Modern.az

Hörmət “hörmət”ə bağlıdır

Hörmət “hörmət”ə bağlıdır

20 Dekabr 2011, 15:05

Son günlər belə bir qənaətə gəlmişəm ki, dünyada “hörmətli” insanlar ən çox Azərbaycandadır. “Hörmətli”lər isə məmurlar, polislər, tələbələrə pulla qiymət yazan universitet müəllimləri, xəstəyə dərman yazan həkimlərdir. Siyahını bir qədər də uzatmaq mümkündür...

Sonra da deyirik ki, bizdə məmura, polisə, müəllimə, həkimə hörmət qoyan yoxdur. Bu da nümunələr ... Məmura işin düşür, səni o qədər get-gələ salır ki, məcbur olub “hörmət” edirsən ki, işlərini tez bir vaxtda yoluna qoysun. Və ya polisə işin düşür, “hörmət” edirsən ki, səni çək-çevirə salmasın... Bir sözlə, işin uzanmasın. Yaxud tələbəsənsə, özünü yorub kitabları bir-bir oxumaq istəmirsən. Müəllimə “hörmət” edirsən, səni imtahandan keçirir. Bununla da tələbələrdən imtahanlara görə, “hörmət alan” müəllim olur “hörmətli müəllim”.
Əgər müqayisə aparsaq, belə bir sual ortaya çıxar. Görəsən, tələbəyə vicdanla qiymət yazan, tənbəl tələbənin “hörmət” üçün müraciət etməyə çəkindiyi, bir sözlə “hörmət”dən imtina edən müəllimləri necə adlandıraq, “hörmətsiz müəllim”?!
Düşünürəm ki, bu nümunələr bizim nə qədər “hörmətsevər” xalq olduğumuzu sübut etməyə kifayət edər. Bizim cəmiyyətdə hörmət “hörmət”ə bağlıdır. “Hörmət” etməsən, sənə kömək edən olmayacaq və işlərin axsayacaq.

İndi görün, rüşvəti el arasında “hörmət” adlandırmaqla, hörmət sözünü nə qədər ucuzlaşdırmışıq və aşağılamışıq. “Hörmət” sözü özünün həqiqi mənasında şəxsiyyətə hörmət, kiməsə sayğılı münasibətdir. “Rüşvət” isə ərəbcə hər hansı bir işin qanundankənar, asan və tez həll edilməsi üçün verilən söz, pul, əşya və s.-dir. “Rüşvət”i “hörmət”lə eyniləşdirmək və ya “hörmət”ə sinonim söz kimi işlətmək isə hörməti hörmətsizləşdirməkdir. 

Hər rüşvət alan adam “hörmət alan adam”dır, amma, özünə hörmət edən insan deyil. Bəzən elə vəziyyətə düşürsən ki, səndən rüşvət tələb edilərkən, cibində pul olmadığına görə, utanır, xəcalət çəkirsən. Rüşvət istəyən yox, rüşvət verməyə pulun olmadığı üçün sən utanırsan.

Hələ XVI əsrdə yaşamış dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “salam verdim, rüşvət deyil deyə, almadılar” ifadəsi bu gün üçün də keçərlidir, aktualdır. Deməli, ötən 4 əsrdə rüşvəti yox etmək əvəzinə, onun yeni formalarını yaratmışıq. Allah bizi bizdən qorusun!

Gülnarə Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!