Modern.az xəbər verir ki, bu gün Bütöv Azərbayacan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət, eləcə də ölkədəki sosial-iqtisadi problemlərlə bağlı məsələlər müzakirə olunub. Sosial problemlərlə bağlı qeyd olunub ki, hökumət əsas diqqəti infrastrukturun, yolların yenidən qurulması məsələlərinə, böyük investisiya tutumlu tikinti layihələrinə yönəldib. Əhalinin elektrik enerjisi, su və qazla təminatı isə narahatlıq doğurur. Xüsusilə də rayonlarda, kəndlərdə bu sahədə təminat acınacaqlı vəziyyətdədir.
”Qış aylarında əksər ucqar kəndlərdə əsaslı səbəblər olmadan işıqlar ara-sıra söndürülür, "mavi yanacaq" isə ümumiyyətlə yoxdur. Enerjiyə olan tələbatı ödəmək üçün oduncaq əldə etmək məqsədilə insanlar meşə massivlərini qırırlar, həyətlərindəki meyvə ağaclarını kəsməyə məcburdular. Azərbaycan özü xarici ölkələrə iri həcmdə qaz satdığı, qonşu ölkənin kəndlərini belə qazlaşdırdığı, infrastrukturunu yenidən qurduğu bir halda ölkə daxilində əksər kəndlər "mavi yanacaq" üzünə həsrətdir. Hətta yerli istehlakçılara qazın öz maya dəyərindən 2-3 dəfə baha satılmasına baxmayaraq hələ də ölkədə qazlaşdırılmayan böyük kəndlər, qəsəbələr belə var. Şəhər yerlərində də enerji ilə təminatda ciddi problemlər mövcuddur. Paytaxt Bakıda yüzlərlə yeni binalar tikilsə də onlara qaz verilmir. Buna səbəb kimi həmin yaşayış binalarının istismara qəbul olunmaması, sənədləşdirilməməsi göstərilir. Belə binalar elektrik enerjisi və su ilə təmin olunduğu halda qazla təchizat məsələsinin həllini dövlət qurumları və tikintini aparan sahibkarlar, şirkətlər bir-birinin üstünə atır. Həticədə yeni binalara qaz verilməsi problemi illərlə həll olunmur və sanki düyünə düşüb. Bunlara yanaşı, həmin binaların sənədləşdirilməsi tam aparılmadığından insanlar mülkiyyət hüquqlarını təsdiq edən sənəd ala bilmirlər. Sənədlər olmadığından hətta həmin evlərə qeydiyyata düşmək mümkün deyil. Evini satıb burada mənzil alanlar yaşayış yeri üzrə heç bir yerdə qeydiyyatda deyillər. Belə vəziyyət isə çox ciddi hüquqi problemlər yaradır. Hətta hərbi xidmət yaşı çatmış gənclər də əsgərliyə gedə bilmirlər”.
Bütün bunları nəzərə alan BAXCP hökuməti bu sahədəki hərc-mərcliyə son qoymağa və nizam-intizam yaratmağa çağırır.
Modern.az