Modern.az

“Ömrün ustadları” - Lerikin ən uzunömürlü sakini: Şahbacı nənə

“Ömrün ustadları” - Lerikin ən uzunömürlü sakini: Şahbacı nənə

Ölkə

25 Sentyabr 2025, 11:44

Hər insanın ömrü bir hekayədir. Kimi bu hekayəni sürətlə yaşayır, kimi isə illərin hər səhifəsinə hikmət, səbr və sevgi sığdırır. Bəziləri var ki, 100 ilə yaxın, bəziləri də daha çox yaşayır, zamanın şahidi, tarixlərin daşıyıcısına çevrilir. Onlar – uzunömürlü insanlar – təkcə yaşları ilə deyil, topladıqları təcrübə, gördükləri dəyişikliklər və yaşama sənəti ilə də örnəkdirlər.

Modern.az saytı “Ömrün ustadları” rubrikasına start verir. Bu rubrikada oxucuları hər rayonun ən uzunömürlü sakini ilə - ömrün dəyərini bilən, zamanla dost olmuş insanlarla tanış edəcəyik. Onların həyat yolu, sevinci, çətinliyi, ailə dəyərləri, yaşamaq motivasiyası və özlərinəxas həyat fəlsəfələri sizə də ilham verəcək.

Çünki ömür təkcə illərin sayı deyil. Ömür – yaşadığın, yaşatdığın və yaddaşlarda qoyduğun izlərdir.

Buyurun, birlikdə bu izləri izləyək.

Rubrikamızın ilk təqdimatına uzunömürlülər diyarı kimi ad qazanmış Lerik rayonundan başlayırıq.

Dövlət Statistika Komitəsinin bu il yanvarın 1-nə olan məlumatına görə, Lerik rayonunun yaşı 90-ı ötən 133 sakini var.

Hazırda Lerikin ən uzunömürlü sakini Şahbacı Gülverdi qızı İbrahimovadır.

Bu barədə saytımıza Lerik Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Rayonun ən uzunömürlü sakini Şahbacı nənənin 95 yaşı var.

Şahbacı İbrahimova 1930-cu ildə Lerik rayonunun Lerik qəsəbəsində anadan olub. Şahbacı nənə qəhrəman anadır. O, 13 övlad dünyaya gətirib: 5 oğlan, 8 qız.

Əfsuslar olsun ki, nənənin 1 oğlu və 1 qızı vəfat edib, hazırda 11 övladı həyatdadır.

Şahbacı Gülverdi qızının 58 nəvəsi, 48 nəticəsi və 4 kötükcəsi var.

Şahbacı nənə hazırda Lerik şəhərində yaşayır.

Nənənin uzunömürlülüyünün sirri təmiz dağ havası və təbii mühitdir - Lerik bölgəsi təmiz havası, təbii su mənbələri ilə məşhurdur, bu da sağlamlığı qorumağa çox kömək edir.

Sadə və təbii qidalanma da nənənin 95 yaşa çatmasında mühüm rol oynayıb. Çünki təbiətdən toplanan təzə meyvə-tərəvəz, evdə hazırlanmış məhsullar, təbii qidalar uzunömürlülüyün əsas sütunlarından biridir.

Genetik faktorlar da öz sözünü deyib. Ailə üzvlərinin də uzunömürlü olması genetik mirasın rolunu göstərir.

Stressin azlığı, insanların bir-birinə dəstəyi, ailə bağlarının güclü olması Şahbacı nənənin psixoloji baxımdan da sağlam həyat tərzinə dəstək olub.

Ona uzun ömür və can sağlığı arzulayırıq!


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır