
100 ildən çox tarixə malik Azərbaycan Həmkarlar İttifaqları respublikamız müstəqillik qazandıqdan sonra yeni mərhələyə qədəm qoydu. Cəmiyyətin bütün ictimai-siyasi sahələrində olduğu kimi, həmkarlar ittifaqlarında da islahatların aparılması və demokratik həmkarlar ittifaqı mərkəzinin yaradılması zərurətə çevrildi. Nəticədə 5 fevral 1993-cü ildə Azərbaycanda fəaliyyət göstərən həmkarlar ittifaqları, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) birləşdilər. Hazırda həmkarlar ittifaqlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu və həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan başqa qanunvericilik aktları ilə tənzimlənir. Bu sənədlərdə həmkarlar ittifaqlarının istehsal və qeyri-istehsal sahələrində çalışan işçilərin, pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial və iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən, dövlət orqanlarından, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmadan fəaliyyət göstərən müstəqil, ictimai və qeyri-siyasi təşkilat olduğu öz əksini tapıb. Nəticədə həmkarlar ittifaqlarının dövlət və təsərrüfat orqanlarından asılılığı aradan qaldırılıb, bütün strukturlarında, inzibati amirlik sisteminə son qoyularaq sahə məsələlərinin həllində həmkarlar ittifaqı təşkilatlarının və orqanlarının müstəqilliyi təmin edilib, əmək, sosial-iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında həmkarlar ittifaqlarının hüquqları tanınıb.
Bundan başqa, Azərbaycan Həmkarlar İttifaqları beynəlxalq həmkarlar ittifaqları hərəkatının tərkib hissəsinə çevrilib. Bütün bunlar respublikada həmkarlar ittifaqı hərəkatının inkişafına stimul yaradaraq işçilərin social- iqtisadi hüquqlarının müdafiəsini daha səmərəli formada həyata keçirməyə imkan yaradıb. Hazırda AHİK 18610 həmkarlar ittifaqı təşkilatını, 26 sahə həmkarlar ittifaqı birliklərini özündə birləşdirir. Onun üzvlərinin ümumi sayı isə 1,6 milyon nəfərdir.
Həmkarlar təşkilatları olan yerdə bədbəxt hadisələrin sayı aşağıdır
Ümummilli Lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasına sadiq olan ölkə Prezidenti İlham Əliyevin həmkarlar ittifaqlarının sosial-iqtisadi məsələlərlə bağlı mövqeyini dəstəkləməsi və bu sahədə mühüm qərarlar qəbul etməsi həmkarlar ittifaqlarının inkişafında xüsusi rol oynayıb. “Əminəm ki, həmkarlar ittifaqları cəmiyyətdə əməkdaşlıq ruhunun bərqərar olması, sosial ədalət prinsiplərinə əməl edilməsi, bazar iqtisadiyyatı şəraitində işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlərlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində çox işlər görə bilər”,- dövlət başçısı deyib.
Bu sahədə Həmkarlar İttifaqları Konfederasiyası doğurdan da böyük işlər görür. Ölkə iqtisadiyyatında çalışan işçilərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında Azərbaycan hökuməti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında üçtərəfli Baş Kollektiv Sazişlər imzalanıb. Sazişə əsasən əmək haqlarının, minimum əmək haqqı məbləğinin, yaşayış minimumu məbləğinin, ehtiyac meyarı məbləğinin artırılması, əmək bazarının inkişafı, mövcud iş yerlərinin saxlanılması, yeni iş yerlərinin açılması, əmək şəraitinin yaxşılaşdırılması, sosial adaptasiyaya ehtiyacı olan təbəqələrin müdafiəsinin təşkil olunması, əhalinin məşğulluğunun təminatları, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi və sairə məsələlər barədə tərəflər öhdəliklər qəbul edib və bu gün onlar uğurla həyata keçirilir. Bundan başqa, həmkarlar ittifaqlarının bacarığı və fəallığı sayəsində ötən il işəgötürənlərlə 11890 kollektiv müqavilə və 130 saziş bağlanıb. Amma kollektiv müqavilələrin və kollektiv sazişlərin imzalanması ilə iş bitmir. Həmkarlar ittifaqları onların yerinə yetirilməsinə öz səlahiyyətləri daxilində qanunvericiliyə uyğun olaraq nəzarət edirlər. Onlar iş yerlərində işçilərin əməyinin mühafizəsini tənzim edən qanunvericiliyə, istehsal zədələri nəticəsində əmək xəsarətinə görə zərərin ödənilməsinə, əmək şəraiti, istehsal sanitariyası normalarına işəgötürən tərəfindən əməl edilməsinə nəzarətin həyata keçirilməsində fəal iştirak edirlər. Məsələn, son illərdə həmkarlar ittifaqları əməyin mühafizəsi və təhlükəsizlik məsələləri üzrə 20-dən artıq qanunverici və normativ aktların hazırlanmasında və təkmilləşdirilməsində iştirak edib. Sahə həmkarlar ittifaqı komitələrinə əməyin mühafizəsi məsələləri üzrə kollektiv müqavilə və sazişlərdə əksini tapan məsələlər üzrə tədbirlərin hazırlanmasına dair kömək göstərilib. Görülmüş işlər nəticəsində əməyin mühafizəsi tədbirlərinin yerinə yetirilməsinə, o cümlədən əmək şəraitinin yaxşılaşdırılmasına, xüsusilə fərdi mühafizə vasitələrinin alınmasına xərclərin məbləği 50 faiz artıb. Təkcə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə və müəssisələrində çalışanların sosial rifahının yaxşılaşdırılması məqsədi ilə 2007-2010-cu illər üçün ayrılmış 460,5 milyon manat vəsaitin təxminən 30 faizi işçilərin əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına sərf olunub. Azərbaycan Dəmir Yollarında işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılmasına 20 milyon manat xərclənib. 2010-cu ildə 25 sahə və 1 ərazi həmkarlar ittifaqı orqanlarının texniki əmək müfəttişlərinin iştirakı ilə əməyin mühafizəsi və istehsalat zədələnmələrinin qarşısının alınması məqsədilə 676 müəssisə və təşkilatda yoxlama aparılıb. Nəticədə sanitar qaydalara, istehsalat sanitariya və gigiyena normalarına və ekoloji təhlükəsizliyin tələblərinə əməl olunmaması üzrə 3039 fakt müəyyən edilib. Eyni zamanda, texniki müfəttişlər tərəfindən aşkar olunan pozuntuların 84,4 faizinin (2566) aradan qaldırılması təmin edilib. Bunlara baxmayaraq bəzi istehsal zədələrinin gizlədilməsi halları baş verir. İşəgötürənlər qeyri-rəsmi şəkildə işçi ilə əlaqə yaradır, onlara sosial təminatları ilə bağlı problemlərini həll edəcəklərinə söz verirlər. İnsanlar da hüquqlarını bilmədikləri üçün inanırlar. Bu adamlar sonradan əmək əlillərinə çevrilir və öz hüquqlarını tələb edə bilmirlər.
Həmkarlar İttifaqları Konfederasiyası bu neqativ hallara qarşı da mübarizə aparır. «İş başında ölüm hadisəsi ən çox tikintidə baş verir. 2011-ci ilin 10 ayında bu sahədə 20 ölüm hadisəsi qeydə alınıb. Hadisələrdən biri Həmkarlar İttifaqları Konfederasiyasına daxil olan şirkətdə baş verib. Ikinci ən çox ölüm hadisəsi mədən sənayesində baş verib və 16 nəfər ölüb. Üçüncü yerdə emal sənayesi durur. Bu sahədə 15 itki var. Sonra nəqliyyat və anbar sahələri gəlir. Bu sahələrdə 13 nəfər iş başında ölüb. Həmkarlar təşkilatları olmayan sahələrdə ölüm halları daha çox olur»,- Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib. Onun sözlərinə görə, daş karxanalarında insanlar istismar edilir: “Bu sahədə xüsusi tədbirlər görülməlidir».
S.Mehbalıyev qeyd edib ki, Konfederasiya bütün müəssisələrdə həmkarlar təşkilatlarının yaradılmasına çalışır: «Həmkarlar təşkilatları olan yerdə xəsarət və ölüm halları, bədbəxt hadisələrin sayı qat-qat aşağıdır. Çünki həmkarlar təşkilatı olan müəssisələrdə işçinin hüquqlarını özündə əks etdirən kollektiv müqavilələr bağlanılır. Bu da neqativ hadisələrin sayının azalmasına səbəb olur».
Həmkarlar ittifaqlarının olduğu müəssisələrdə xəsarət və ölüm hadisələri zamanı normal kompensasiya da ödənilir. Çünki onlar səlahiyyətlərinə uyğun işçilərin sosial və iqtisadi müdafiəsi, həyat səviyyəsinin əsas meyarları, qiymət əmsallarının dəyişməsindən asılı olaraq kompensasiyaların məbləğlərinin müəyyən edilməsi üzrə plan və proqramların hazırlanmasında, qanunvericiliklə müəyyən edilmiş dolanacaq minimumunun gözlənilməsinə, qiymətlərin artımından asılı olaraq əmək haqqının, pensiyaların, təqaüdlərin, müavinətlərin miqdarının vaxtında artırılmasına nəzarət edilməsində iştirak edirlər.
İşçilərin əmək hüquqları qorunur
Həmkarlar ittifaqları işçilərin əmək hüquqlarının müdafiəsində böyük rol oynayırlar. Onlar öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər. İşəgötürənin təşəbbüsü ilə müəssisənin və ya onun struktur bölmələrinin ləğv edilməsi istehsalın tamamilə və ya qismən dayandırılmasına, iş yerlərinin ixtisarına və ya əmək şəraitinin pisləşməsinə səbəb ola bilərsə, belə tədbirlər qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müvafiq həmkarlar ittifaqlarını azı üç ay qabaqcadan xəbərdar etmək və işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparmaqla həyata keçirilir. Belə olan hallarda həmkarlar ittifaqları öz səlahiyyətləri daxilində qanunvericiliyə əməl olunmasına nəzarət edirlər. Təkcə 2010-cu ildə Azərbaycan Həmkarlar İttifaqlarına ümumilikdə daxil olan 158627 ərizə-şikayətin 98,5 faizi işçilərin mənafelərinə uyğun olaraq, öz müsbət həllini tapıb. Rəhbər işçilər tərəfindən 17854 nəfər qəbul edilib. Həmkarlar ittifaqları öz üzvləri ilə işəgötürən arasındakı fərdi əmək mübahisələrini səlahiyyətləri dairəsində həll edib, kollektiv əmək mübahisələrinə (münaqişələrə) baxılmasında iştirak ediblər.
