Son aylarda beynəlxalq mediada Azərbaycana qarşı qərəzli və təxribat xarakterli yazıların sayı artmaqdadır.
Həmin materialları hazırlayanlar da, dərc edənlər də yanlışlığa yol verdiklərini özləri hamıdan yaxşı bilirlər. Və bunun səbəbini biz də yaxşı bilirik.
Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqil və hər bir ölkə ilə bərabərtərəfli diplomatik fəaliyyət təbii ki, bizə qarşı olanlara yumşaq desək, xoş deyil.
Amma Azərbaycan üçün milli maraqları hər şeydən üstdədir.
Diqqət edin, Avropa və ABŞ mediasında yayımlanan materiallarda Azərbaycan dövləti və ölkə rəhbərliyi əsassız şəkildə hədəfə alınır.
Polşa, Fransa və Almaniyada dərc edilən qəzetlərdə, xəbər saytlarında Azərbaycanın post-müharibə dövründə atdığı addımlar qərəzli şəkildə hədəfə alınır. Buna yalnız Azərbaycan mediasının cavab verməsi yetərli deyil. Xaricdəki diplomatlar da bəzi hallarda bu böhtanlara cavab verir.
Məsələn, bu günlərdə Azərbaycanın Polşadakı səfirliyinin müşaviri Rövşən Axundov "New Eastern Europe" jurnalında dərc edilən təxribatçı fikirlərə cavab verib.
O, müəllifin iddialarının obyektivlikdən uzaq olduğunu əsaslandırıb.
Rövşən Axundov qeyd edir ki, Azərbaycan haqqında böhtan dolu məqalə anonim mənbələrin və “naməlum hüquq müdafiəçilərinin” açıqlamalarına söykənir, bu da məlumatların etibarlılığını şübhə altına alır.
Onun sözlərinə görə, təqdim edilən arqumentlər faktlara yox, subyektiv yanaşmaya əsaslanır.
Diplomat vurğulayıb ki, Azərbaycanda media azaddır, 5100-dən çox media qurumu fəaliyyət göstərir və internet istifadəçilərinin sayı əhalinin 80 faizindən çoxunu təşkil edir. “Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra həyata keçirilən təhlükəsizlik tədbirlərini repressiya kimi qələmə vermək düzgün deyil, çünki bu, insan hüquqları məsələsinin siyasi təzyiq alətinə çevrilməsinə gətirib çıxarır”, - məqalədə deyilir.
Bu məqalə öz effektini verdi. Və təbii ki, Azərbaycan diplomatının belə tutarlı cavab məqaləsi təqdirəlayiqdir. Amma bu, bir-iki nəfərlə yekunlaşmamalıdır.
Çox müsbət hal olardı ki, bu yanaşma fərdi deyil, sistemli olsun. Doğrudur, söhbət Azərbaycana qarşı sifarişdən gedirsə, bunun qarşısının alınması mümkün görünmür. Sadəcə, xarici ölkələrin media qurumlarında vaxtaşırı çıxış etmək belə sifarişləri görünməz edə bilər.
Hesab etmək olar ki, səfirliklərimizin susqunluğu fonunda Azərbaycan rəhbərliyi və dövlətin mövqeyi hədəfə alınır, hətta böhtan xarakterli materiallar belə cavabsız qalır.
Ölkəmizlə bağlı əsassız, hətta təhqiramiz ittihamlar yayıldıqda səfirliklərimizin səsi eşidilmir kimi məqamlar olmamalıdır.
Müşahidələr göstərir ki, bəzən diplomatlarımızı sanki vəzifələrini yalnız tədbirlərdə iştirak etmək, protokol şəkilləri paylaşmaqla bitmiş hesab edirlər.
Bu susqunluq isə Azərbaycanın haqq işini kölgədə qoyur, düşmənlərin uydurduğu yalanların isə daha geniş yayılmasına şərait yaradır.
Ola bilsin ki, fərqli ölkələrdə səfirliklərimizin bu saxta kampaniyaların qarşısının alınması üçün ciddi işləri var. Amma bu, bizə məlum deyil. Halbuki onlar jurnalistləri toplayaraq brifinqlər keçirə, məqalələrlə çıxış edib ictimai rəy formalaşdıra bilərlər.
