Mərkəzi Asiya, Xəzər hövzəsi, Azərbaycan və Ermənistanı Türkiyəyə birləşdirəcək Zəngəzur dəhlizi həm regionun ticarət, həm də enerji təhlükəsizliyi baxımından strateji layihə kimi dəyərləndirilir.
Modern.az-ın məlumatına görə, "Anadolu" agentliyində dərc edilən məqalədə bildirilir, dəhliz Orta Dəhlizin əsas hissəsi olaraq Türkiyənin Avrasiyada enerji və logistika mərkəzinə çevrilməsi prosesini sürətləndirəcək.
Avqust ayında Qars–İğdır–Aralıq–Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimi ilə dəhlizin praktiki addımları atılıb. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu layihənin yalnız Türkiyə deyil, bütün Cənubi Qafqaz və Avrasiyanın gələcəyi üçün strateji əhəmiyyət daşıdığını bildirib.
ODTÜ professoru Oktay Tanrıseverin sözlərinə görə, Zəngəzur dəhlizi Xəzər enerji resurslarını Türkiyə və Avropa bazarlarına çatdırmaq üçün ən qısa marşrutdur. Onun fikrincə, layihənin strateji əhəmiyyəti həm tranzit ölkələrin sayının azalması, həm də Rusiyanın təsir dairəsindən daha uzaq olması ilə bağlıdır:
“Dəhliz gələcəkdə neft, qaz və elektrik ötürülməsi üçün istifadə edilə bilər. Amma bunun üçün təhlükəsizlik təmin olunmalı və siyasi sabitlik güclənməlidir.”
Tanrısever əlavə edib ki, Avropa İttifaqı və ABŞ dəhlizi Rusiyadan asılı olmayan enerji marşrutu kimi gördükləri üçün siyasi dəstək verirlər. Lakin konkret enerji xətlərinin istifadəyə verilməsi üçün ən azı 3–5 il vaxt lazım ola bilər.
ASBÜ professoru Levent Aydın isə bildirib ki, TANAP, Türk Axını və BTC kimi əsas enerji kəmərləri artıq Türkiyəni “enerji körpüsü”nə çevirib. Zəngəzur dəhlizi bu marşrutlara əlavə bir “halqa” ola bilər:
“Layihə açıldıqda yalnız yük daşımaları deyil, həm də boru kəmərləri, elektrik ötürmə xətləri və rəqəmsal kommunikasiya üçün yeni bir strateji infrastruktur formalaşacaq.”
Onun sözlərinə görə, yaxın perspektivdə dəhliz üzərindən Türkmən qazının da daşınması mümkündür.
O qeyd edib ki, ABŞ dəhlizi Rusiyanın enerji təsirini zəiflətmək, Aİ isə Ukrayna müharibəsindən sonra enerji asılılığını azaltmaq üçün dəstəkləyir. Çin isə dəhlizi “koridor müharibələrinin yeni cəbhəsi” kimi görür və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində bölgəyə sərmayələr yatırır.
Ekspertlərə görə, yaxın illərdə dəhliz üzərindən əsasən yük daşımalarının başlanması gözlənilir. Enerji infrastrukturunun formalaşması isə siyasi sabitlik və regional razılaşmalardan asılı olaraq 5–10 il müddətində reallaşa bilər.
Beləliklə, Zəngəzur dəhlizi yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan Türkiyənin və bütövlükdə regionun gələcəyinə təsir göstərəcək strateji layihə kimi qiymətləndirilir.