Modern.az

İstanbul qədimliklə müasirliyin vəhdətidir (Reportaj)

İstanbul qədimliklə müasirliyin vəhdətidir (Reportaj)

22 Dekabr 2010, 15:08

İstanbulu gəzib görmək, gözlərin və ruhun doyunca seyr etməsi üçün bir insan ömrü lazımdır


Hələ tələbə vaxtlarından İstanbulu, Təbrizi və Kıprısı görmək arzusuyla yaşayırdım. Nə vaxtsa bu arzumun gerçəkləşəcəyinə ümid edirdim. Artıq ümidlərim və arzularım gerçəkliyə çevrildi. Bu gerçəkliyi mənə və həmkarlarıma Türk Hava Yolları yaratdı. Belə ki, Türk Hava Yolları (THY) yeni aldığı "Airbus 333" sərnişin təyyarələri vasitəsilə Bakıdan İstanbula gündəlik uçuşlar həyata keçirməyə başlayıb. Dekabrın 9-dan başlayaraq hər gün saat 05:25-də Bakı-İstanbul reysilə uçuşlar gerçəkləşdirilir. Uçuşların 10 gün davam edəcəyi nəzərdə tutulur. Bu proqram çərçivəsində Azərbaycanın 32 media nümayəndəsi Türk Hava Yolları ilə İstanbula uçdu.
Qeyd edim ki, Türkiyə səfirliyinin mətbuat müşaviri Həbib Kaya və Türk Hava Yolları Bakı bürosunun müdiri Mehmet Akkaya da Azərbaycan jurnalistlərilə birgə idi...

Hava Limanında qaliblər qarşılanırdı

...Sumqayıtdan Heydər Əliyev adına Hava Limanına bir xeyli məsafə olduğundan, həm də uçuşun vaxtı 05:25-ə təsadüf etdiyindən erkən saatda aeroportda oldum. Gözləmə zalında Qolf Federasiyası təmsilçilərinin əllərində Azərbaycanın üçrəngli bayrağını tutaraq qarşılama mərasiminə hazırlaşdıqları diqqətmi çəkdi. Az keçməmiş Amerikadan İstanbula, oradan isə Bakıya dönən qaliblər göründü. Məlum oldu ki, onlardan dördü vətənə medallarla qayıdıblar. Bizlər də onların sevincinə qoşulduq.
Uçuş vaxtına bir saat qalmış ikinci mərtəbəyə qalxdıq. Çox ciddi yoxlama nəzarətindən keçəndən - onu xüsusi olaraq deyim ki, ayaqqabıların soyundurulması heç ürəyimcə olmadı, ancaq qanun-qayda bunu tələb edirdi - sonra "Airbus 333" sərnişin təyyarəsinə minik vaxtımızı gözlədik. Nəzərdə tutulandan düz yarım saat sonra təyyarə havaya qalxdı. Məlumat verildi ki, 2 saat 20 dəqiqədən sonra İstanbula çatacağıq. Bu müddət ərzində sərnişinlərə çox yüksək keyfiyyətdə yemək verildi.
Təyyarənin yetərincə rahat olmağına baxmayaraq yuxum ərşə çəkilmişdi. Bir gözüm qarşımızdakı monitora dikilmişdi. Buradan təyyarənin keçdiyi yerləri müşayiət edirdik. Artıq Ankaranı keçib İstanbula yol almışıq. Təyyarənin enməsinə yarım saat qalmış "Airbus 333" yüksəklikdən bir qədər aşağı düşür. Və biz İstanbulda dan yerinin sökülməsini təyyarənin kiçik pəncərələrindən seyr edirik. Səhərinin bu çağında İstanbulu təyyarədən seyr etməyin bir başqa ləzzəti var. Hər yer sanki çıl-çırağa bələnib. Ucu-bucağı bilinməyən İstanbulun Atatürk Hava Limanının üstündə təyyarə dövrə vurub enir. Yol çantalarımızı götürüb pilləkənlərlə aşağı düşürük və sərnişinləri gözləyən avtobusa minirik. Hava limanının gözləmə zalına daxil olub, burada da müvafiq prosedurlardan keçirik. Yenidən bizi gözləyən və Türk Hava Yollarına məxsus avtobusa minib otelə yollanırıq...

