“Azadlığa çıxdığım üçün həm sevinirəm, həm də kədərliyəm. Kədərliyəm ona görə ki, hələ də həbsdə olan dostlarımız var. Amma azadlığa çıxmağı düşünmürdüm. Çünki özümü 7 il yarım həbs müddətinə kökləmişdim". Modern.az saytı xəbər verir ki, bunu martın 28-də Ali Məhkəmənin qərarı ila azadlığa buraxılan "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin sədri İntiqam Əliyev bildirib.
İ.Əliyevin sözlərinə görə, bundan sonra da fəaliyyətini davam etdirəcək: "Bundan sonra da fəaliyyətimi davam etdirəcəm. Həbsdən azad olunmağımla bağlı iş aparan hüquq müdafiəçilərinə, jurnalistlərə, vətəndaş cəmiyyətinə minnətdarlığımı bildirirəm".
Qeyd edək ki, bu gün Ali Məhkəmədə baş prokuror Zakir Qaralovun "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin həbsdə olan sədri İntiqam Əliyevlə bağlı məhkəmə qərarından cəzanın ağır olmasına dair verdiyi əlavə kassasiya protesti üzrə məhkəmə keçirilib. Məhkəmə İ.Əliyevə 5 il şərti həbs cəzası verilməklə azadlığa buraxılması barədə qərar qəbul edib.
Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib. Bundan sonra İ. Əliyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Modern.az