Modern.az

Medianın son illər itirdikləri jurnalistlər...

Medianın son illər itirdikləri jurnalistlər...

Media

21 Dekabr 2010, 16:58

Son illər media sahəsində xoş xəbərlər eşitməklə yanaşı, dünyasını dəyişən həmkarlarımızın ölüm xəbərlərinə də sarsıldıq. Modern.az 2010-cu ildə vəfat edən medi işçilərini xatırladıtmışdı. 2009, 2008, 2007-ci illər də bu baxımdan bir sıra tanınmış jurnalistlərin dünyaya vida etdiyi il kimi yaddaşlarda qalıb.
Həmin illərdə xeyli jurnalisti torpağa tapşırmışıq.
Modern.az son illər dünyasını dəyişmiş jurnalistləri xatırlayıb. Siz də bizimlə bərabər onları xatırlayın:

2007-ci ilin iyununda tanınmış idman jurnalisti Mirpaşa Miriyev 87 yaşında vəfat edib. Mirpaşa Mirismayıl oğlu Miriyev 1920-ci il iyunun 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olub, təhsil aldığı müddətdə «Azərnəşr»də korrektor işləyib, «Gənc işçi» qəzeti ilə əməkdaşlıq edib, bu qəzetin səhifələrində ilk yazılarını nəşr etdirib.
İkinci dünya müharibəsi başlayanda «Gənc işçi» fəaliyyətini dayandırmalı olub. Redaksiyanın üç əməkdaşı - redaktor İsrafil Nəzərov, redaktor müavini Böyükağa Həsənov və Mirpaşa Miriyev Dövlət Radio Verilişləri Komitəsindən cəbhəyə yollanmış işçiləri əvəz etmək üçün bu komitəyə göndəriliblər. Burda M.Miriyev radionun siyasi verilişlər şöbəsinə rəhbərlik edib.
1947-ci ildə M.Miriyev «Azərbaycan gəncləri» qəzetində redaktor müavini vəzifəsində çalışmağa başlayıb. 1950-ci ildə isə o, «Azərbaycan bədən tərbiyəçisi» və «Fizkulturnik Azerbaydjana» qəzetlərinə redaktor təyin olunub. M.Miriyev 37 il fasiləsiz olaraq bu qəzetlərə rəhbərlik edib («Azərbaycan bədən tərbiyəçisi» və «Fizkulturnik Azerbaydjana» qəzetlərinin adları sonradan dəyişdirilərək «İdman» və «Sport» adlandırılıb).

2008-ci ilin fevralında uzun müddət Azərbaycan Jurnalistlər Birliyinə sədrlik etmiş qocaman jurnalist Hacı Hacıyev vəfat edib. 84 yaşlı jurnalist infarktdan keçinib.
Hacı Əliheydər oğlu Hacıyev 1924-cü il fevralın 18-də Bakıda anadan olub. 1950-ci ildən bir sıra kütləvi informasiya vasitələrində işləyib. «Azərbaycan gəncləri» qəzetində, Dövlət Televiziya və Radio Verilişləri Şirkətində çalışıb, «Uşaqgəncnəşr» nəşriyyatının baş redaktoru olub. 1988-ci ildən 2006-cı ilədək Azərbaycan Jurnalistlər Birliyinə sədrlik edib. 2006-cı ildən qurumun fəxri sədri seçilib.

2008-ci ilin iyul ayında Tanınmış jurnalist Məmməd Nazimoğlu vəfat edib. Məmməd Nazimoğlu şəkər xəstəliyindən, qaraciyərdə yaranmış problemlərdən əziyyət çəkirdi və bundan əvvəl Türkiyədə İstanbul Memorial Xəstəxanasında müalicə almışdı. Xatırladaq ki, Məmməd Nazimoğlu jurnalistika fəaliyyəti ilə yanaşı, Söz Azadlığı Müdafiə Fondunda icraçı direktor vəzifəsində də çalışıb.

