Modern.az

BMT İnkişaf Proqramı Azərbaycanı birinci yerə layiq görüb

BMT İnkişaf Proqramı Azərbaycanı birinci yerə layiq görüb

20 Dekabr 2010, 15:17

BMT İnkişaf Proqramının Avropa və MDB üzrə Regional bürosu Azərbaycan Respublikasında qurulan müasir sığorta-pensiya sistemini və bu sahədə davam etdirilən islahatların birinci yerə layiq görüldüyünü açıqlayıb. Bu barədə Modern.az-a Dövlət Sosial Müdafiə Fondu (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan məlumat veriblər.

BMT İnkişaf Proqramının Nyu-Yorkda yerləşən Baş qərargahı Avropa və MDB ölkələrinin sığorta-pensiya sistemlərində son illər həyata keçirilən islahatları təhlil edərək, ölkəmizin sığorta-pensiya sistemindəki islahatları özündə əks etdirən “Azərbaycan- Dəyişikliyin tarixçəsi. Effektiv Pensiya sisteminin qurulması” başlıqlı şərhində Azərbaycanın bu sahədə həyata keçirdiyi islahatların həcminə, müddətinə və digər parametrlərinə görə daha üstün olduğunu bildirib. Ölkəmizdə qısa müddət ərzində yeni, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan, aydın başa düşülən, şəffaf, ədalət prinsiplərini əsas götürən, müasir tələblərə cavab verən sosial sığorta-pensiya sistemi qurulduğu qeyd olunub, bu sistemin bir sıra ölkələr üçün model rolu oynadığı vurğulanıb.
Hazırda ölkə üzrə pensiyaçıların 98,8 faizinin  pensiyaları plastik kartlarla ödənilir ki, bu da dünya miqyasında böyük nailiyyətdir. Pensiyaların hesablanması mexanizmlərinin sadələşdirilməsi və onların əhali üçün asan başa düşülən və şəffaf edilməsi insanların sosial sığorta-pensiya sisteminə inamını daha da artırıb.  
Sosial sığorta-pensiya sahəsində həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycanda qısa müddət ərzində pensiyaların minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği  isə 4 dəfə artıb.  DSMF-nin 70-dən yuxarı şöbəsində müasir infrastruktur yaradılıb, maddi-texniki baza və kadr potensialı gücləndirilib, bütün işçilər müasir kompüterlərlə təmin edilib. DSMF-nin bütün şöbələri müxtəlif növ proqram təminatı ilə təmin olunmuş və hazırda əksər işlər kompüter sistemləri vasitəsi ilə aparılır.
”Görülən işlərin nəticəsində DSMF-də unikal elektron məlumat bazası yaradılıb ki, bu da işi keyfiyyətcə daha yüksək səviyyəyə qaldırır. Hazırda Azərbaycanda pensiyaların təyinatının avtomatlaşdırılması sahəsində işlər sürətlə aparılır və prosesin başa çatdırılması ilə tam şəffaf sığorta-pensiya sisteminin fəaliyyəti təmin olunacaq”-deyə Fonndan bildirilib.
DSMF qeyd edib ki, əldə edilmiş uğurlu nəticələrin davamı olaraq 2010-cu ilin 29 noyabr-04 dekabr tarixlərində Cənubi Afrika Respublikasının Keyp Taun şəhərində keçirilən Dünya Sosial Təminat Forumunda Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) MDB və türkdilli ölkələr üzrə Regional Koordinasiya Mərkəzinin Azərbaycanda yaradılması qərara alınıb.  Bundan başqa,  2010-cu il 3-5 mart tarixlərində Varşava şəhərində keçirilmiş Avropanın Birinci Regional Sosial Təminat Forumunda DSMF "Avropanın uğurlu təcrübəsi" müsabiqəsinin qalibi elan olunub və BSTA-nın fəxri fərmanı ilə təltif edilib.

Mail Ağaxanov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə