Türkiyədə qatı islamçı (əslində türk düşməni, fars və rus şovinizminin ruporu, terror yuvası) ideologiyanı təmsil edən media qurumlarının başında “Yeni Akit” media qurumu dayanır. Bu qəzet illərdir həm Türkiyə daxilində, həm də regionla bağlı məsələlərdə radikal və provokativ yanaşmaları ilə tanınır.
Onun ətrafında fəaliyyət göstərən saytlar və televiziya kanalları da eyni xətti davam etdirirlər. Bu media qurumları manipulyasiya və təxribat xarakterli yazılarla ictimai rəyə təsir göstərməyə çalışırlar. Onların əsas hədəfi isə Azərbaycanın imicini ləkələmək və Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmaqdır.
Bu kampaniyanın ideoloji zəmin üzərində qurulduğunu düşünmək sadəlövhlük olardı. Əslində, bu informasiya hücumları müxtəlif güc mərkəzlərinin maraqlarına xidmət edir. Türkiyə daxilində radikal islamçılardan istifadə edən dairələr onları bölgədəki geosiyasi dəyişikliklərə qarşı bir vasitə kimi işə salırlar. Burada həm Rusiya, həm də Ermənistan lobbilərinin təsirini görmək mümkündür. Çünki Azərbaycanın güclənməsi və sülh təşəbbüsləri onların planlarını pozur.
Qatı islamçılar siyasi İslam ideologiyasını dövlətçilikdən üstün tutan qruplardır. Onlar dini dəyərləri siyasi alətə çevirərək cəmiyyətlərdə radikal düşüncə formalaşdırmağa çalışırlar. Bu qruplar yalnız dini radikallıqla kifayətlənməyib, milli dövlətlərin güclənməsinə qarşı çıxırlar. Türkiyədəki bu çevrələr özlərini guya “İslam müdafiəçiləri” kimi göstərsələr də, əslində anti-Türkiyə və anti-Azərbaycan xəttini güdürlər. Onların mətbuatdakı təzahürü isə qarayaxma və iftira kampaniyalarıdır.
Qatı islamçı medianın ritorikası ilə daşnak təbliğatının məqsədləri üst-üstə düşür. Hər iki tərəf Azərbaycanı zəiflətmək, onun beynəlxalq nüfuzuna xələl gətirmək niyyətini daşıyır. Rusiya isə bölgədə Azərbaycan və Türkiyənin güclənməsini öz maraqlarına zidd görür. Radikal islamçılar Kremlin təbliğat xəttinə uyğun davranaraq regionda qarşıdurmanı körükləyirlər. Bu baxımdan, onların davranışları və hədəfləri Ermənistanın revanşist dairələri ilə kəsişir.
Radikal islamçıların mövqeləri İranın fars şovinist dairələrinin maraqları ilə də üst-üstə düşür. İran daxilində Azərbaycanla yaxınlaşmanı istəməyən dairələr bu medianı təsirləndirməyə çalışır. Onların məqsədi Azərbaycan-Türkiyə birliyinə qarşı ziddiyyətlər yaratmaqdır. Bu, həm də bölgədə panislamist ritorika ilə pərdələnmiş fars təsirini gücləndirmək cəhdidir. Beləliklə, dini maska altında milli maraqlar əleyhinə fəaliyyət göstərilir.
Hazırda Azərbaycanla Ermənistan arasında sülh sazişi gündəmdədir. Türkiyə-Ermənistan münasibətlərində də müəyyən istiləşmə meylləri müşahidə olunur. Bundan əlavə, İranla Azərbaycan arasında diplomatik yaxınlaşma baş verir. Regionda sülh və sabitlik istiqamətində atılan addımlar radikal qüvvələri narahat edir. Ona görə də, onlar mətbuatı silah kimi istifadə edərək sülh prosesinə kölgə salmağa çalışırlar.
Radikal islamçı medianı narahat edən başlıca amil Azərbaycanın sülhün lokomotivi rolunu oynamasıdır. Onlar bilirlər ki, Bakı bölgədə gücləndikcə, radikal ideologiyalara yer qalmayacaq. Azərbaycanın güclü dövlətçilik modeli radikallığın qarşısını alan nümunədir. Bu isə onların ideoloji bazasını zəiflədir. Eyni zamanda, Türkiyə ilə Azərbaycanın strateji müttəfiqliyi onların təcridini daha da artırır.
Radikal islamçılar faktiki olaraq sülhün düşmənlərinə çevriliblər. Onlar Azərbaycanla dostluq etmək istəyən İranın da əleyhinə çıxırlar. Müharibədən qaçmaq istəyən Ermənistan cəmiyyətini də təxribatlarla hədəf alırlar. Əslində, onların məqsədi bölgədəki hər hansı barışıq cəhdini boşa çıxarmaqdır. Bu baxımdan, onların mövqeləri həm Türkiyə, həm Azərbaycan, həm də ümumən region xalqlarına qarşı düşmənçilikdir.
Radikal islamçı media qurumları, əslində, təbliğatçı terrorçulardır. Onların yazdıqları materiallar insanlıq düşmənlərinin ideoloji silahıdır. Çünki qarayaxma, nifrət və iftira ilə dolu olan bu məqalələr cəmiyyətlər arasında qarşıdurmanı dərinləşdirir. Bu tip təbliğata yer verən media orqanları isə faktiki olaraq terrorçuların ideoloji bazasını gücləndirirlər. Türkiyə bu cür fəaliyyətə göz yummamalıdır.
Qatı islamçıların PKK-dan mahiyyətcə fərqi yoxdur. Birincilər dini radikallıq adı altında, digərləri isə etnik separatçılıq maskası ilə çıxış edirlər. Amma hər iki qrup bölgədə qarşıdurma, münaqişə və qan tökülməsini hədəfləyir. Onların hədəfi sabitlik və inkişaf deyil, xaos və məhvdir. Bu baxımdan, radikal islamçı media da PKK kimi Türkiyə və Azərbaycanın düşmənidir.
Bir az da Yeni Akit-in ideoloji profili və ictimai nüfuzu barədə.
Medianın qara üzü olan Yeni Akit Türkiyədə İslam fundamentalizmi və pan-islamizm ideologiyasını açıq şəkildə müdafiə edir. O, həm sosial siyasətlər, həm də regional məsələlərə dair mövqelərində radikal və konservativ xətti qoruyur.
Media iqtisadiyyatı araşdırmaları göstərir ki, Yeni Akit və ona oxşar qurumlar Türkiyə hakimiyyətdə bəzi dairələrlə maraq əlaqələrindən təsirlənir.
Üzdəniraq Yeni Akit məqalələrində Azərbaycanla bağlı tez-tez qərəzli iddialar, mənasız ittihamlar və əlaqəsiz bağlantılar verilir. Materiallar konkret sübutdan yox, ideoloji öncəgörmədən, qərəzli fərziyyələrdən ibarət olur.
Əslində bu tip yazıların yayımlanması medianın ictimai qınaq altında qalmasını daşıya bilər, çünki bu, jurnalistika standartlarına uyğun deyil.
Bu şərəfsizlik Türkiyə mediasının imicinə də zərbədir.
Elnur Əmirov