Ümumrusiya Azərbaycan Konqresinin Mərkəzi Şurası Rusiya prezidenti Dmirti Medvedevə, Rusiya hökumətinin başçısı Vladimir Putinə, Moskva meri Sergey Sobyaninə, habelə ölkənin güc strukturlarının rəhbərlərinə müraciət qəbul edib.
Müraciətdə deyilir: “Ümumrusiya Azərbaycan Konqresinin Mərkəzi Şurası Rusiyadakı çoxminli Azərbaycan diasporunun həyəcanlarını və düşüncələrini ifadə edərək, cəmiyyətdə yaranmış etnoslararası dözümsüzlük mühiti və nəticədə Moskvada və Rusiyanın bir neçə şəhərində baş vermiş dramatik hadisələrlə bağlı ciddi narahatlıq ifadə edir. Həmin hadisələr cəmiyyətdə
etnoslararası qeyri-sabitliklə əlaqədar mənfi meyilləri üzə çıxarmışdır ki, bu da əsasən, gənclər arasında daha çox nəzərə çarpır. ÜAK-ın Mərkəzi Şurası hesab edir ki, Rusiya paytaxtında kütləvi şəkildə baş vermiş qarşıdurmalar zamanı üzə çıxan ekstremizm çoxmillətli cəmiyyətdə sabitliyə ciddi təhlükədir.
Kədərli təcrübə göstərir ki, etnoslararası və dinlərarası dözümsüzlük insan hüquqlarını kütləvi surətdə pozmaq, onların rifahını dağıtmaqla demokratiya prinsiplərini sarsıdır. Nəticədə Rusiya sosiumunun sosial-mədəni əsasları erroziyaya uğrayır. Son nəticədə bu təhlükəli təzahürlər çoxmillətli Rusiya dövlətinin mövcudluğuna təhlükə törədə bilər. Məhz buna görə, neofaşist ideologiyasının, nasist rəmzlərinin və ədəbiyyatının yayılması, ekstremizmin və nifrətin təbliği tamamilə yolverilməzdir.
Ekstremizmin sülh və vətəndaş həmrəyliyinin, demokratik dəyərlərin, etnoslararası tolerantlığın dərinləşdirilməsi və inkişaf etdirilməsi üçün çox təhlükəli olmasını anlayaraq hesab edirik ki, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları bu istiqamətdə işini xeyli fəallaşdırmalı, bütün
irq və millətlərdən olan vətəndaşların bərabərliyini və bərabər hüquqlarını, dini azadlığını təmin etməli, rusiyalıların böyüməkdə olan nəslinin tolerant tərbiyəsinə xüsusi diqqət yetirməlidir.
Rusiya Federasiyasının bir çox ictimai, o cümlədən diaspor təşkilatları kimi biz də hesab edirik ki, dövlətin dəqiq milli siyasəti olmalı, federal səviyyədə onun həyata keçirilməsi üçün cavabdeh dövlət orqanları yaradılmalıdır. Ölkə miqyasında etnoslararası münasibətlərdə müsbət meyillər inkişaf etdirilməlidir. Etnomədəniyyət və miqrasiya siyasəti sahəsində ekstremizmlə mübarizəni gücləndirən federal və regional qanunlar, hüquqi aktlar işlənib hazırlanmalı və qəbul edilməlidir. Bu qanunvericilik fəaliyyətinin məqsədi xüsusilə siyasi sahədə, millətlərarası münasibətlər
sahəsində ekstremist fəaliyyətin kökünün tamamilə kəsilməsi olmalıdır.
ÜAK-ın Mərkəzi Şurası əmindir ki, Rusiya azərbaycanlıları, ölkənin digər əksər vətəndaşları kimi, azad, sivil, dinamik inkişaf edən, tolerant vahid böyük Rusiyaya tərəfdardırlar”.