Modern.az

“Rayonlu” və “şəhərli” sözlərindən imtina edək!

“Rayonlu” və “şəhərli” sözlərindən imtina edək!

Ölkə

23 Sentyabr 2025, 14:20

Uzun illərdir Azərbaycan cəmiyyətində müzakirə olunan mövzulardan biri də “şəhərli” və “rayonlu” ifadələrinin gündəlik ünsiyyətdə yaratdığı bölücülükdür.

Bu sözlər əslində insanların sosial statusuna, həyat tərzinə və mənsubiyyətinə dair gizli mesaj vermək istəyən insanların alətinə çevrilir. Bir tərəfdən zarafat və ya adi təsnifat kimi görünən bu ifadələr, digər tərəfdən ayrı-seçkilik və stereotiplərin möhkəmlənməsinə zəmin yaradır.

Məhz bu səbəbdən mövzu həm sosial şəbəkələrdə, həm də ictimai müzakirələrdə tez-tez gündəmə gəlir. 

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru, jurnalist Qulu Məhərrəmli bildirib ki, rayonlu-şəhərli, o bölgəli-bu bölgəli kimi anlayışların problemə çevrilməsinin dilçiliklə heç bir əlaqəsi yoxdur. Bu birbaşa düşüncə, təfəkkür məsələsidir:

“Zaman - zaman bu kimi məsələlər hansısa məqsədlərə xidmət etmək və ya diqqəti yayındırmaq üçün qaldırlır, sonra da həmin məsələlər sönüb gedir”. 

Biz rayon ifadəsini bölgə ilə və ya mərkəzi əyalətlə əvəz etsək nə dəyişəcək?

“Hesab edirəm ki, bu məsələni xüsusi ilə də mediada qaldırmaq, birbaşa dayaz təfəkkür məhsuludur. Bu kimi anlayışlar mədəni inqilab vaxtı - 1930-50-ci illərdə yaranıb. İndi dünyanın elə vaxtıdır ki, bu anlayışlar tədricən silinir. Çünki harada doğulmağın deyil, ümumi dünyagörüş, mədəni səviyyə insan üçün əsas göstəriciyə çevrilib. Biri əyalətdən, rayondan ola bilər, başqa biri şəhərdə doğula bilər. Amma bu insanın dünyagörüşünü, mədəniyyətini göstərmək üçün meyar deyil”

Mediada, televiziya, sosial şəbəkələrdə bu məsələləri qaldırmaq bəsitlik və dar dünyagörüşünə sahib olmaqdan başqa bir şey deyil:

“Kimsə bölgədə doğula bilər, amma çox yüksək mədəni sərvətlərin yaradıcısı və daşıyıcısı ola bilər. Kimsə mərkəzdə doğula bilər, amma o sivilizasiyanın yaratdığı dəyərlərdən heç bir halda bəhrələnməyən, bəsit insan ola bilər. Hər şeyi insanın təhsil, mədəni səviyyəsi, yanaşması, dəyərlərə münasibəti müəyyənləşdirir. Məişət səviyyəsində kimsə bu cür düşünə bilər, amma bunu böyük miqyasa çıxarmaq, problemə çevirmək və müzakirəyə çıxarmaq indiki dövrün ab-havasına, inkişaf ölçülərinə heç bir şəkildə uyğun gəlmir” – deyə Qulu Məhərrəmli sonda bildirib. 

Sosioloq Mail Yaqublu isə vətəndaşar arasında bölücülük yaradan sözlərdən imtina etməyə çağırış edib:

“Əgər bir ölkədə hansısa söz pis səslənər və rezzonas doğurursa, o sözü işlətmək düzgün deyil. Əsas məsələ ölkənin vətəndaşlarının konfortudur. Bütün ölkələrdə hər şey vətəndaşların rahatlığına, xoşbəxtliyən, təhlükəsizliyinə üzərində qurulur. Hansısa söz pis anlaşılırsa, ya o sözü az işlətmək, ya da ümumiyyətlə lüğətdən silmək lazımdır”. 

M. Yaqublunun sözlərinə görə, adını ziyalı qoyan şəxslər bütün insanların hüquq və dəyərlərinin olduğunun fərqində deyillər. Onlar hətta təhqirlə də danışa bilirlər. Çox rahatlıqla kimisə açıq şəkildə söyürlər. Təəssüflər olsun ki, onlar fərqində deyillər ki, Azərbayacanda bütün vətəndaşların hüquqları qorunmalı, şəxsiyyətlərinə hörmətlə yanaşılmalıdır:

“Onlar hətta elə sözlərdən istifadə edirlər ki, mən onları deyə bilmirəm. Ona görə, düşünürəm ki, hər insan fərqində olmalıdır ki, o meşədə yox, cəmiyyətdə yaşayır. Hər kəsin haqq və hüququna hörmətlə yanaşılmalıdır. Heç kim özünə bu ixtiyarı verməməlidir ki, hansısa ifadə ilə kimisə incitsin. Bu hüquqdan əvvəl əxlaq məsələsidir. Bəziləri isə bir az tanındıqlarını düşünüb, elə bilirlər ki, cəmiyyətin bir hissəsi onları ziyalı hesab edir. Bu səbəbdən düzgün olmayan çıxışlar edirlər. Bu həmin insanların əxlaqının faciəsidir”- deyə o sonda qeyd edib.  

Sizə yeni x var
Keçid et
Moskvaya zərbə vurulur - Rusiya paytaxtında PARTLAYIŞ SƏSLƏRİ