“Qarabağdakı faydalı qazıntı yataqları ilə bağlı Azərbaycan dövləti 2021-ci ilin noyabr ayından yazışmalara başlayıb”.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, özünü "dövlət naziri" elan etmiş şəxsin (Ruben Vardanyan-red) gəlişindən sonra qanunsuz fəaliyyət daha intensivləşib:
“Son 2 ayda intensiv danışıqlar gedib. 3-10 dekabr arasında konkret nəticələr və razılıqlar əldə olunmuşdu, dekabrın 10-da Azərbaycan nümayəndələri yataqlarda monitorinqlər keçirməli idi. Bunun qarşısı bir qrup təxribatçı tərəfindən alındı.
Mən Rusiya xarici işlər naziri ilə telefon danışığım zamanı bu məsələnin necə çözülməli olduğunu müzakirə edərkən ona bir daha xatırlatdım ki, Azərbaycan bu məsələdə son 2 il ərzində konkret sübutlar ortaya qoyub. Laçın yolu ilə bağlı Azərbaycanın öhdəliyi var. Bu yolda təhlükəsiz hərəkətə - həmin ərazidə yaşayan vətəndaşların, yüklərin və nəqliyyat vasitələrinin keçidinə Azərbaycan dövləti zəmanət verir. Üçtərəfli bəyanatda sadəcə sadaladığım 3 kateqoriyaya aid keçid barədə Azərbaycanın öhdəliyi var”.