Yaranmış durumu analiz etdikdə elə bir təsəvvür yaranır ki, bəzi diplomatlarımız özlərini heç kimlə qarşıdurmaya girmək istəməyən neytral müşahidəçi kimi aparırlar.
Niyə, cənab diplomat, beləmi olmalıdır…
Cavabsız qalan ittihamlar elə həm də diplomatlarımızın imicini zədələyir.
Axı ölkəmizin ünvanına atılan böhtan və yalanların cavabsız qalması ictimai rəydə yanlış təsəvvür formalaşdırır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev beynəlxalq platformalarda ölkəmizin maraqlarını müdafiə etmək üçün kifayət qədər prinsipial mövqe sərgiləyir.
Bunu 44 günlük Vətən savaşında da, ondan sonrakı dövrlərdə də gördük.
Odur ki, ümumən diplomatik korpusun bu fəallığa dəstək verməməsi narahatlıq doğurur. Vətən müharibəsi zamanı informasiya müharibəsində dövlət başçısının çıxışları ilə yanaşı, bütün diplomatik korpus koordinasiyalı fəaliyyət göstərirdi, indi isə bu istiqamətin zəiflədiyi müşahidə edilir.
Qərb mediasında Azərbaycan haqqında yazılan hər birtərəfli yazıya cavab verilməsə də, ən azından əsas ölkələrdəki səfirliklərimizdən prinsipial açıqlamalar eşidilməlidir. Ən azından belə addımlar atılmalıdır.
Başqa bir gerçəkliyi diqqətə çatdıraq. Azərbaycan mediasında hansısa ölkə haqqında doğrunu əks etdirən adi bir neqativ xəbər dərc olunanda həmin ölkələrin səfirləri dərhal etiraz edir, açıqlama verir, hətta redaksiyalarla əlaqə qururlar.
Biz jurnalistlər belə hallara dəfələrlə şahidlik etmişik.
Görünən odur ki, bizim diplomatlarımız isə çox vaxt yazılanları sadəcə izləməklə kifayətlənirlər.
Bu yazıları oxuyanda adamda elə bir təəssürat yaranır ki, sanki Azərbaycan tənhadır, sanki kimsə haqq səsini müdafiə etmir.
Xarici İşlər Nazirliyi (XİN) də məsələyə sistemli yanaşmalı, səfirliklərə konkret təlimatlar verməlidir.
Diplomatik nümayəndəliklərin vəzifəsi yalnız protokol tədbirlərində iştirak və ya iqtisadi əlaqələrin təşviqi ilə məhdudlaşmamalıdır.
Onlar milli maraqların beynəlxalq müstəvidə qorunması üçün fəal şəkildə informasiya işini aparmalı, Azərbaycanın haqq səsini çatdırmalı, dezinformasiyalara dərhal reaksiya verməlidirlər.
Diplomatlarımıza bu istiqamətdə hansı formada işləmək təlimatı verildiyini öyrənmək üçün XİN-lə əlaqə saxlasaq da, təəssüf ki, sualımıza cavab ala bilmədik.
Bilməliyik ki, milli maraqların müdafiəsi hər bir səfirin, hər bir diplomatik nümayəndəliyin gündəlik fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməlidir.
Çünki informasiya müharibəsində susmaq düşmənlərin yalanlarının təsirini gücləndirir, həqiqəti isə kölgədə qoyur.
Azərbaycan diplomatları beynəlxalq mediada yayılan hər bir böhtana vaxtında və prinsipial şəkildə cavab verməlidir.
Ancaq bu halda ölkəmizin mövqeyi daha inamlı şəkildə müdafiə olunacaq və ictimai rəydə saxta təsəvvürlərin yayılmasının qarşısı alınacaq.
Azərbaycan ictimaiyyəti istəyir ki, ölkəmizin adı hallananda qürurla desin: “Bəli, bizim səfirliyimiz də dərhal cavab verdi, haqqımızı qorudu”.
Bu duyğunu yaşamaq bizim haqqımızdır!
Sizdən bunları gözləyirik, cənab diplomatlarımız.
Elnur Əmirov