxluğu 3 nəfərlə Sabir Rüstəmxanlının rəhbərlik  elədiyi partiya tutur. Sizcə ona “ana müxalifət” demək olarmı?
- Mən belə anlayışlardan uzağam. Hesab edirəm ki, partiyalar bununla fərqlənməməlidirlər. Kimsə hardasa aktiv ola bilər, zəif ola bilər… Bu, normal haldır.
- İndiki, parlamentin fəaliyyəti ilə əvvəlki parlament arasında hansı fərq var?
- Hər halda mən sizə deyim ki, biz yalnız irəliyə gedirik. İndi yeni seçilmiş millət vəkilləri haqda mən heç nə deyə bilmərəm. Bunlar təşkilatı məsələlərlə bağlıdır. Parlamentdə çox peşəkar insanlar da var. Parlament xalqın seçimi əsasında təşkil olunur. Mən hər zaman xalqın seçiminə hörmətlə yanaşıram. Əgər deputatlar xalqın etimadını qazanıblarsa, deməli, onlar lazımı səviyyədə Azərbaycanı millət vəkili kimi təmsil edə bilərlər. Cəmiyyət  demokratikləşir, inkişaf edir. Əgər 5 il bundan qabaq bir dairədən başqa biri seçilirdisə, bu dəfə başqası seçilir. Bu, normal prosesdir.
- Parlamentdə bəzi millət vəkilləri Pənah Hüseynin qalib gəlməməsindən təəssüflənirlər. Siz necə baxırsız bu məsələyə?
- Mənim belə fikir söyləməyim düzgün deyil. Qiyməti seçicilər verirlər. Mən kiminsə haqqında nəsə deyə bilmərəm. Belədə cəmiyyətin rəyinə qarşı fakir söyləmiş olarıq.
- Sizə elə gəlmirmi ki, həddən atrıq dərəcədə ehtiyatlı danışırsınız?
- Mən hüquqşünas olduğuma görə, hər dəfə hüquq müstəvisində danışmağa çalışıram, hüquqi dildə danışmağa üstünlük verirəm. Bir insan özünü elə aparmamalıdır ki, bir millət vəkili kimi hardasa artıq nəsə desin. Hesab edirəm ki, mövqe eyni olmalıdır. Hər bir siyasi xadim, hər bir deputat fikrini söyləyərkən bunu nəzərə almalıdır.
- Bəzın sizin Azərbaycan rəhbərliyinə yaxın olmanız barədə yazırlar, həqiqəti blmək olarmı?
 - Tarixə nəzər salsaq, görərik ki, müəyyən dövrlərdə kimlərsə  ünsiyyətdə olurlar. Bu, normaldır. Sonradan görürük ki, vaxt keçir... Həmin yaxınlar hansısa sahədə çalışır, hardasa fəaliyyət göstərirlər. İnsan yenə də yaşadıqca öz-özlüyündə qalır və fəaliyyətini davam etdirir. Odur ki, cəmiyyətdə belə fikir söyləyirlər ki, filankəs filankəslə yaxındır. Amma əslində diqqət etmək lazımdır, bu yaxınlıq nə ilə ölçülür. Yaxınlıq normal haldır. Kimsə-kiminləsə tanış ola bilər, dost ola bilər. Bu, cəmiyyətdə normal qarşılanmalıdır. Əvvəl bir yerdə çalışan insanlar bəzən  müəyyən müddətdən sonra münasibəti itirirlər və yaxud davam etdirirlər.
 - Siz bu münasibətlərinizi saxlamısınız?
- Əgər söhbət mənim dövlət başçısına münasibətimdən gedirsə, mən onun atdığı addımları və yeritdiyi siyasəti bir vətəndaş kimi, siyasi partiya rəhbəri kimi dəstəkləyirəm. Şəxsi münasibərlər bir məsələdir, dövlətdə gedən proseslərə münasibət başqa məsələ. Hər kəs bunu obyektiv şəkildə deməlidir. Mən obyektiv olaraq deyə bilərəm ki, cənab Prezidentin siyasətini dəstəkləyirəm.

Anar Rüstəmov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?