Modern.az

Çəkisi 45 kq-dan, boyu 150 sm-dən az olan çağırışçılar əsgər aparılmırlar

Çəkisi 45 kq-dan, boyu 150 sm-dən az olan çağırışçılar əsgər aparılmırlar

7 Yanvar 2010, 11:59

Yanvarın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlanıb. Çağırış günü üçün 18 yaşı tamam olan, habelə 1975-1991-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları yanvarın 30-dək həqiqi hərbi xidmətə çağırılırlar.

Modern.az-ın məlumatına görə, Müdafiə Nazirliyi Tərbiyəvi İşlər İdarəsinin nəzdində hərbi çağırışçıların valideynləri, yaxınlarının şikayət və narazılıqlarını araşdırmaq üçün işçi qrup fəaliyyət göstərir.
İşçi qrupla 439-23-76, 438-61-31, 438-61-74 nömrələrinə zəng vurmaqla əlaqə saxlamaq olar.
Nazirliyin Təşkilat Səfərbərlik İdarəsinin nəzdində «qaynar xətt» fəaliyyət göstərir. Vətəndaşlar  «qaynar xətt»lə (438-61-10, 439-23-55, 439-90-28, 439-55-14) əlaqə saxlayıb övladlarının hansı hərbi hissədə xidmət edəcəyini əvvəlcədən öyrənə bilirlər.
Müdafiə Nazirliyindən verilən məlumata görə, çağırış prosesində hərbi xidmətə yararlı olmayan 18 yaşlı gəclərlə bağlı məsələlər diqqətlə araşdırılır. Belə gənclər arasında boy və çəkisinə görə hərbi xidmətə yararlı olmayanlar da var.
Respublika Hərbi Komissarlığının II şöbəsindən saytımıza bildirilib ki, mövcud qanunvericiliyə görə, çağırış yaşlı vətəndaşın boyu 150 sm-dən, çəkisi isə 45 kq-dan aşağı olarsa, o, hərbi xidmətə yararlı sayılmır: «Əgər çağırış yaşlı gəncin bu iki parametrdən biri üzrə fiziki göstərici normaya uyğun gəlmirsə, onu hərbi xidmətə aparmırlar».
Respublika Hərbi Komissarlığından deyiblər ki, belə gənclərə hər çağırış prosesi başlayan zaman çağırış vərəqəsi göndərilir ki, onların boyu və bədən çəkisinin artıb-artmadığı öyrənilsin.
Dövlət Statistika Komitəsinin məlumatına görə,  respublika üzrə 16-19 yaşlı oğlanların 5,4 faizinin bədənlərinin çəkisi normadan az, 21,9 faizin bədən çəkisi normaya yaxın, 70,6 faizinki normaldır. Bu yaşda olan oğlanların 2,1 faizinin bədənlərinin çəkisi piylənmə ərəfəsindədir. 20-29 yaşlı oğlanlar üzrə isə 0,6 faizin çəkisi normadan az, 7,1 faizin çəkisi normaya yaxın, 85,4 faizin çəkisi normal, 6,3 faizinki isə piylənmə ərəfəsindədir. 20-29 yaşlı oğlanların 0,6 faizi həddən artıq piylənib.   
Komitənin məlumatına görə, 16-19 yaşlı oğlanlarda orta boy 164,5 sm, 20-29 yaşlılarda isə 171,2 sm-dir. Bədənin çəkisinin orta əmsalı hesablanarkən çəki boyun metrlə ifadəsinin kvadratına bölünür. Məsələn, boy 175 sm, çəki 70 kq-sa, onda bədənin çəkisinin orta əmsalı 70 : (1,75)2 = 70 : 3,06 = 22,88 düsturu ilə hesablanır.
Ümumdünya Səhiyyə Təşkilatının normalarına görə alınan nəticə 18-dən azdırsa, çəki həddən artıq azdır, nəticə 18-20 olarsa bu, normaya yaxın, 20-27 normal çəki, 27-30 piylənmə ərəfəsi, 30-dan yuxarı həddən artıq piylənmə sayılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!