Son aylarda sosial şəbəkələrdə müxtəlif xəstəxanalardan çəkilmiş görüntülər sürətlə yayılır. Kadrlarda həkimlərin əməliyyat zamanı musiqi sədaları altında oynadığı, rəqs etdiyi, hətta əməliyyat otağında ad günü tortu kəsdiyi hallara rast gəlinir. Bu videolar cəmiyyətdə geniş rezonans doğurub və tibb sahəsində peşəkarlıqla bağlı suallar yaradıb.
Sosial şəbəkə də belə görüntüləi birmənalı qarşılamayıb. Bir çox vətəndaşlar həkimlərin məsuliyyətsiz davrandığını, xəstələrin həyatının təhlükəyə atıldığını bildirir. Digər tərəfdən isə, bəzi şərhlərdə həkimlərin ağır iş rejimindən dolayı stresini azaltmaq üçün belə addımlar atdığı qeyd olunur. Lakin əksəriyyət hesab edir ki, bu cür davranış tibbi etika ilə ziddiyyət təşkil edir.
Səlahiyyətli qurumlar videolarla bağlı araşdırma aparır. Bir neçə xəstəxanada yoxlamalar aparılıb və əməliyyat otaqlarında qaydaları pozaraq video çəkən, sosial şəbəkədə yayan tibb işçiləri cəzalandırılıb. Onların bəziləri vəzifədən uzaqlaşdırılıb, digərlərinə isə intizam tənbehləri verilib.
Əməliyyat otağı tibbin ən ciddi məkanlarından biridir və burada pasiyentin həyatı birbaşa həkimlərin diqqətindən asılıdır. Hətta ən kiçik laqeydlik belə, pasiyentin sağlamlığına və ya həyatına ciddi təhlükə yarada bilər. Buna görə də ciddi məsələ də bu cür qeyri-ciddi hadisələrin səbəbləri maraqlıdır.
Modern.az məsələ ilə bağlı bir neçə ekspertlə həmsöhbət olub.
Azərbaycan Psixologiya Akademiyasının psixoloqları qeyd edir ki, sözügedən videoları kimisi gülərək paylaşır, kimisi qəzəblənir, kimisi isə “həkim də insandır” deyir.
“Bu reaksiyalar hamısı təbiidir. Bu qədər fərqli reaksiyalara səbəb cəmiyyətin videodakı şəxslərə baxış bucağıdır. Bəziləri həmin insanları sırf səhiyyə işçisi kimi, digərləri isə insan kimi dəyərləndirir. Cəmiyyətin əhəmiyyətli hissəsinin səhiyyə işçisinin üzərində gözləntisi çox böyükdür: “o həmişə ciddi olmalı, soyuqqanlı olmalı, səhv etməməlidir”.
Amma bu da reallıqdır ki, bu “həmişə ciddi” yükü uzun müddət daşımaq hər kəs üçün çətindir. Uzun növbətçiliklər, gecə-gündüz əməliyyatlar, insan həyatı üçün məsuliyyət – bunlar normal insanın psixologiyasını da gərginləşdirir. Belə şəraitdə kiçik bir musiqi, zarafat, ya da bir neçə saniyəlik rəqs çox vaxt sadəcə nəfəs almaq, gərginliyi atmaq cəhdidir. Bu, bəzən kollektivdə gülüş və yüngüllük gətirir, tükənmişliyin qarşısını almağa kömək edir”.
Həmçinin, burada çox incə bir sərhədin olduğu da qeyd edilib:
“Stress atmaq, özünə gələrək işə davam etmək başqa, əməliyyat otağında və ya xəstənin yanında bunu etmək tamam başqa. Çünki xəstənin və yaxınlarının gözündə bu davranış “bizim həyatımızla oyanıb gülürlər” kimi görünə bilər və etimadı zədələyər. Ona görə də etik qaydalar hər zaman öndə olmalıdır.
Beynəlxalq təcrübədə də eyni mənzərə var. Dünyanın müxtəlif yerlərində həkimlərin “TikTok” və “Instagram” üçün çəkdikləri videolar müzakirələr doğurub, bəzən intizam tədbirləri görülüb. Amma eyni zamanda bir çox ölkədə rəhbərliklər həkimlər üçün işdən kənar sosial media davranış qaydalarını aydınlaşdırıb, psixoloji dəstək proqramları yaradıb ki, insanlar streslərini daha sağlam yollardan atsınlar. Təəssüf ki, bizim ölkəmizdə səhiyyə işçilərinə psixi dəstək resursları nəzərdə tutulmayıb”.
Əlavə olaraq bildirilib ki, həkim də insandır, yorulur, bəzən ağlayır, bəzən də gülmək istəyir:
“Amma iş mühitində bunu necə, harada, nə zaman etdiyimiz vacibdir. Düzgün şəraitdə qısa bir zarafat komandanı gücləndirə bilər, amma xəstənin gözü önündə edilən rəqs etimadı zədələyə bilər. Bu hadisə bir daha xatırladır ki, həm həkimin psixi sağlamlığına, həm də xəstənin etimadına eyni dərəcədə qayğı göstərmək lazımdır”.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli qeyd edib ki, istər özəl, istərsə də dövlət tibb müəssisələri bütün işçiləri tərəfindən imzalanmalı olan xüsusi davranış kodeksi hazırlamalıdırlar.
“Hər bir işçi, əmək müqaviləsində qeyd olunan müddəalarla yanaşı, mənəvi öhdəlikləri də üzərinə götürməlidir. Bu məsələdə son dərəcə diqqətli olmaq vacibdir”.
Millət vəkili də bu istiqamətdə çıxış edərək bildirib ki, belə halların qarşısının alınması üçün ölkədə akkreditasiya sistemi yaradılmalı və bütün həkimlər yalnız lisenziya əsasında fəaliyyət göstərməlidirlər.
Saytımıza danışan zaman sosioloq Üzeyir Şəfiyev isə vurğulayıb ki, həkimlik peşəsi çox ciddi və məsuliyyətli bir sahədir. Onun sözlərinə görə, bu sahədə çalışan şəxslər peşə etikasına, standartlara və səhiyyə sahəsinə dair vahid qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərməlidirlər.
“Təbii ki, pasiyentə münasibətdə qeyri-etik davranışlara, eləcə də qanunazidd yanaşmalara yol vermək olmaz.
Pasiyentin əməliyyatı, onun şəxsi məlumatları və ümumilikdə pasiyentlə bağlı hər bir proses konfidensiallıq prinsipi əsasında həyata keçirilməlidir. Bu prinsipi pozmaq, yalnız etik baxımdan deyil, həm də hüquqi baxımdan yolverilməzdir. Bu cür halların “Reklam haqqında” qanuna da zidd olduğu açıq şəkildə ortadadır. Pasiyentin üzərindən reklam məqsədilə istifadə edilməsi isə qanunvericiliyə görə qadağandır”.
Sosioloqun sözlərinə görə, bu cür hallara sosial şəbəkələrdə tez-tez rast gəlinir və haqlı olaraq cəmiyyətin etirazına səbəb olur:
“Bu, sosial media reallığında formalaşan xoşagəlməz bir tendensiyadır və qarşısı mütləq alınmalıdır. Belə davranışlar nə pasiyentin hüquqları və mənafeyi baxımından, nə də həkimlərin peşə etikası baxımından qəbulediləndir.
Güman edirəm ki, Səhiyyə Nazirliyi bu sahədə lazımi tədbirlər görəcək, müvafiq təlimatlar verəcək və bu cür hallara qarşı müəyyən mövqe sərgiləyəcək. Çünki belə görüntülərin sosial şəbəkələrdə yayılması həm insan hüquqları, həm etik normalar, həm də hüquqi baxımdan ciddi pozuntudur”.
O eyni zamanda onu da nəzərə çatdırıb ki, həkimlər, təhsilli və savadlı bir peşə sahibi olaraq anlamalıdırlar ki, sosial şəbəkələrdən istifadə zamanı hüquqa və əxlaqa zidd davranışlar törətmək hüquqi məsuliyyət yaradır:
“Məhz bu səbəbdən Cinayət Məcəlləsinə 148.1-ci maddə əlavə olunub. Eyni zamanda, Mülki Məcəllənin 23-cü maddəsi, İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsi, həmçinin “Telekommunikasiya haqqında” qanuna edilmiş dəyişikliklər bu cür halları nəzərə alır. Həkimlər sosial şəbəkələrdəki fəaliyyətlərinin hüquqi nəticələrindən xəbərdar olmalı, həm də cəmiyyətin qınağını nəzərə almalıdırlar. Belə davranışlar heç cür xoş qarşılanmır və tamamilə yolverilməzdir”,- deyə Ü.Şəfiyev qeyd edib.