Modern.az

Azərbaycan prezidenti İstanbul sammitində çıxış edib

Azərbaycan prezidenti İstanbul sammitində çıxış edib

Təhsil

23 Dekabr 2010, 18:56

Dekabrın 23-də İstanbulda, “Çırağan” sarayında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XI Sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də sammitdə iştirak edib. Türkiyə Prezidenti Abdullah Gül zirvə toplantısında iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb.
2009-cu ilin martında Tehranda keçirilmiş X Sammitdən sonra İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik edən İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad zirvə görüşünü açıb. İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik İrandan Türkiyəyə keçib.

Türkiyə Prezidenti Abdullah Gül Sammitdə çıxış edib. A.Gül bildirib ki, İƏT-ə üzv olan dövlətlər öz bölgələrində iqtisadi əməkdaşlığı artırmaq və dəstəkləmək üçün davamlı olaraq siyasi dialoq aparmalıdırlar. Onun sözlərinə görə, 2015-ci ilin strateji planında yer alan hədəflərə çatmaq üçün əlavə tədbirlərin görülməsi məsələsində əhatəli iş görmək üçün Ağsaqqallar Şurasının yaradılmasına dair təkliflərinin qəbul olunmasından məmnundur.
O bildirib ki, şuranın tez bir zamanda təşkil edilərək işə başlamasını və təkliflərin 2011-ci ilin birinci yarısında üzv ölkələrə çatdırılmasını əhəmiyyətli hesab edir.

Sammitdə Azərbaycan prezidenti İlham Əliyev də çıxış etdi. O öz çıxışı zamanı diqqətləri Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinə yönəldib. Prezident deyib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Ölkə başçısı Qarabağ münaqişəsinin bölgədəki iqtisadi planların həyata keçirilməsinə mane olduğunu vurğulayıb.

"Həllini gözləyən problemlər, münaqişələr, təkliflər bizə tam şəkildə imkan vermir ki, istədiyimizə nail ola bilək. Hər bir ölkənin uğurlu siyasi-iqtisadi inkişafı sabitlik şəraitində mümkündür. Azərbaycanda siyasi sabitlik artıq çoxdan bərqərar olunub, ancaq həll edilməmiş münaqişələr, Azərbaycan torpaqlarının 20 faizinin hələ də Ermənistanın işğalı altında qalması böyük regional təhlükədir və təhlükə mənbəyidir. Azərbaycanlılara qarşı Azərbaycanın əzəli torpaqları olan Qarabağ və onun ətraf bölgələrində etnik təmizlənmə siyasəti aparılıb. 1 milyondan artıq azərbaycanlı öz doğma torpaqlarında qaçqın və köçkün vəziyyətinə salınıb".
İlham Əliyev deyib ki, Azərbaycan bu vəziyyətlə barışmayacaq və ərazi bütövlüyünü bərpa edəcək. Prezident Azərbaycanın hələlik məsələni danışıqlar yolu, sülh yolu ilə həll etməyə çalışdığını vurğulayıb.

Sammitin yekununda dövlət başçıları İstanbul bəyannməsini qəbul edəcəklər.

İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Təşkilat 1993-cü ildə BMT-də, bir il sonra isə İslam Konfransı Təşkilatında müşahidəçi statusu alıb. Əfqanıstan, Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan, Tacikistan, Türkiyə və Türkmənistanın üzvü olduğu təşkilatın IX Sammiti 2006-cı ilin mayında Bakıda, X Sammiti isə ötən il Tehranda keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır