Modern.az

Narkoloji reabilitasiya mərkəzləri: xilas edir, yoxsa təhlükə yaradırlar?

Narkoloji reabilitasiya mərkəzləri: xilas edir, yoxsa təhlükə yaradırlar?

Ölkə

17 Sentyabr 2025, 17:00

Son dövrlərdə narkomaniyadan müalicə və psixoloji reabilitasiya adı altında fəaliyyət göstərən mərkəzlərin sayında artım müşahidə edilir. Onların fəaliyyəti bəzi hallarda narazılıq yaradır. Məsələ ondadır ki, bir sıra müəssisələr tibbi protokollardan və elmi əsaslardan kənar, şəxsi yanaşmalara əsaslanan “müalicə metodları” tətbiq edir. Bu isə nəinki pasiyentlərin sağlamlığına, hətta onların həyatına da ciddi təhlükə yarada bilər.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən, lisenziyalaşdırılan fəaliyyət növlərinin siyahısı yalnız Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilir. Hazırda narkoloji reabilitasiya mərkəzlərinin fəaliyyəti həmin siyahıya daxil edilməyib.

"Narkoloji reabilitasiya mərkəzlərinin fəaliyyəti lisenziyalaşdırılan sahəyə aid olmadığına görə onların işinə nəzarət Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə daxil deyil.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında” Qanunun tələblərinə əsasən, hər hansı müəssisədə yoxlama yalnız qanunla müəyyən edilmiş hallarda və dövlət qurumlarının rəsmi müraciəti əsasında mümkündür. Belə müraciət daxil olduqda və ya vətəndaşlar tibbi fəaliyyət göstərilməsi barədə sübutedici sənədlərlə şikayət təqdim etdikdə, AEM həmin müəssisədə tibbi xidmət göstərilib-göstərilmədiyini araşdırmaq üçün plandankənar yoxlama keçirə bilər.

Yoxlama zamanı müəssisədə lisenziyasız tibbi fəaliyyətin aparılması aşkar edildikdə, məsələ qanunvericilik çərçivəsində aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına yönləndirilir", - açıqlamada qeyd olunur.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli isə bildirib ki, tibbin istənilən sahəsində - istər psixoloji təsir potensialına malik reabilitasiya prosesləri, istərsə də dərman preparatları və ya qida əlavələri ilə aparılan müalicələr olsun protokollardan istifadə mütləq şərtdir.

“Səhiyyə sistemimiz sübutlu təbabət prinsipləri əsasında fəaliyyət göstərir. Sübutlu təbabət isə klinik qərarların qəbulunda elmi əsaslara söykənməyi və mütləq tibbi protokollara əməl olunmasını tələb edir. Buna görə də, istər özəl reabilitasiya mərkəzləri, istərsə də klinik psixologiya və digər psixoloji xidmətləri həyata keçirən mərkəzlər fəaliyyətlərini yalnız tibbi protokollar əsasında, Səhiyyə Nazirliyinin və aidiyyəti qurumların müvafiq əmr və sərəncamları çərçivəsində həyata keçirməlidirlər”.

Millət vəkili bildirib ki, bəzi hallarda reabilitasiya və müalicə fəaliyyətləri üçün lisenziya tələb olunur, bəzilərində isə lisenziya tələb olunmaya bilər:

“Yaxud bəzilərində isə qanunvericiliyə zidd mövcud boşluqlar səbəbilə bu fəaliyyətin lisenziyalaşdırılmasında istifadə hallarına, həmçinin bu boşluqlardan sui-istifadə hallarına da rast gəlinir. Xüsusilə narkomaniya ilə bağlı reabilitasiya prosesləri olduqca həssas və riskli sahədir. Bu baxımdan sözügedən sahədə fəaliyyət göstərmək yalnız tibbi bilik və ixtisasa sahib olan mütəxəssislər tərəfindən mümkündür”.

Deputat onu da diqqətə çatdırıb ki, bəzi hallarda reabilitasiya mərkəzi adı altında, lakin müxtəlif adlar altında fəaliyyət göstərən müəssisələrdə bu cür tibbi proseslərin qeyri-qanuni həyata keçirilməsinin şahidi oluruq:

“Bəzən tibbi təhsili və ixtisası olmayan, sadəcə şəxsi təcrübəsinə əsaslanan şəxslər hansısa “məktəbin davamçısı” adı ilə bu sahədə fəaliyyət göstərməyə çalışırlar ki, bu da gələcəkdə cəmiyyət üçün ciddi risklər yarada bilər.

Səhiyyə Komitəsinin üzvü olaraq bildirmək istəyirəm ki, bu sahədə fəaliyyətlər mütləq qanunvericiliyə uyğun şəkildə aparılmalı, mövcud boşluqlar isə aradan qaldırılmalıdır. Çünki bu cür hallarda hüquq pozuntuları bəzən cinayət məsuliyyəti doğuracaq dərəcədə ciddi nəticələrə səbəb ola bilər”.

O həmçinin vurğulayıb ki, xüsusilə narkomaniya ilə bağlı reabilitasiya mərkəzlərində tibbi prosedurların tətbiqi qaçılmazdır və bu səbəbdən belə müəssisələrin lisenziyalaşdırılması və daimi nəzarət altında saxlanılması vacibdir:

“Bu işin yalnız Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumların nəzarəti altında, səhiyyə qanunvericiliyinin müddəalarına və klinik protokollara uyğun şəkildə həyata keçirilməsi qanunvericiliyin tələbidir”,- deyə M.Məmmədli fikrini tamamlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi