
Seçki atmosferində prezidentliyə namizədlərin hər biri proqramları, şüarları, çıxışları, görüşləri və s. ilə seçicilərin diqqət mərkəzindədir. Lakin gələcək prezidenti seçəcək vətəndaşları konkret fəaliyyətlə bərabər, həm də namizədlərin şəxsi həyatı maraqlandırır.
Modern.az prezidentliyə namizəd olan şəxslərin hər birinin ailəsi barədə oxucuları məlumatlandıracaq.
Oktyabrın 9-da keçiriləcək prezident seçkilərində namizəd şəxslərdən biri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.
Sərdar Cəlal oğlu Məmmədov 3 iyun 1954-cü ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Cəhri kəndində ziyalı ailəsində anadan olub. İxtisasca məhkəmə-tibbi ekspertidir. 1988-1990-cı illərdə Naxçıvan Xalq Cəbhəsinin təsisçilərindən biri və İdarə Heyətinin üzvü olub, 1991-ci ildə Azərbaycan Demokrat Partiyasını yaradıb. Siyasi fəaliyyətinə görə, 3 dəfə qısa müddətli həbs olunub. Evlidir. Dörd övladı, üç oğlu, bir qızı, yeddi nəvəsi var.
Həyat yoldaşı Fatma Məmmədova ibtidai sinif müəlliməsidir, 1 nömrəli məktəbdə müəllimə işləyir.
Böyük oğlu Tural Məmmədov Sankt-Peterburqda Rusiya Daxili İşlər Nazirliyinin Akademiyasının hüquq fakültəsində təhsil alıb. Norveçdə yaşayır, 2 övladı var, bir qız və bir oğlan.
Digər oğlu Cəlal Məmmədov 2 universitet bitirib. Beynəlxalq hüquq, beynəlxlaq iqtisadi əlaqələr üzrə təhsil alıb. Ailəlidir, bir qızı var və hazırda İngiltərədə yaşayır.
Qızı Tülay Dərbəzova da ailəlidir, iki övladı-bir qızı, bir oğlu var. İngiltərədə yaşayır. Tibb təhsili alır və hazırda İngiltərədə təhsilini davam etdirir.
Kiçik oğlu Cavid Məmmədov Azərbaycanda Sərdar Cəlaloğlu ilə birlikdə yaşayır. Təfəkkür Universitetinin Maliyyə-kredit fakültəsini bitirib. Daimi iş yeri olmasa da dövrü işlərdə çalışır. Ailəlidir, 2 oğlu var.

Böyük oğlu Tural öz oğlu Atilla ilə birgə.

Ortancıl oğlu Cəlal Böyük Britaniyadadır.

Qızı Tulay kiçik qardaşının oğlu Raulla birgə.

Kiçik oğlu Cavid...
Aytən ƏLİYEVA