Ötən ay “Azərbaycan Hava Yolları” (AZAL) hava gəmiləri parkına yeni sərnişin təyyarəsi əlavə edib. Yeni “Airbus A320neo” tipli sərnişin təyyarəsi müasir interyer və geniş imkanlarla təchiz olunub.
Təyyarə göyərtəsində xoş və komfortlu mühit yaradılaraq həm biznes, həm də ekonom sinif sərnişinləri üçün rahat səyahət şəraiti təqdim olunur. Uçuş zamanı sərnişinlər müxtəlif əyləncə imkanlarından istifadə edə, vaxtlarını daha səmərəli keçirə bilərlər.
Təyyarənin ictimaiyyətə təqdimatından sonra isə AZAL-a məxsus istismar müddəti ən çox olan və ən çox uçuş həyata keçirən təyyarələr xüsusilə diqqət çəkib.
Modern.az-ın sorğusuna cavab olaraq AZAL-dan bildirilib ki, şirkətin ən uzun müddətdir istifadədə olan təyyarəsi dar gövdəli "Airbus A319"dur. Onun istismara verilmə tarixi 2005-ci ilə təsadüf edir.
Ən yeni təyyarə isə AZAL tərəfindən keçən ay alınmış yeni təyyarə - "Airbus A320neo"-dur. Onun istehsal ili 2025, sərnişin tutumu isə 156 nəfəri əhatə edir.
Hazırda AZAL-ın aktiv təyyarə parkında ümumilikdə 24 təyyarə var. Onlar arasında 4 ədəd "Boeing" (geniş gövdəli), 7 ədəd "Embraer" (regional jet), 13 ədəd "Airbus" var (dar gövdəli).
Qeyd edək ki, aviaşirkət tərəfindən hazırda əlavə olaraq yaş lizinqlə (“wet lease”) 4 ədəd "Airbus A320" təyyarəsi istismar olunur.
Son bir il üzrə ən çox uçuş həyata keçirən təyyarələrə gəldikdə isə buraya 2 kateqoriyada nəzər salmaq mümkündür.
Belə ki, reys sayı üzrə "Embraer 190 VP-BRU" liderliyə sahibdir. Təyyarə ümumilikdə 2243 uçuş edib. Uçuş saatına gəldikdə isə "Airbus A319 4K-AZ04" təyyarəsi indiyədək 3999 saat uçuş həyata keçirib