İşə tələsən insanlara qayğı

...Hava limanından şəhərə istiqamət götürən avtobus yolboyu tıxacların olmasına baxmayaraq çox rahatlıqla yoluna davam edirdi. İstanbulda qaldığım iki gün ərzində mən sürücülərin qayda-qanundan kənara çıxdıqlarının, bir-birilərinə nəzakətsiz davranmalarının, tıxac zamanı yersiz siqnal səslərinin şahidi olmadım. Mənə ən çox ləzzət verən isə o oldu ki, sərnişin avtobuslarına ayrılan yola nə taksilər, nə də digər maşınlar girə bilməzlər. Çünki şəhərin bu başından o başına və yaxud əks istiqamətə işə tələsən insanların vaxt itkisinin qarşısını almaq, iş rejiminə əməl etmək üçün çox gözəl düşünülmüş bir addımdır. Eyni zamanda, dayanacaqlarından kənarda avtobusların saxlanması və ya sərnişinlərin əl edərək avtobusu saxlatdırması mümkünsüzdür.
İki gün ərzində keçib getdiyim və gəzdiyim küçələrdə natəmizliyə rast gəlmədim. Hiss olunurdu ki, yolboyu salınan yaşıllıqlara xüsusi qulluq göstərilir. Daha açılış üçün bəzədilib, sonradan taleyin ümidinə buraxılmır...

İstanbul Yeni ilə hazırlaşır

...Bizi aparan avtobus şəhərin mərkəzinə-nəzərdə tutulan otelə tərəf yol alanda nəzarətçi sürücüdən dayanmağı xahiş etdi. Məlum oldu ki, şəhərin bu ərazisi tarixi yer sayıldığından buraya giriş üçün ya xüsusi buraxılış təqdim etməli, ya da para ödəməlisən. Biləndə ki, biz Azərbaycandan gəlmişik, özü də jurnalist heyətiyik, güzəşt etdilər. Otelə çatırıq. Otelin səliqə-səhmanına, xidmətçilərin müştərilərə qayğısına söz ola bilməz. Yeni ilin gəlişini İstanbulun kükələrində hiss etsək də, oteldə bu gəliş daha çox nəzərə çarpırdı. Foyedə hündür küknar ağacı qurulmuşdu. Üzəri yeni ilin gəlişini xatırladan oyuncaqlarla bəzədilmişdi. Küknar ağacının yanlarına isə hədiyyələr qoyulmuşdu. Bir sözlə, hiss olunurdu ki, İstanbul yeni ili çox böyük coşqu ilə qarşılayır. İkinci mərtəbədəki otağımızda yerbəyer oluruq. Bir qədər rahatlandıqdan sonra oteldən kənarda-məhşur Ayasofya muzeyinin lap yaxınlığındakı restorana nahar yeməyinə yollanırıq. Təxminən bir kilometrlik məsafəni piyada gedirik...

Nəqliyyat xərclərinin baha olmasının səbəbləri

...İstanbul qədimliklə müasirliyin vəhdəti olan bir şəhərdir. İstanbulu gəzib görmək, gözlərin və ruhun doyunca seyr etməsi üçün həftələr lazımdır. Nə yazıq ki, biz cəmi iki gün İstanbulun qonağı olduq. Gəzdiyim yerlərdə İstanbul mənə azacıq da olsa Bakını, daha doğrusu İçərişəhəri xatırladırdı. Kiçik daşların döşəndiyi yolla irəlilədikcə bu daha çox hiss olunurdu. İstanbulun mərkəzi küçələrində avtobus deyil, tramvaylar hərəkət edir. Tranvaylara minmək metrolardan istifadə qaydası kimidir. Belə ki, bizim pulla 1 manat verib jeton alırsan və jetonu xüsusi quraşdırılmış aparata salıb dayanacağa keçirsən. Dayanacaqda sərnişinlər 2-3 dəqiqə olmaqla tramvayları gözləyib mənzil başına çatırlar. Biz sərnişin nəqliyyatının niyə bu qədər baha olduğunu şəhər sakinlərindən soruruq. Onlar deyirlər ki, Türkiyə neft ölkəsi olmadığı üçün burada gedişhaqqı bahadır. Görünür onlarda əməkhaqqı da yüksəkdir. Çünki belə olmasa insanlar aldıqlarını, ancaq nəqliyyata xərcləyərlər...
...Nahar yeməyi veriləcək restorana gəlirik. Etiraf edək ki, Azərbaycan mətbəxi kifayət qədər zəngindir. Bunu hətta İstanbulda türk qardaşlarımız da etiraf etdilər. Onlar bizim mətbəxin dolmasını, müxtəlif cür plovlarını, kabablarını çox bəyənirlər və əvəzedilməz sayırlar. Biz də türk qardaşlarımızın mətbəxini bəyəndik. Onların müxtəlif çeşiddə təqdim etdikləri yeməkləri, tatlılar-şirniyyatlar-çox ləzzətlidir. Ancaq çatışmayan tək bir şey var ki, Türkiyədə Azərbaycan çayının həsrətini çəkdim. Yeməkdən sonra kəkotulu, qantpərli, yarpızlı, nanəli və yaxud mixəkli, hilli, darçınlı çay içmədinsə, nə ləzzəti var...

