Modern.az

“Avropa Qafqazda stabilliyin tərəfdarıdır” - millət vəkili Rövşən Rzayev

“Avropa Qafqazda stabilliyin tərəfdarıdır” - millət vəkili Rövşən Rzayev

Təhsil

20 Dekabr 2010, 18:35

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin İdarə Heyəti üzvü Rövşən Rzayev Bolqarıstanın “Standart” İnformasiya Agentliyinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsi barədə danışıb.
Modern.az xəbər verir ki, Azərbaycanın millət vəkili Bolqarıstan KİV-nə bildirib ki, 2010-cu ildə postsovet məkanında olan münaqişələrin həllində heç bir irəliləyiş olmayıb.

“Ermənistanın 1991-1994-cü illər ərzində Azərbaycana aid olan əraziləri işğal etməsi nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi Avrasiya regionunda gərginlikləri artırır. Bu il dekabrın əvvəlində Astanada baş tutmuş Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının növbəti sammitindən sonar Ermənistanın prezidenti Serj Sarkisyan vəziyyəti daha da gərginləşdirdi. O, hələ heç bir BMT üzvünün tanımadığı Dağlıq Qarabağın müstəqilliyini tanıyacağına dair söz verdi”-deyə R.Rzayev qeyd edib.      

Deputat daha sonra əlavə edib: "ATƏT-in Astanadakı sammiti təkcə Azərbaycan üçün deyil, həm də Ermənistan üçün çox əhəmiyyətli idi. Biz bir daha Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına dair təklif irəli sürdük, çünki bu münaqişənin həllindən tək iki dövlətin sabitliyi deyil, bütün Qafqaz regionunun sabitliyi asılıdır”.

R.Rzayevin sözlərinə görə, rəsmi Bakı Ermənistanın Madrid prinsipləri əsasında sülh müqaviləsini imzalayacağna ümid edir: "Bu prinsiplərin əsas əhəmiyyəti ondan ibarətdir ki, qaçqın və məcburi köçkün əhali öz torpaqlarına qaytarılsın, Dağlıq Qarabağdan qoşunlar çıxarılsın və azərbaycanlılarla ermənilərin birgə dinc yaşaması təmin olunsun”. 

Millət vəkili Bolqarıstan mətbuatına həm də 1992-ci ildə baş vermiş və nəticədə 613 dinc sakinin həlak olduğu Xocalı soyqırımını xatırladıb. Rzayev həmçinin vurğulayıb ki, buna baxmayaraq Azərbaycan qisas istəmir və münaqişənin sülh yolu ilə həllinə çalışır. 

"Azərbaycan hal-hazırda Avropa İttifaqına (Aİ) inteqrasiya prosessindədir və bu səbəbdən Bakı inanır ki, münaqişənin sülh yolu ilə həlli Azərbaycanda, Ermənistanda və ümumiyyətlə bütün Qafqaz regionunda stabilliyi təmin edəcək. Elə Avropa İttifaqı da bunda maraqlıdır”-deyə R.Rzayev qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Aİ-nin həyata keçirdiyi “Şərq əməkdaşlığı” proqramında iştirak edir və bu proqram çərçivəsində Azərbaycan milli qanunvericiliyi Avropa standartları ilə uyğunlaşdırır.       

Müsahibənin linki: //paper.standartnews.com/bg/article.php?d=2010-12-13&article=350698

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə