Bu gün Müasir Müsavat Partiyasının mərkəzi qərargahında partiyanın sədri Hafiz Hacıyev Azərbaycanda fəaliyyət göstərən bir neçə partiya sədri ilə görüş keçirib. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə ölkədə keçirilmiş parlament seçkisinin nəticələri, seçkidən sonra Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyət və partiyaların hazırkı durumu müzakirə mövzusu olub.
Müzakirələr zamanı tərəflər ictimai-siyasi vəziyyətə uyğun olaraq sədrlik etdikləri partiyaların siyasi kursunda korrektələr etmək və ya dəyişmək üçün planların hazırlanması qərarına gəliblər. Razılığa gəlinib ki, hazırlanacaq bu plan ictimai rəyə hesablanmalı və gələcəkdə hər hansı bir siyasi proseslərə təsir etmək gücündə olmalıdır. Digər tərəfdən, partiya sədrləri bütün bu yuxarıda sadalananları nəzərə alaraq çox yaxın gələcəkdə Milli Konqres adlı yeni siyasi birliyin yaradılmasıyla bağlı razılıq əldə ediblər.
Görüşdə iştirak edən siyasi partiyaların adı açıqlanmır. Partiyadan bildiriblər k, bu haqda yaxın günlərdə ictimaiyyətə geniş məlumat veriləcək.
Modern.az