“Məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı ilə bağlı mövzu son günlər sosial şəbəkələrdə fərqli mövqelərdən müzakirə olunur. Təfərrüatlara varmaq istəməzdim, amma əslində, buna müzakirə yox, hiddət və qəzəb yağışı demək daha uyğundur. Hər bir halda, ortada təəssüf doğuran mənzərə var”.
Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid son günlər mövzu ilə bağlı sosial şəbəkədəki mübahisələri şərh edərkən bildirib.
“Mətbuat Şurası olaraq bu durum davamlı diqqətimizdədir. Bununla bağlı profilaktik söhbətlər aparmışıq. Sırf “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları” prizmasından izah etmişik ki, insanları dininə, dilinə, irqinə, yaşadığı yerə görə hansısa formada fərqləndirmək yolverilməzdir. Onu da bildirmişik ki, media nümayəndəsi, informasiya yayıcılığı ilə məşğul şəxs təqdimatlarında həssas olmalı, cəmiyyətdə bölücülük yarada biləcək fikir və ifadələrin işlədilməsindən çəkinməlidir. Sevindirici haldır ki, media subyektlərimiz əksərən belə məsələlərdə xeyli ehtiyatlıdırlar, deməli, həm də peşəkar davranırlar.
Mətbuat Şurası onun da fərqindədir ki, insanlarımız arasında bölücülük yaratmaq mahiyyəti daşıyan təqdimatlar bir çox hallarda bu işlə məqsədli şəkildə məşğul olan qüvvələrə “mövzu” qazandırır. Son günlər bəzi sosial şəbəkə, xüsusən, “TikTok” paylaşımlarına diqqət yetirəndə bu meyili də görürük. Sanki kimlərsə pusquda dayanıb kiminsə nəsə deməsini gözləyirlər ki, qığılcımı böyük alova çevirsinlər. Belələri əllərinə düşən hər fürsətdə 44 günlük müharibədəki Zəfərimizi, doğma el-obamıza sahiblənmək əzmimizi heçə saymağa çalışır, böyük və qüdrətli xalqı “kiçik toplum, xırda qövm”kimi təqdim etmək mərəzlərini işə salırlar”, - R.Məcid deyib.
O, bütün bunlara görə media təmsilçilərindən, müstəqil jurnalistlərdən, ümumən cəmiyyətə informasiya verən, özünü informasiya yayıcılığına mükəlləf sayan şəxslərdən dilə gətirdikləri hər sözə və fikrə məsuliyyətlə yanaşmalarını xahiş edib:
“Onlar unutmamalıdırlar ki, daşıdıqları və dərk etməli olduqları məsuliyyət ölkəmizin firavanlığı, cəmiyyətimizdə dinc və birgə yaşam qaydalarının toxunulmazlığı, ictimai və sosial düzənin sabitliyi, böyük anlamda isə Vətənimizin inkişafı baxımından son dərəcə vacibdir.
Bir məqamı da qeyd edim ki, ümumən informasiya mühitimizdə son günlər müşahidə olunan və haqqında söz açdığımız xoşagəlməz halların ictimai müstəvidən kənar dəyərləndirilməli tərəfləri də var. Yəni, kimsə özünün kütləyə ünvanlanmış çıxışında, yaxud geniş ictimaiyyətə xitab mahiyyəti daşıyan açıqlamasında insanlarımız arasında bölücülük, nifaq yaradırsa, məsələ, eyni zamanda, hüquqi aspektdən qiymətləndirilmək üçün də açıqdır. Çox istərdim ki, bu amil ciddi şəkildə nəzərə alınsın”.