Sentyabrın 27-də Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib. Kompleks 2020-ci ildə Ermənistanın Gəncəyə raket hücumları nəticəsində həlak olan mülki şəxslərin xatirəsinə həsr olunub.
Açılış zamanı ölkə başçısının yanında dayanan azyaşlı qız sosial şəbəkələrdə və mediada maraq doğurub.
Raket hücumu nəticəsində hər iki valideynini itirmiş Nilay Əliyevadır hadisə baş verən zaman hələ iki yaşında olub.
Nilayın atası Adil Əliyev raket zərbəsi zamanı həlak olub, anası Günay Əliyeva isə bir gün sonra vəfat edib.
Hazırda Nilay ikinci sinif şagirdidir.
Modern.az Nilayın nənəsi Sevil Babazadə ilə həmsöhbət olub.
Sevil xanım deyir ki, Nilay Prezident İlham Əliyevlə görüşdən sonra evə sevincək içində qayıdıb.
“Elə bir sevinc idi ki, gözlərindən oxunurdu. Dedi: Nənə, o məni çox mehriban qarşıladı. Əllərim üşüyürdü, əlimdən tutdu, əllərim bir anda isindi. O mənə suallar verdi, mən də cavab verdim. Birlikdə gəzintiyə çıxdıq. Muzeyə baxdıq, muzeyin üstün hissəsinə çıxdıq, amma altına girmədik”.
Sevil xanım Nilayın indi Dünya məktəbində oxuduğunu qeyd edib.
“Hazırda Nilay ikinci sinif şagirdidir. Müəllimləri ilə mütəmadi əlaqə saxlayıram. Hamısı onu çox tərifləyir. Dərslərini yaxşı mənimsəyir, qavrayışı güclüdür. İngilis dilində də səlis danışır”.
“Raketin düşdüyü yer hələ də Nilayın yaddaşındadır”,- deyə Nilayın nənəsi söyləyib.
Hadisələrdən bir müddət sonra Nilay dağıntı bölgəsinə getmək istəyirdi, deyirdi:
“Məni o "dağılmış yerə" aparın. Nilay, hətta ora gedəndə, kuklalarla və güllərlə düzülən yerin içindən öz oyuncağını da tapıb götürmüşdü...”
O, həmçinin Nilayın ata və anasıyla bağlı xatirələrindən də bəhs edib:
“Nilay deyirdi: Anam kitabı açıb önümdə qoyurdu, şəkilləri göstərirdi, adlarını soruşurdu. Anamla gizlənqaç oynayırdıq. Çadıra girirdik, anam məni tapa bilmirdi…”
Sevil xanımın sözlərinə görə, dəhşətli hadisələrdən sonra Nilay bir həftə danışa bilməyib:
“Şok içində idi. Danışanda isə ilk dediyi söz bu oldu: - Ata məni torpağın üstünə tulladı. Qaçdı və qışqırdı. Mən atadan küsmüşəm”
Sevil xanımla söhbətin ardından Nilayın evdə olduğunu öyrənib onunla da söhbətləşdik:
Nilay sevincək halda təəssüratlarını bölüşərək deyir:
“İlham babanın əlləri çox isti idi. Əlini tutanda özümü çox qorunaqlı və rahat hiss etdim. O həm də hündürboy idi. Çox yaxşı baba idi. Mənimlə mehriban və gülərüzlə danışırdı.
Muzeyin içərisinə girəndə dedim: - İlham baba, bura nə qəşəngdir. Mən buranı heç vaxt görməmişdim”.