ABŞ erməni icma təşkilatlarının son günlər intensiv səylərinə baxmayaraq ölkə Konqresi dırnaq arası “erməni soyqırımı” qətnaməsini gündəmə gətirmədən tətilə çıxıblar. İllərdən bəri erməni mənşəli elektoratının istəklərini yerinə yetirən kaliforniyalı demokrat, ABŞ Konqresinin hazırki spikeri xanım Nensi Pelosi isə buna görə, erməni mənşəli seçicilərinin kütləvi tənqidinə tuş gəlib. (AzərTAc)
Dekabrın 22-də verdiyi bəyanatla Amerikanın Erməni Milli Komitəsinin sədri Ken Xaçikyan qətnamənin səsverməyə qoyulmamasına görə məsuliyyətin bütünlüklə spiker Pelosinin çiyinlərinə düşdüyünü bildirib. Onun sözlərinə görə, xanım Pelosi demokrat çoxluq, səlahiyyət və imkana malik olduğu təqdirdə, “soyqırımı” qətnaməsini səsverməyə çıxararaq onun keçməsini təmin edə bilməyib. Amerika erməniləri qanunvericinin bu addımından “qəzəbləndiklərini və məyus olduqlarını” diqqətə çatdırıb. Ken Xaçikyan onu da əlavə edib ki, layihənin keçməsi üçün kifayət qədər əlverişli mühit də var idi. O cümlədən, Ağ Ev bu dəfə məsələyə güclü müxaliflik nümayiş etdirməyib, rəsmi Ankaranın İran, İsrail və Sudanla bağlı apardığı siyasət ABŞ qanunvericiləri arasında Türkiyəyə qarşı narazılıq yaradıb.
Nensi Pelosinin Konqres spikeri kimi son dörd illik fəaliyyətinə qiymət verən Amerika erməniləri xanım spikerin qətnaməni irəli apara bilməməsini öz mövqelərinə zərbə kimi dəyərləndiriblər. Erməni Milli Komitəsi bəyanatında vurğulayıb ki, Prezident Barak Obama erməni “soyqırımı”nı tanıyacağı haqda vədlərini yerinə yetirmədikən sonra spiker Pelosinin qətnaməni səsverməyə çıxarmaması erməni mənşəli seçicilərin ona olan etimadına ciddi ziyan vurur. Komitə ölkə ermənilərini kütləvi halda Nensi Pelosiyə onun haqda düşündüklərini bildirməyə çağırıblar.
Qeyd edək ki, dekabrın 22-də sonuncu iclası ilə Konqresin Nümayəndələr Palatası hazırkı sessiyasını başa vurub. Bayram tətilindən sonra qayıdacaq Palatanın yeni tərkibində noyabrda keçirilən seçkilərin nəticəsinə uyğun olaraq respublikaçı partiya üstünlük təşkil edəcək. Yeni seçiləcək respublikaçı spiker Con Benner isə erməni qətnaməsinə müxalifliyi ilə tanınır.