Qanunsuz olaraq işdən kənarlaşdırılmış 102 nəfər işçinin hüquqları həmkarlar ittifaqının müdaxiləsindən sonra, 10 nəfər işçinin hüquqları isə həmkarlar ittifaqının nümayəndələrinin iştirakı ilə keçirilən məhkəmələrdə bərpa olunub. Xatırladaq ki, işəgötürən həmkarlar ittifaqına üzv olan işçini işdən çıxarmaq üçün həmkarlar təşkilatından yazılı icazə almalıdır. Yəni, işəgötürən həmkarlara müraciət etməli, öz növbəsində həmkarlar təşkilatı 10 gün ərzində öz rəyini bildirməlidir. Məsələn, Azərbaycan Dəmir Yolunda təşkilati dəyişiklik baş verəndə – təşkilat Səhmdar Cəmiyyətə çevriləndə orada işçilərin bir hissəsinin ixtisarı məsələsi ortaya çıxmışdı. Onda bu maddənin köməyi ilə onlar işdə saxlanılıb. Nəticədə, ixtisara düşənlər çox az, əsasən də pensiya yaşını keçənlər olub. Bu hüquq qanunda da öz əksini tapıb.
Ümumiyyətlə, 2010-cu il ərzində işəgötürənlərin həmkarlar ittifaqlarına müraciət etmələrinə baxmayaraq, həmkarlar ittifaqları tərəfindən 452 nəfərin işdən çıxarılmasına razılıq verilməyib. Cari ilin 6 ay ərzində isə həmkarlar ittifaqlarına 400 mindən artıq ərizə və şikayətlər daxil olub ki, bunların da 85 faizi müsbət həllini tapıb.
Göründüyü kimi həmkarlar təşkilatlarının olduğu müəssisə və təşkilatlarda işçinin işdən çıxarılması, onların hüquqlarının pozulmasının qarşısı vaxtında alınır. Xarici şirkətlərin də özbaşnalığının qarşısının alınmasında həmkarlar təşkilatlarını önəmli rol oynayır. Bu günədək bəzi transmilli şirkətlərlə, o cümlədən «McDonalds», «Coca-Cola» və «Pepsi-Cola» şirkətləri, eləcə də «Bakcell» və «Azercell»lə bu problem yaşanıb. Xarici şirkətlərdə ən çox pozuntu halları isə işçilərin normadan daha çox vaxt işlədilməsi, daha az məzuniyyət günü verilməsi ilə bağlı olub. Digər tərəfdən gecə növbələri, bayram günləri və uzadılmış iş növbələri zamanı onların əmək haqlarının düzgün hesablanmaması kimi neqativ hallar müşahidə edilir. «Belə vəziyyətdə həmkarlar təşkilatları işçilərlə işəgötürən arasında körpü rolunu oynamalıdır: Çünki işçinin öz tələblərini xarici menecerə çatdırmaq imkanı azdır - həmkarlar təşkilatı isə bunu edə bilərlər»,- Konfederasiyasının sədr müavini Aqil Dadaşov deyib.
Həmkarlar ittifaqlarının səlahiyyətləri isə buna imkan verir. Çünki onlar işəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var. İşəgötürən bu tələblərə baxmağa və nəticələri barədə müəyyən edilmiş müddətdə, lakin bir aydan gec olmayaraq həmkarlar ittifaqına məlumat verməyə borcludur.
Müəssisənin (filialın, nümayəndəliyin, şöbənin və digər əlahiddə bölmənin) rəhbəri və onun müavinləri əmək qanunvericiliyini pozduqda, qüvvədə olan kollektiv müqavilənin (sazişin) şərtlərini (təəhhüdlərini) yerinə yetirmədikdə həmkarlar ittifaqları onların intizam məsuliyyətinə cəlb edilməsi barədə buna səlahiyyəti olan orqanlar qarşısında məsələ qaldıra bilərlər. Deməli, xarici şirkətlərdə müqavimətlərə baxmayaraq həmkarlar təşkilatları hökmən yaradılmalıdır. Konfederasiya da bu istiqamətdə uğurlu işlərini davam etdirir. Bundan başqa, xarici ölkədə işləyən azərbaycanlı işçilərin hüquqlarının müdafə edilməsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasyası yaxından iştirak edir.
Pünhan Əfəndiyev
Yazı «Azərbaycan Həmkarlar İttifaqlarının həyatından bəhs edən ən yaxşı yazı, tele-radio süjeti» respublika müsabiqəsinə təqdim edilir