2008-ci ilin mart ayında jurnalist Ağalar Mirzə vəfat edib. AzTV-də xalq flokloru ilə bağlı verilişləri ilə tanınan A.Mirzə mart ayının 5-i axşam saat 22.00 radələrində ürək çatızmazlığından dünyasını dəyişib. Ağalar Mirzə Dəvəçi rayonunda torpağa tapşırılıb

2009-cu ilin may ayında “Dövran” qəzetinin keçmiş baş redaktoru, publisist, jurnalist Salman Vilayətoğlu 47 yaşında dünyasını dəyişib. Salman Vilayətoğlu uzun illər jurnalist kimi fəaliyyət göstərib, o, həm də “İntellekt” Araşdırmalar Mərkəzinin rəhbəri olub. Salman Vilayətoğlu bir müddət ürək xəstəliyindən əziyyət çəkib, o infarkt keçirməsi nəticəsində dünyasını dəyişib.

2009-cu ilin dekabrında tanınmış jurnalist Elçin Səlcuq vəfat edib. İki il qaraciyər serrozundan əziyyət çəkən jurnalist 45 yaşında dünyasını dəyişib. Qeyd edək ki, E.Səlcuq jurnalistikaya "Azadlıq" qəzeti ilə ötən əsrin 90-cı illərində hay-küylü, cəsarətli yazıları ilə gəlib, məhşurlaşmışdı. O, müasir, azad jurnalistikanın ilk yazarlarından biri olub.
"525-ci", "Detektiv" kimi qəzetlərdə də çalışıb. Son illərdə isə Elçin Səlcuq "Proloq" ədəbi dərgisində çalışırdı. Jurnalist Elçin Səlcuq Buzovna qəbirstanlığında dəfn olunub.

2009-cu ilin dekabrında Qocaman jurnalist Azad Şərif   ömrünün 79-cu ilində dünyasını dəyişib. İmzası ökə hüdudlarından da kənarda yaxşı tanınan, yaradıcılığına daim böyük hörmət bəslənilən A.Şərif  7 aprel 1930-cu ildə Bakıda teatr xadimi ailəsində anadan olub.
Azad müəllimin 19 yaşında ikən «Molodyoj Azerbayjana» qəzetində alpinistliyə aid oçerkləri digər nəşrlərin də diqqətini cəlb edir.
«Fizkulturnik Azerbayjana» qəzetinin demək olar, hər sayında onun yazılarına yer verilir və həmin nəşrdə işə dəvət olunur. Bir müddət sonra «Pionerskaya pavda»nın Azərbaycan üzrə xüsusi müxbiri təyin edilir. 1956-cı ildə «Molodyoj Azerbayjana» qəzetində şöbə müdiri, redaktor müavini kimi fəaliyyət göstərir.
Bir müddət məhşur «Vokruq sveta» jurnalında baş redaktorun müavini vəzifəsini tutur. A.Şərifovun bu jurnalda Türkiyəyə aid oçerkləri janrın müasir jurnalistikamız üçün də dolğun nümunələri kimi sayılır. Məhz bu materiallar «İzvestiya» qəzetinin diqqətini cəlb edir. Nəşrin rəhbərliyi onu Türkiyə, İran və Əfqanıstan üzrə xüsusi müxbir vəzifəsinə dəvət edir.
Görkəmli journalist 1988-ci ildə «Azərinform» İnformasiya Agentilyinin (indiki «AzərTAc» Dövlət Teleqraf Agentliyi) baş direktoru vəzifəsinə təyin olunub. Bir müddət orada çalışıb.
Azad Şərifov mediamızın ağsaqqallarından biri kimi öz dərin təcrübəsini gənc jurnalistlərə də həvəslə öyrədir, onların yetkin mütəxəssis kimi formalaşması üçün səylərini əsirgəmirdi.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?