… İstanbulda tarixi yerlər yetərincədir. Biz yalnız onlardan bir neçəsini ziyarət edə bildik. Ayasofya muzeyi, Sultan Əhməd məscidi, Yerəbatan sarıncını görmək və bu yerlər haqqında bilgi almaq üçün bizə 28 yaşlı gülərüz, hazırcavab və bu yerlərin tarixini mükəmməl bilən Meral Çetin-Altunay yardım göstərdi.
İlk olaraq Ayasofya muzeyinə yollandıq. Qarşımızda öz əzəməti, qədim tarixiliyi və əsasən də xristianlıqla müsəlmanlığın birliyini əks etdirən muzey dayanır. Giriş qapısından içəri daxil oluruq. Öyrənirik ki, hələ də xristian aləminin göz dikdiyi bu muzeyə hər gün minlərcə turistlər gəlir. Elə həmin gün də muzeydə yetərincə turistlər vardı. Birinci mərtəbə ilə tanışlıqdan sonra pilləkənlərsiz-hər yerdə dikinə olmaqla dolanbac yolla-yuxarıya qalxırıq. Bu yer mənə məşhur türk kinolarının birindəki səhnəni xatırladır. Yuxarıdan isə muzeyin əzəməti daha qabarıq görünür...

Nağıllar aləminə səyahət

...Ayasofyanın yaxınlığında yerləşən Sultan Əhməd məscidi də namazdan sonrakı saatlarda turistlərin ziyarətinə verilir. Muzeydəki çil-çıraqlar, yerə döşənmiş xalı insana sanki bir rahatlıq bəxş edir. Meral Çətin-Altunayın dediyinə görə, böyük bir ərazini əhatə edən xalı cəmi dörd hissədən ibarətdir. Məscidin köhnə xalısı isə Türkiyə muzeylərində saxlanılır. Vaxtilə Mustafa Kamal Atatürk məscidin təmiri üçün lazımi vəsait olmadığından xalıların muzeyə satılması tapşırığını verib və həmin pulla məscid yenidən bərpa edilib. Meral xanım onu da bildirdi ki, məscid üçün yeni xalının hazırlanması sifarişi verilib. Yaxın zamanlarda yeni xalı məscidi bəzəyəcək...
...Növbəti tanış olacağımız yer Yerəbatan sarıncı idi. Bu yer haqqında təsəvvürüm olmadığı üçün əvvəlcə daxil olduğumuz çox kiçik otaq təəccübümə səbəb oldu. Ancaq sən demə, bura Yerəbatan sarıncın giriş qapısı imiş. Bu qapıdan keçib pilləkənlərlə aşağı enirik. Sanki nağıllar aləminə düşürük. Burada hər şey-musiqi də, bir kənarda qoyulmuş taxt-tac da, müxtəlif geyimlər də qədimiliyi əks etdirir. Öyrəndik ki, buranı Bizans imperatoru İ.Yustinianus (527-565) tikdirib. Uzunluğu 140 metr, eni 70 metr olan sarıncın içərisində hər biri 9 metr yüksəkliyində 336 sütun var. Sütünlar bir-birindən 4.80 metr aralıda yerləşir. Sarıncın tavanı kəmərlər vasitəsilə sütunlara bərkidilib. Sarıncı gəzib-dolaşmaq üçün sütunlararası daş döşəmələr var. Bura həm də kiçik gölü xatırladır. Çünki hər tərəf su ilə əhatə olunub. Suyun içərisindəki balıqlar isə o baş, bu başa vurnuxaraq yem axtarırlar. Suyun dibində saysız-hesabsız qəpik pullar görünür. Deyilənə görə, kimin nə arzusu var niyyət edib suya qəpik pul atır və arzusuna çatır. Təbii ki, bu bir inancdır...

"Airbus A330-300" özəlliyi

...Səhəri gün məşhur "Taksim" meydanını gəzib oradan Türk Hava Yolları aviaşirkətinin mərkəzi ofisinə yollandıq. Şirkət rəsmiləri bizi mehribanlıqla qarşılayıb ikigünlük səfərin məqsədi və yeni istifadəyə verilən "Airbus A330-300" sərnişin təyyarəsi haqqında məlumat verdilər. Türk Hava Yolları Bakı bürosunun müdiri Mehmet Akkaya bildirdi ki, 295 sərnişin üçün nəzərdə tutulan "Airbus A330-300" bütün keyfiyyətlərilə özəllik təşkil edir:
"Məsələn, təyyarədə əsas yeniliklərdən biri bütün salonlarda sərnişinlərin hər biri üçün ayrıca çoxfunksiyalı ekranın təqdim olunmasıdır. Sensorlu ekranlar televizor, musiqi mərkəzi və məlumat ekranı kimi istifadə oluna bilər. Burada sərnişinlərə müxtəlif filmlər, oyunlar, musiqi təqdim olunur".
Ən maraqlısı isə bu ekranlardan kompüter və xəbər səhifəsi kimi istifadənin mümkünlüyüdür. Xüsusi rejimlərə keçirilməklə ondan kompüter kimi istifadə etmək, mətnlər yazmaq və redaktə etmək, eləcə də internet xəbərləri izləmək mümkündür. Kompüterlə işləmək üçün televizorun pultunun arxa tərəfində mini-klaviatura yerləşdirilib. Bundan başqa, xüsusi USB çıxışının olması cihaza flaş-kart daxil edib burdakı materiallarla tanış olmağa və onlarla işləməyə imkan verir. Nəticədə klaviatura vasitəsilə sərnişin uçuş zamanı istədiyi kompüter əməliyyatını apara, bu materialları USB çıxış vasitəsilə özüylə götürə bilər. Eyni zamanda, sərnişinlər xüsusi internet səhifəsi rejiminə keçməklə müxtəlif sahələrdə dünyada baş verən yeniliklər barədə məlumat ala bilərlər.
Mehmet Akkayanın sözlərinə görə, bu təyyarələr uzaq məsafələr üçün nəzərdə tutulub: "Türk Hava Yolları şirkəti 3 belə təyyarə alıb, onlardan əsasən uzaq məsafəli uçuşlarda-Amerika, Afrika və London istiqamətində istifadə olunacaq. Texniki-iqtisadi göstəricilərinə görə bu təyyarələrin uzaq məsafəli reyslər üzrə istifadəsi iqtisadi cəhətdən daha məqsədəuyğundur. Ancaq Azərbaycana göstərdiyimiz özəl maraqdan dolayı, İstanbul-Bakı reysi üzrə "Airbus A330-300" təyyarələrilə əsasən tanışlıq xarakteri daşıyan uçuşlar həyata keçirməyə qərar verdik".
Qeyd edək ki, uçuşlar dekabrın 19-na kimi davamlı olub. Artıq İstanbul-Bakı reysi üzrə uçuşlar yenə də "Boenq" təyyarələri ilə həyata keçirilir.

20 illiyə hazırlıq

Sonra aviaşirkətin marketinq və satış şöbəsinin (Şərqi Avropa və Balkan ölkələri üzrə) vitse-prezidenti Mehmet Başpınar və şirkətin basın müşavirliyinin mütəxəssisi Gökalp Yazır bizi maraqlandıran sualları cavablandırdılar. Mehmet Başpınar bildirdi ki, THY 2011-ci ilin martında Azərbaycana uçuşlarının 20 illiyini qeyd edəcək: "Bu münasibətlə Bakıda geşiş mərasimin keçirilməsi nəzərdə tutulur. 1 yanvar 2011-ci il tarixdən 31 dekabr 2011-ci il tarixə qədər "Azərbaycanda 20-ci il" şüarı ilə silsilə tədbirlər keçirmək istəyirik. Eyni zamanda, Türk Hava Yollar Bakıya reyslərinin sayını artırmaq imkanlarını nəzərdən keçirir. Yəni hazırda İstanbul-Bakı arasında gün ərzində üç reys həyata keçirilir. Gələn ilin baharından reyslərin sayı dördə çatdırılacaq".
Onun sözlərinə görə, THY Bakı və Naxçıvan şəhərilə yanaşı, Gəncəyə də aviareyslər təşkil etmək niyyətindədir. Gəncədən Türkiyə istiqamətində uçmaq istəyən sərnişinlərin kifayət qədər çox olduğunu nəzərə alan aviaşirkət artıq bu istiqamətdə işlərə başlayıb.
Mehmet Başpınar onu da dedi ki, gələn ilin mart-aprel aylarında İstanbulda böyük endirimlər olacaq. Bu, şəhərdə ilk dəfə keçirilən "Shoppinq Festival" ticarət festivalı çərçivəsində təşkil ediləcək: "Festivalın martın 18-dən aprelin ortalarına qədər davam edəcəyi gözlənilir. THY aviaşirkəti, şəhərin iri ticarət şirkətlərinin və digər qurumların birgə təşkilatçılığı ilə keçiriləcək ticarət festivalı müddətində şəhər regionun ticarət mərkəzinə çevrilməlidir. İstanbulun bütün iri ticarət şirkətləri bu aksiyaya qatılacaqlar. Festival zamanı azı 15 faizdən başlayan endirimlər nəzərdə tutulur".
Onun sözlərinə görə, festival dövründə İstanbula aviareyslərlə gələn sərnişinlərin sayının artması üçün güzəştlər və endirimlər də nəzərdə tutulub: "Bunlardan biri sərnişinlərin geriyə uçarkən normadan əlavə yükə görə ödədiyi daşıma haqqının azaldılması ola bilər. Bu, sərnişinlərə daha çox mal almaq imkanı yaratmaq üçün tətbiq ediləcək. Həmin vaxt biletlərin qiymətində də dəyişikliklər gözlənilir. Ancaq hələlik bu məsələ dəqiqləşməyib".
Vitse-prezident xüsusi olaraq vurğuladı ki, aviaşirkət artıq bu gün sərnişinləri üçün kifayət qədər cəlbedici şərtlər təklif edir: "Məsələn, İstanbuldan tranzitlə uçan və hava limanında müvafiq reysi gözləməkdə xeyli vaxt itirən sərnişinlər üçün şəhərin görməli yerlərinə pulsuz turlar təklif olunur. Yaxın vaxtlarda bu turların sayına Bosfor boğazına tur təklif edən "Boğaz tour" da əlavə ediləcək".

"Sizin ayağınızın tozu bizim gözümüzün sürməsidir"

...Artıq axşamdır. Bizi şam yeməyinə dəvət edən türk qardaşlarımızın arasında Türkiyə Qəzetçilər Dərnəyinin İstanbul təmsilçisi Əngil Kökçinar və həmin təşkilatın üzvü Zəfər Atay da vardı. Öncə Əngil Kökçinar söz alaraq bizləri salamladı və dedi: "Sizlər hər zaman bizim ürəyimizdə olmusunuz. Sizlərin ayağınızın tozu gözümüzün sürməsidir. Türikiyə bizim olduğu kimi sizlərin də vətənidir. Vətəninizə xoş gəlmisiniz".
Zəfər Atay da Türkiyə qəzetçilərinin salamlarını çatdıraraq söylədi ki, Azərbaycanda hər kəs bilməlidir ki, türk həmişə türkə dəstək olub və bundan sonra da olacaq:"Çünki bizlər eyni millətin övlatlarıyıq. Sadəcə dövlətlərimiz ayrıdır".
Biz də öz növbəmizdə qonaqpərvərliyinə və qayğısına görə türk qardaşlarımıza, xüsusən də iki gün boyunca əziyyətmizi çəkən Azərbaycandakı Türkiyə səfirliyinin mətbuat müşaviri Həbib Kayaya və Türk Hava Yolları Bakı bürosunun müdiri Mehmet Akkayaya sonsuz minnətdarlığımızı bildirib hava limanına yola düşdük...

Arzu Şirinova
Bakı-İstanbul-Bakı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır