İradə Məmmədxanova: “Həmin şəklimizə kim baxdısa, dedi ki, yəqin, sizə elə o vaxtdan göz dəydi”
Qızı Mədinə: “Onu yuxuda bir də görsəm, deyərəm ki, ata, sənin üçün çox darıxıram, geri qayıt”
Bu gün Anar Məmmədxanovun doğum günüdür. Sağ olsaydı mərhum 43 yaşını qeyd edəcəkdi. Heç vaxt ağlıma da gəlməzdi ki, “KVN” kapitanının evinə gedib onun haqqında ailəsinin xatirəsini bölüşəcəyəm. Ölüm xəbərini eşitdiyim gün necə dəhşətli idisə, elə bu gün də onun haqqında danışmaq, xatirələri bölüşmək mənim üçün çox çətin idi. Bütün müsahibə boyu gözləri yaşla dolan xanımı İradə Məmmədxanovayla necə söhbət edəcəyimi, necə başlayacağımı bilmirdim. Çünki evdəki fotodan gülərək baxan Anar Məmmədxanov sanki həmişəki, zarafatlarından birini edirdi...
Beləliklə, Modern.az sabiq millət vəkili, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovun həyat yoldaşı İradə xanımla müsahibəni yenidən oxuculara təqdim edir:
– İradə xanım, bildiyimə görə bir dəfə bu evdən köçüb bağa getmək istəmisiniz. Amma görünür xatirələr qoymayıb...
– Bu evdə 2004-cü ildən yaşayırıq. Bir dəfə uşaqlara dedim ki, bəlkə biz bağa köçək. Çünki bu evdə hər şey, hər an Anarı xatırladır. Heç biri razılaşmadı. Dedilər ki, “yox, biz başqa yerə gedə bilmərik”. Çünki hər şey ataları ilə bağlıdır. Bu ev onlar üçün ona görə də qiymətlidir. Bu evdə onlar Anarı görürlər.
– Deyirlər, mərhum ev məsələsində də həmişə sizə güvənib...
– Bəli, elədir. Anarın işləri həmişə çox idi. Evin dizaynın tərtib edilməsində, hər bir əşyanın seçilməsində yük mənim boynuma düşürdü. Onun buna nə vaxtı, nə də marağı var idi. O, maddiyyat adamı deyildi. Ona yüksək səviyyəli şəraitin olması da lazım deyildi. Həmişə fəxr edirdi ki, mənim kimi həyat yoldaşı var. Ona görə də qonaqlara evimizi təqdim edəndə deyirdi ki, “hər şeyi İradə edir, məndən ancaq pulu istəyir, başqa heç nə istəmir, mən də onun işlərinə qarışmıram”.
– Övladlarınızın indi neçə yaşı var.
– İslamın 19, Məryəmin 16 , Mədinənin isə 11 yaşı var.
– Özünüz hazırda nə işlə məşğulsunuz?
– Mən həkiməm. Tibb Universitetində dəri-zöhrəvi xəstəliklər kafedrasında dərs deyirəm. Habelə “Şərq çırağı” uşaq yaradıcılıq mərkəzinin rəhbəriyəm. Bu mərkəzi yaratmaq istədikdə Anar mənə dəstəkçi oldu. O mənə qarşı həmişə bu cür münasibət göstərib. Məncə, o, məni öz yoxluğuna da hazırladı.
– Siz yəqin ki, “KVN”nin konsertlər qabağı məşqlərində də iştirak etmisiniz...
– Əlbəttə, 1991-ci ildə Anarla nişanlı idik və həmişə Moskvada oyunlar olanda bir yerdə gedirdik. Valideynlərim də bilirdi ki, biz bir komandayıq. Hətta ad günlərində də Anar və dostları yığışıb bizə gəlirdilər.
– “KVN”in oyunlarında iştirak etmisinizmi?
– Moskvada olanda iki dəfə tamaşaçı kimi Anargilə getdim. Komandanın o biri üzvlərindən kiminsə bacısı, kiminsə həyat yoldaşı da orada idi. Yadımdadır, biz “İzmaylovo”da qalanda hər gün orada məşq olurdu. Bir gün məşqə tamaşa etməyə gələrkən gördüm ki, Anar zalda yoxdur, harasa iş dalınca gedib. Rejissor mənə yaxınlaşıb dedi ki, “sən kimsən?”. Dedim, adım İradədir. Amma demədim ki, Anarın nişanlısıyam. Dedi, “niyə məşqə qatılmamısan? Dur ayağa, indi sənə bir mətn verəcəyəm. Onu çıxıb deməlisən”. Sonradan bildim ki, Bakıdan Moskvaya gedən qızlardan birinə rejissor əsəbiləşib və onun yerinə məni seçib. Komandanın uşaqları da dedi ki, “nə olar, dur bizə qoşul”. Çıxışım rejissorun xoşuna gəldi. Dedi ki, “vəssalam, tamaşa günü səhnəyə çıxacaqsan”. Əsas məsələ bunu Anara necə deməyimdə idi. Öz-özümə deyirdim, birdən Anarın xoşuna gəlməz, deyər ki, sənin orada nə işin var, niyə səni seçdilər... “KVN”çi uşaqlar dedi ki, “sən dinmə, biz özümüz məsələni Anara izah edərik”. Elə də oldu. Çıxışım çox uğurlu alındı və Aleksandr Maslyukov çıxışıma yüksək qiymət verdi. Yəni sonda Anarın üzünü səhnədə qara etmədim.
– Anar Məmmədxanova tanışlığımız necə olub?
– Biz ayrı-ayrı məktəblərdə oxumuşuq. O, 160 nömrəlidə, mən 6 nömrəli məktəbdə. Ümumi rəfiqəmiz var idi. Həm Anarla, həm də mənimlə dostluq edirdi. Və belə alındı ki, Anar ilə rəfiqəmin evində keçirilən ad günündə tanış olduq. Və bundan sonra dostluğumuz başladı. 17 yaşımızdan. Mənim də, Anarın da dostları çox idi. Və sonradan ətrafımız birləşib böyüdü. Hətta elə oldu ki, mənim rəfiqəmlə Anarın dostları ailə həyatı qurdular. Həyat nərdivanını bir yerdə getdik. 1993-cü ildə, 23 yaşımız olanda ailə həyatı qurduq. Bir-birimizin hər bir işindən xəbərlərimiz var idi. Ailə həyatımızın uğurlu olmasına səbəb o idi ki, əvvəlcədən dostluq etdik, sonradan sevgili olduq. Həm də maraqlarımız üst-üstə düşürdü. Məncə, ailə həyatında ən əsası odur ki, ümumi vurğular olsun. Yəni biri var çox vacib bir şey, biri də var qiymətli bir şey. Əgər cütlüyün vurğuları ayrıdırsa, deməli, onlar bir-biri ilə təmasda ola bilməzlər. Ona görə Anarla həyatda, insan amilində vurğu ümumi idi. Həm yüngül idi, həm rahat. Kimsə deyir ki, ailədən bezdim, gedim iki gün dincəlim. O şeylər bizdə yox idi. Nə uşaqlarımızdan, nə də ki bir-birimizdən bezdik.
– Eşitdiyimə görə, səhhətinə görə çox narahat olan insan idi. Adi barmağı da ağrıyanda bunu dostlarına bildirərmiş...
– O hər il iki dəfə müayinədən keçirdi. İstəyirdi ki, həkim ona desin ki, səndə hər şey yaxşıdır. Həmin an mənə və dostlarına zəng edərdi ki, “hər şey yaxşıdır. Sizdə yığışın-gəlin burada müayinədən keçin, sonra rahat yaşayın”. Həmişə də deyirdi “gəl sən də müayinəyə get”.
Evdə də boş vaxtı olanda kitab oxumağa xoşlayardı. Uşaqlıqdan belə bir rejimdə idi ki, gecələr pis yatırdı. Xoşlayardı səhərlər yatsın. Gecələr sübhədək kitab oxuyurdu. Sevdiyi şeylərdən biri də piyada gəzmək idi. İndi mən özümü həmin rejimə salmışam. Nə qədər yorğun da olsam, axşamlar piyada gəzməyi xoşlayıram. Yəqin, sağ olsaydı indi bir yerdə gəzərdik. (kövrəlir)
– Səhhətindən necə, şikayət etmişdimi əvvəllər?
– Yox, bircə uşaqlıqdan mədə-bağırsaq sistemində problemi var idi. Ukraynaya gedəndə orada müayinə olunardı. Mart ayında mədəsində ağrı tutmuşdu. İndi fikirləşirəm ki, bəlkə də ürəyi ağrıyırmış, biz başa düşməmişik. Çünki ürəkdən heç vaxt narazılıq etmirdi və təzə müayinədən gəlmişdir.
Rəhmətə gedən günü evdə tək idi. Axşam toya gedəcəkdi. Mən də, uşaqlar da işimiz var deyə, tələsik evdən çıxdıq. Heç sağollaşa da bilmədik. O gün heç normal söhbət etməyə də vaxt olmadı. Saat 2-dən 5-ə işləmişə qədər evdə tək olub. Sürücüsü evə gələndə Anarı divanın qarşısında yerdə, huşsuz vəziyyətdə uzanmış görüb. Əvvəlcə nə baş verdiyini anlamayıb. Mənə zəng vurdu. Tapşırdım ki, təcili yardım çağır. Yaxında olduğuma görə özümü tez evə yetirdim. Nəbzini tutdum, gördüm bədəni istidir. Ağlıma da gətirmədim ki, o ölə bilər. Məndən bir neçə dəqiqə sonra həkimlər gəldilər. Amma artıq gec idi. Həmin anı təsəvvür belə etmək istəmirəm. Elə bilirdim ki, onun ardınca hamımız öləcəyik. Onun sonuncu zəngi saat 4:15-də dostuna olub. Nə olubsa, bundan sonrakı müddətdə baş verib.
– Xaraktercə necə, idi, tez cırnayan, impulsiv, yoxsa həlim?
– Çox emosional bir adam idi. Emosiyalarını heç vaxt saxlamırdı. Tez əsəbiləşirdi. Hansısa bir hadisə baş verirsə oturub gözləmirdi ki, onun vaxtı olacaq və ya kimsə ona müraciət etməlidir ki, bir məqalə yazsın. Nə isə baş verirsə, Anar ona reaksiya olaraq məqalə yazırdı. Ona görə də onun bütün məqalələri yerinə düşürdü. Aleksandr Maslyukov ilə axırıncı günlərə qədər sıx dostluq edirdi. O, filmdə də deyir ki, “gözümün qabağından yüzlərlə gənc keçdi. Amma Anar fərqli idi”.
Həmişə deyərdi ki, “gərək mən pulu xərcləyim ki, pul mənə gəlsin”. Pul yığan deyildi. Çoxlu qadın dostları var idi. Amma heç vaxt qısqanmazdım. Açıq insan idi nəyi vardı, üzdə idi.
– Bəs uşaqlara münasibətdə? Yeri gəlmişkən, onların adlarını kim qoyub?
– Birinci uşağın adını Anarın arzusu idi ki, İslam qoysun. Çünki İslam babasının adı idi. O da həkim imiş. Həmişə onunla fəxr edirdi ki, “gör babam neçə adamı o dünyadan qaytarıb”. Babası da Anarın 6 yaşı olanda qəfildən ürək çatışmazlığından rəhmətə gedib. İslam anadan olanda mən ona bir məktub yazdım. Hələ də o kağızı saxlayıram. Yazmışdım ki, çox gözəl İslamımız anadan olub. 3 ildən sonra qızımız Məryəm doğuldu. Ona nənəmin adlını qoyduq. Anarın ölümündən xəbəri olmadan nənəm dünyasını dəyişdi. Ona deməmişdik, çünki Anarı çox istəyirdi.
Biz cavan olanda valideynlərimiz bizə çox deyirdi ki, hər şey qabaqdadır, ali məktəbi bitirməmisiniz, niyə evlənməyə tələsirsiniz. Nənəm dedi ki, niyə belə danışırsınız, onlar bir-birini sevirlər, əgər indi ailə qurmaq istəyirlərsə, qoy evlənsinlər.
Üçüncü uşaq olanda fikirləşdik ki, iki uşağın adına uyğun, həm də tanışlığımıza səbəb olan rəfiqəmiz Mədinənin şərəfinə olsun.
– Deyəsən, ailənin ərköyünü elə Mədinədir?
– İslam və Məryəm olanda ataları da çox cavan idi. İşləri çox olduğundan onlara vaxt ayıra bilmirdi. Amma üçüncü uşaq dünyaya gələndə özü də yaşlanmışdı, həm də uşaqlara qarşı özünü başqa cür aparırdı. Mədinə ilə bir yerdə çox vaxt keçirirdilər. Son zamanlar ata-bala kinolara çox baxırdılar. Mədinə bir az fərqli uşaqdır. Çalışır ki, içində nə hiss edirsə, desin. Atası ilə bağlı nəyisə xatırladıqda həmişə onu mənə danışır. Mədinənin xasiyyəti də atasının xasiyyətinə oxşayır.
– “Kapitan” filminiz çox gözəl alındı...
– Keçən il Moskvaya getdim. Anarla yaxın olan adamlardan müsahibə götürdüm. Rejissor Fuad Şabanovla hər şeyi birlikdə etdik. Anarın adına layiq bir sənədli film hazırladıq. Keçən il onun heykəlinin hazırlanması ilə də bağlı çox çalışdım.
– Bəs özünün “Kubinka” layihəsi niyə üzə çıxmadı?
– Təəssüf ki, Anar vaxtında düzgün adamlarla iş qurmadı. Filmin rejissoru işi yarımçıq qoyub. Onunla 3 dəfə bu şəxsən görüşdüm. Bəlkə də 15-20 dəfə yanına adam da göndərdim. Filmin maliyyəsi tam ödənmişdi. Bircə montaj qalmışdı. İki il keçib, amma o şəxs indiyə qədər vədini yerinə yetirməyib. Bu adam yalançıdır. Nə biləydim ki, axırda belə bir vəziyyətdə qalacam. Biz Anarla bir-birimizin işlərinə müdaxilə etmirdik. Mən Allah şahidiyəm ki, Anar bu layihəyə necə həvəslə girişmişdi. O, günlərlə arxivlərdə eşələnir, materiallar toplayırdı. Film üçün lazımi maliyyə ayırırdı.
– Onun məqalələrindən, köşə yazılarından bir kitab hazırlanması gözlənilirdi. İşlər nə yerdə qaldı?
– Anarın bacısı Nahidə xanım qardaşının bütün yazılarını toplayıb. Belə bir qərara gəldik ki, bu kitabda həm Anarın ideyaları, ona yaxın olan adamların xatirələri əksini tapsın. Bu yaxınlarda çox dəyərli bir publisistə müraciət etdim və o bu işdə iştirakına öz razılığını verdi. İstəyirəm ki, Anarın 45 illiyinə kitab nəşr olunsun.
– İslamın necə, “KVN”ə marağı var?
– İslam biznes-inzibatçılıq sahəsini seçib, indi İqtisadiyyat Universitetində oxuyur. Bir dəfə Məryəmdən soruşdular ki, “KVN”də iştirak edərsən? Dedi ki, “yox, mən atamın səviyyəsinə çata bilmərəm”. Əslində belə də olmalıdır. Uşaqların yolları valideynlərin yolları ilə üst-üstə düşməməlidir. Amma uşaqlarımız uşaqlıqdan yaradıcı uşaqlar idi.
– Bir yerdə olduqda vaxtınızı necə keçirirdiniz?
– Anar da, mən də rəqsi çox sevən insan idik. Onunla tanış olandan sonra “Spantanto” adlı rəqsimiz var idi. Axırıncı dəfə 2011-ci il martın 2-də Ağabəy Sultanovun nəvəsinin toyuna ailəliklə getdik. Həmin toydan olan şəklimizdə kim baxdısa, dedi ki, yəqin, sizə elə o vaxtdan göz dəydi ki, siz 5 nəfər oynayanda tam ayrı bir ab-hava, şəkil yaranmışdı. Deyirdi, nə durub əl çalırsınız, oynayın. Bizim 10 illik yubileyimizi xüsusi təmtəraqla qeyd etdi. 250 yaxın adam yubileyimizdə iştirak edirdi. Anarın bircə mənə gəlinlik geyindirmədiyi qalmışdı. 3 övladımızın olmasına baxmayaraq, məclisdə özümü təzə gəlin kimi hiss edirdim. Heç yadımdan çıxmaz, 35 yaşım olanda mənə sürpriz etmişdi. Bizə demişdi ki, həmin gün, yəni mayın 31 xeyriyyə tədbiri olacaq. Uşaqlarla hazırlaşın, ora gedəcəyik. Bizi restorana apardı, qapı açıldı, bir də gördüm ki, bütün tanışlarımız, Moskvadakı dostlarımız oradadır. Özünün də doğum günlərini qeyd etməyi xoşlayardı. Bağda yığışırdıq. Çox xoş və gözəl günlərimiz var idi. Çox sevirdi ki, məclis qurulsun, süfrə açılsın. Amma 40 illik yubileyini qeyd etmədi, dedi, “bu yaşı keçirməzlər. Eybi yoxdur, əvəzində gələn il daha böyük şənlik təşkil edərik”.
– Milli Məclis, deputatlıq dövrü haqda nə deyə bilərsiniz?
–Uşaqlıqdan siyasətə böyük marağı var idi. Sinif yoldaşları filimdə də danışırlar ki, məktəbdə oxuyanda Zori Balayanın “Ocaq” kitabı çapdan çıxmışdı. İlk dəfə sinifdə Anar bir gecə ərzində onu oxuyub səhər məktəbdə uşaqları başına yığmışdı və demişdi ki, bu kitabın çox pis gələcək vəd edir. Teleaparıcı Mehriban Ələkbərzadə ondan soruşanda ki, sənin üçün ən xoşbəxt dəqiqə nədir, demişdi ki, Azərbaycan bayrağının Şuşada sancılması.
– Dostları ilə əlaqəniz varmı?
– Ətrafımızda çox adam var. Hamı çalışır ki, mümkün qədər Anarı hansısa bir cəhətdə əvəz etsin. Amma bu mümkün olmayan bir şeydir. Dostlardan çox razıyam. O elə bir adam idi ki, ətrafı eyni qalmırdı, həmişə böyüyürdü.
Anar Məmmədxanov həmişə deyərmiş ki, “İslama qəşəngliyimi, Məryəmə ağlımı, Mədinəyə isə xarakterimi verdim”. Onun xasiyyətini daşıyan 11 yaşlı Mədinəndən “atanı necə xatırlayırsan” deyə sual veririk.
Mən atamı xatırlayanda yüngülləşirəm, özümü yaxşı hiss edirəm. Onun haqqında danışanda onu yanımda hiss edirəm. Atamla bir kinoya baxmağı çox sevirdik, bu kinoya dəfələrlə baxmışdıq. Film iki dostdan bəhs edir. Dostların hər ikisi də xərçəng xəstəsidirlər. Dostlardan biri təklif edir ki, onlar ölməmişdən əvvəl bütün dünyanı gəzsinlər, dostlar yola düşürlər. Lakin dostlardan birinin arvadı buna qarşı çıxır. Bir az getdikdən sonra dostlardan biri mübahisə edərək geriyə, ailəsinin yanına qayıtmaq istədiyini deyir. Onlar geri qayıdırlar. Onlar nəyəsə görə mübahisə edirlər yenə, bu arada dostlardan biri ölür, digər dost nə baş verdiyini öyrənmək üçün onun yanına gedir. Onlar bir yerdə ölümqabağı nə etmək istədikləri ilə bağlı siyahı tutmuşdular. Məsələn, paraşütlə tullanmaq, dünyanın ən gözəl qızını öpmək və s. Sağ qalan dost nəvəsinin yanağından öpəndə bu barədə xatırlayır. Sonra o özü də ölür. Dostları qarlı bir dağda yan-yana dəfn edirlər. Onların arzularından ibarət siyahıların da bir qutuya qoyaraq qəbirlər arasında basdırırlar.
– Atan bu filmə dəfələrlə baxmağı niyə belə sevirdi, səncə?
– Bilmirəm, o bu filmi niyə bu qədər xoşlayırdı, sadəcə olaraq bu filmin mənası bizim xoşumuza gəlirdi. Bu iki insanın ölümqabağı fikirləri, hərəkətləri maraqlı idi.
– Heç atanı yuxunda görmüsən?
– Bir dəfə. Mən televizora baxırdım. Birdən atam gəldi. Ona dedim ki, bu sənsən? Dedi ki, “mən deyiləm, sənə elə gəlir ki, sən məni görürsən”.
– Onu yuxuda bir də görsən, nə soruşarsan?
– Deyərəm ki, ata, sənin üçün darıxıram, geri qayıt (ağlayır).
Hamımız balaca Mədinənin göz yaşları qarşısında aciz qaldıq...
– Xatirələrimiz çoxdur. Onun fiziki yoxluğu bizi gerçəklik olsa da, həmişə yanımda hiss edirəm. O, bizdən ayrılmayıb. İndi də həyatımda nə baş verirsə, fikirləşirəm ki, atam o dünyada bununla bağlı düşünür. Atama layiq olmağa çalışıram. Həmişə günümüzün çox hissəsi anamla keçirdi. Atamın çox az vaxtı olurdu, amma bununla belə bizə ən şirin dəqiqələri atam bəxş edirdi.
"Kapitan" filmi