Modern.az

Kollegiya vəkilləri birbaşa özü xaric edə biləcək

Kollegiya vəkilləri birbaşa özü xaric edə biləcək

Ölkə

25 Sentyabr 2025, 13:10

Vəkillikdən xaric etmə səlahiyyəti Vəkillər Kollegiyasına veriləcək. Məsələ “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. Layihə artıq müvafiq komitədə müzakirə olunub və tezliklə plenar iclasa çıxarılacaq.

Layihəyə əsasən, "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun 9-cu maddəsində göstərilən hüquq pozuntularına təkrarən yol verilməsi və ya vəkil etikası qaydalarının üç dəfədən artıq pozulması hallarında - pozuntunun xarakterindən, vəkilin peşəkarlıq səviyyəsindən, stajından və əvvəllər intizam tənbehi alıb-almamasından asılı olaraq, vəkillik fəaliyyətinin üç aydan bir ilədək müddətə dayandırılması mümkündür.

Bundan əlavə, vəkil adına ləkə gətirən, vəkil peşəsinin nüfuzuna xələl yetirən hərəkətlərə yol verilməsi və ya icraatında olan iş üzrə normativ hüquqi aktların tələblərini kobud və ya mütəmadi şəkildə pozaraq təmsil etdiyi şəxsin maraqlarına ziyan vurması halları da intizam tənbehləri çərçivəsində Vəkillər Kollegiyasından xaric edilmə ilə nəticələnə bilər.

Modern.az-a açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas  Əliməmməd Nuriyev qeyd edib ki, hazırkı qanunvericiliyə əsasən, vəkillikdən xaric edilmə prosesi yalnız məhkəmə qərarı əsasında həyata keçirilirdi. Onun sözlərinə görə, bu halda, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkilin fəaliyyətinə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edirdi.

“Kollegiya intizam icraatını aparır, qərar qəbul edir, lakin vəkilin fəaliyyətinə xitam verilməsi hüquqi cəhətdən yalnız məhkəmə qərarı ilə qüvvəyə minirdi. Bu isə, bir tərəfdən hüquqi prosedurun uzanmasına, digər tərəfdən isə müəyyən hallarda vəkilin məsuliyyətə cəlb edilməsində gecikmələrə səbəb olurdu”.

Hüquqşünas həmçinin təklif olunan dəyişikliklərin mahiyyətinə də diqqət çəkib:

“Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin müzakirəyə çıxardığı  dəyişikliklər layihəsinə əsasən, artıq vəkillikdən xaric etmə səlahiyyəti birbaşa Azərbaycan Respublikası Vəkillər Kollegiyasına verilir. Yəni Kollegiya intizam icraatını aparacaq, qərar qəbul edəcək və həmin qərar dərhal hüquqi nəticə doğuracaq. Artıq bu proses üçün məhkəməyə ayrıca müraciət tələb olunmayacaq.

Belə ki, o, Kollegiyanın qərarından məhkəməyə apellyasiya qaydasında şikayət verə bilər. Lakin bu, əvvəlki kimi Kollegiyanın məhkəməyə müraciəti deyil, vəkilin özünün Kollegiya qərarına qarşı şikayəti formasında həyata keçiriləcək”.

O eyni zamanda bildirib ki, bu dəyişikliklərin tətbiqi bir sıra mühüm nəticələrə səbəb ola bilər:

 “İlk növbədə, Vəkillər Kollegiyasına həm intizam icraatını həyata keçirmək, həm də yekun qərar qəbul etmək səlahiyyətinin verilməsi bu qurumun hüquqi statusunu və məsuliyyətini əhəmiyyətli dərəcədə artırır. Kollegiya artıq yalnız araşdırma aparan deyil, eyni zamanda nəticə müəyyən edən əsas qərarverici orqan kimi çıxış edəcək”.

Ə.Nuriyev onu da diqqətə çatdırıb ki, digər tərəfdən, məhkəmə mərhələsinin aradan qaldırılması ilə proses daha da sürətlənəcək:

“İntizam tədbirlərinin tətbiqi daha çevik və operativ şəkildə həyata keçiriləcək və bu, həm effektivliyin, həm də vaxt baxımından səmərəliliyin artmasına səbəb olacaq.

Eyni zamanda, bu dəyişiklik vəkillik institutunun özünüidarəetmə prinsipini gücləndirir. Dövlət orqanlarının deyil, birbaşa peşə təşkilatının - yəni Vəkillər Kollegiyasının həm üzvlərin qəbuluna, həm də intizam məsuliyyətinə dair qərarlar qəbul etməsi bu institutun müstəqilliyini artırır və beynəlxalq təcrübəyə, xüsusilə Avropa ölkələrində tətbiq olunan modellərə uyğunluğu təmin edəcəkdir”.

Yekun olaraq hüquqşünas əlavə edib ki, Kollegiyanın yekun qərarvermə səlahiyyəti daşıması onun fəaliyyətində şəffaflıq və məsuliyyət öhdəliklərini də artırır:

“Bu baxımdan həmkarların peşə taleyi barədə yekun qərar verən orqan kimi Kollegiyanın ictimai etimadı qorumaq və obyektivlik prinsipinə əsaslanmaq məsuliyyəti daha da ön plana çıxır”,- Ə.Nuriyev qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada əhalini ŞOK edən çağırış - Bu hücumlar Kremli silkələyir