Modern.az

Bakıda plov festivalı: ADU 55 plov növünü nümayiş etdirəcək

Bakıda plov festivalı: ADU 55 plov növünü nümayiş etdirəcək

24 Dekabr 2010, 12:12


Dekabrın 25-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində  (İRK) plov festivalı keçiriləcək.  Festivalda ADU-nun rektoru, professor, millət vəkili Səməd Seyidov, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun, Folklor İnstitutunun, YAP-ın Nəsimi rayon təşkilatının, Mədəniyyət və Turizm nazirliyinin və ölkəmizdə fəaliyyət göstərən səfirliklərin nümayəndələri, universitetdə çalışan əcnəbi müəllimlər də iştirak edəcək.
Bununla yanaşı, tədbirə  Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov, akademik Teymur Bünyadov da qatılacaq.
Modern.az-ın məlumatına görə, ADU-nun akt zalında keçiriləcək mərasimin bədii hissəsində  ADU-nun rektoru S. Seyidov  Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik nitqi ilə çıxış edəcək. Festivalda Regionşünaslıq kafedrasının müəllimi Təranə Quluzadə “Düyü və onun yayılma arealı”,  həmin kafedranın müəllimi Rəna Rəcəbli “Azərbaycanda çəltikçilik tarixindən” və sözügedən kafedranın müdiri, dosent Sevdagül Əliyeva  isə “Azərbaycan mətbəxinin şahı” adlı təqdimatlarla  çıxış edəcəklər.  Məruzələrdə düyünün vətəni, növləri və bəzi xalqların qidasınını əsasını təşkil etdiyi haqqında,  plov sözünün hərfi və lüğəti mənası, plovun yaranma tarixindən, eləcə də  Azərbaycanda çəltikçilik tarixindən bəhs ediləcək.   

Tədbirdə tələbələrin ifasında musiqi nömrələri də səslənəcək.  

ADU-nun İRK-də  keçiriləcək festivalın növbəti hissəsində isə  Azərbaycan mətbəxinin şahı sayılan  plovun 55 növü  tədbir iştirakçılarına təqdim ediləcək və hazırlanma texnologiyası haqqında məlumat veriləcək. Bununla yanaşı, iştirakçılar plovun  “Buta” adlı yeni növü və Azərbaycan bayrağı formasında hazırlanan “Bayraq” plovu  ilə də  tanış olmaq imkanı əldə edəcəklər.

“Dadlı hissə” adlanan son hissədə isə ADU Müəllim Azad Həmkarlar Komitəsinin dəstəyi ilə 300 nəfər üçün nəzərdə tutulan  müxtəlif plov növlərindən hazırlanmış ziyafət süfrəsi açılacaq.

Qeyd edək ki, festival ADU-nun Regionşünaslıq kafedrasının, İRK-nın Folklor Mərkəzinin və  ADU Müəllim Azad Həmkarlar Komitəsinin təşkilatçılığı ilə baş tutacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir