Modern.az

Mübariz Əhmədoğlu:"Ermənilər Ramiz Mehdiyevə “qəbir qazmaq” istəyirlər”

Mübariz Əhmədoğlu:"Ermənilər Ramiz Mehdiyevə “qəbir qazmaq” istəyirlər”

Təhsil

21 Dekabr 2010, 16:57

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu 2010-cu ildə Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti təhlil edib. Modern.az-ın məlumatına görə, politoloq bildirib ki, son ildə Dağlıq Qarabağ münaqişəsi “saat mexanizmli bomba”ya çevrilib.

Onun sözlərinə görə, Ermənistanın ərazisində olan bomba hər an partlaya bilər: “Hadisələrin inkişafı müharibənin qaçılmaz olduğunu göstərir. Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi və özünə yeni havadarlar axtarması vəziyyəti daha da mürəkkəbləşdirib. Ermənistanda “müharibə partiyası”nın hakimiyyətdə olması bu məsələdə mühüm göstərici sayıla bilər. Müharibə ehtimalını artıran digər faktor isə İran və Şimali Qafqazda baş verən hadisələrdir. Ermənistanın danışıqlar masası arxasında imitasiya ilə məşğul olması Azərbaycanı yorub. Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər ermənilərin danışıqlar prosesini müxtəlif bəhanələrlə uzatmasına göz yumur. Ermənistan və onun havadarları müharibə təhlükəsinin yaxınlaşdığını hiss etdikləri üçün Azərbaycan, Türkiyə və İran rəhbərliyi arasında nifaq salmaq istəyir. Amma onların bu cəhdi nəticəsiz qalacaq. Azərbaycan növbəti Qarabağ müharibəsində məğlubiyyətdən sığortalanıb”.

Mübariz Əhmədoğlu qeyd edib ki, 2010-cu ildə həmsədrlər bəzi məsələlərdə prinsipiallıq nümayiş etdirə bilməyiblər: “Ermənistan Minsk qrupunun irəli sürdüyü təkliflərə etinasız yanaşsa da, həmsədrlər bu ölkəyə heç bir irad bildirmədilər. Minsk qrupunun səmərəsiz fəaliyyəti və konsensus mexanizmi ilə işləməsi alternativ vasitəçiliyə şərait yaratdı. 2010-cu ildə Dağlıq Qarabağ problemi BMT və Avropa İttifaqı müstəvisində aktiv müzakirə olundu. Halbuki Ermənistan uzun müddət Dağlıq Qarabağ münaqişəsinin bu qurumlarda da müzakirəsinin əleyhinə olub”.

Mübariz Əhmədoğlu 2010-cu ildə Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağ probleminin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirib: “Prezident İlham Əliyev Dağlıq Qarabağ məsələsini milli ideyaya çevirdi. Prezident “davam edən işğal” terminini gündəmə gətirdi. 2010-cu ildə iqtisadiyyat xeyli gücləndi, diplomatik səylər məqsədyönlü istiqamətdə artırıldı. Azərbaycanın Dağlıq Qarabağ siyasəti müstəqil, qətiyyətli və hücumçu məzmun kəsb etdi. Fəaliyyəti birbaşa Dağlıq Qarabağ məsələsi ilə bağlı olmayan yüksək çinli məmurlar da prosesə aktiv şəkildə müdaxilə etdilər. Fəaliyyətinə görə ermənilər Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə “qəbir qazmaq” istəyirlər”.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə