Son günlər taksilərlə bağlı tətbiq olunan yeni mexanizmlər ictimaiyyətin diqqət mərkəzindədir. Sumqayıt və Abşeron rayonlarında qeydiyyatda olan taksilərin Bakıya buraxılmaması barədə də müzakirələr aparılır.
Bir neçə gün əvvəl bildirilib ki, qanunvericiliyə görə, bir şəhərin taksi xidməti digərində fəaliyyət göstərə bilməz.
"Sumqayıtın taksiləri Sumqayıtda, Xırdalanın taksiləri Xırdalanda, Gəncənin taksiləri Gəncədə xidmət göstərməlidir. Bu qanunvericilikdə var. Biz hamını taksi adlandırırıq. Amma qanunvericilikdə onlar sifarişli xidmət həyata keçirirlər. Onun da tənzimlənməsi yaxın vaxtlarda yerini almalıdır", - AYNA sədri Anar Rzayev bildirib.
Modern.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, ümumilikdə, taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanun ötən ildən etibarən qüvvəyə minib və bu sahədə bir sıra tələblər müəyyən edilib. Onun sözlərinə görə, hər bir şəhərin dövlət nömrə nişanlarında xüsusi indeks mövcuddur ki, bu vasitəsilə konkret nəqliyyat vasitəsinin harada qeydiyyatda olduğu müəyyən edilə bilər.
O qeyd edib ki, əgər həmin nəqliyyat vasitəsi taksi fəaliyyəti ilə məşğuldursa, bu zaman onun fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olaraq rəsmi şəkildə tənzimlənir:
“Bakı və Bakı aqlomerasiyasına daxil olan Xırdalan şəhəri arasında təxminən 15 km, Bakı ilə Sumqayıt arasında isə 30 km məsafə var. Bu əraziləri ümumi Bakı aqlomerasiyasının bir hissəsi kimi qiymətləndirmək mümkündür. Belə yanaşma genişlənən meqapolisin vahid bir orqanizm kimi inkişaf etdirilməsi baxımından zəruridir. Buradakı hərəkətlilik və nəqliyyat axını da məhz bu yanaşma əsasında planlaşdırılmalıdır”.
Nəqliyyat eksperti həmçinin vurğulayıb ki, əgər Xırdalan və Sumqayıtdan hər gün Bakıya və əks istiqamətə davamlı sərnişin axını müşahidə olunursa, bu artıq ümumi hərəkətliliyin göstəricisidir:
“Sözügedən mobilliyi təmin edən nəqliyyat növlərinin inkişaf səviyyəsi isə zamanla ortaya çıxan yeni tələbləri müəyyən edir. İctimai nəqliyyat vasitələrinin inkişafı bu tələblərin azalmasına gətirib çıxaracaq və nəticədə mövcud qaydaların da müvafiq şəkildə korrektə olunması zərurəti yarana bilər”.
R.Ağamirzəyev onu da əlavə edib ki, hazırda əsas nəqliyyat vasitələri baxımından baxsaq, gündəlik təxminən 42 min sərnişin dəmir yolu vasitəsilə daşınır:
“Bu göstəricidən bir qədər az miqdarda isə avtobuslarla sərnişin daşımaları həyata keçirilir. Bakı-Sumqayıt istiqamətində bu nəqliyyat əlaqəsinə Xırdalan da daxil edilir.
Digər bir məsələ isə insanların şəxsi avtomobillərdən istifadəsi və qeyri-qanuni taksi fəaliyyəti ilə bağlıdır. Qeyd olunan qanun qüvvəyə mindikdən sonra bu sahədə müəyyən irəliləyişlər əldə olunub və qeyri-qanuni sərnişindaşıma ilə məşğul olanların bir hissəsi artıq bazardan çəkilib. Lakin hələ də fəaliyyət göstərən qeyri-qanuni taksilər də mövcuddur”.
Yekun olaraq ekspert nəzərə çatdırıb ki, bütün bu reallıqları nəzərə alaraq, diqqətimizi daha çox ictimai nəqliyyatın inkişafına yönəltməli və vahid aqlomerasiyası çərçivəsində mobillik planı əsasında sistemli tədbirlər həyata keçirilməlidir. Onun fikrincə, buna səbəb ümumilikdə Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrinin bir-biri ilə sıx əlaqədə olması, vahid bir orqanizmi təşkil etməsidir.