Azərbaycanda su tariflərinin diferensiallaşdırılması nəzərdə tutulur. Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədrinin müşaviri Əsəd Şirinovun sözlərinə görə, diferensiallaşdırma vasitəsilə aşağı gəlirli əhali qrupları üçün daha əlverişli tariflər, çox su istehlak edən və kommersiya fəaliyyəti ilə məşğul olanlar üçün isə fərqli qiymət səviyyələri müəyyən ediləcək.
Rəsmi məlumata görə, model hazırlanarkən Türkiyə və Avropa ölkələrinin təcrübələri öyrənilib. Bu ölkələrdə tətbiq olunan diferensial tariflər həm sosial müdafiə məqsədi daşıyır, həm də su israfının qarşısını almağa yönəlib. Azərbaycanda da oxşar mexanizmin yaradılması üçün strategiya çərçivəsində araşdırmalar aparılır və təklifin Tarif Şurasına təqdim olunması nəzərdə tutulur.
Əsəd Şirinov bildirib ki, diferensial tarif anlayışı bəzən ictimaiyyətdə qiymət artımı kimi qəbul olunsa da, məqsəd aşağı gəlirli vətəndaşları qorumaq və sosial ədaləti təmin etməkdir. Onun sözlərinə görə, bu sahədə “Azərqaz” və “Azərişıq”ın təcrübəsindən də istifadə ediləcək.
Qeyd edək ki, Azərbaycanda qaz və elektrik enerjisində bir müddətdir diferensial qiymətlər tətbiq edilir.
Modern.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Rövşən Muradov qeyd edib ki, diferensial su tarifləri tətbiq olunarsa, burada əsas məqsəd vətəndaşın xərclərini artırmaq yox, onları sudan səmərəli istifadəyə təşviq etməkdir.
“Hazırda qaz və elektrik enerjisində olduğu kimi, suyun dəyərinin tənzimlənməsi məsələsi də qanunvericilikdə nəzərdən keçirilir. Məqsəd əhalinin üzərinə əlavə yük qoymaq deyil, sudan səmərəli istifadəyə nail olmaqdır”.
O eyni zamanda diqqətə çatdırıb ki, su təbii nemətdir və ölkəmizin içməli su ehtiyatları məhduddur: “Bu səbəbdən su ehtiyatlarından düzgün və qənaətli istifadə dövlətin prioritet istiqamətlərindən biridir. Hazırda sözügedən istiqamətdə beynəlxalq təcrübə öyrənilir və analizlər də aparılır.
Məsələn, bəzi ailələr az su istifadə etdiyi halda, bəziləri israfçılığa yol verir. Nümunə olaraq, 4 nəfərlik ailənin orta aylıq su istehlakı 15-20 kubmetr təşkil edir. Bu da təqribən elə 15-20 manat civarındadır. Amma elə ailələr var ki, xüsusilə yay aylarında 50 kubmetrdən çox su sərf edirlər. Bu, həm israfçılıq, həm də dövlət üçün əlavə yük yaradır”.
Deputat vurğulayıb ki, məhz buna görə də, diferensial su tariflərinin tətbiqi məsələsi gündəmdədir: “Yəni diferensiallaşmanın tətbiqi ilə az su istifadə edən ailələr üçün qiymət aşağı, daha çox istifadə edənlər üçün isə nisbətən yüksək ola bilər.
Məsələn, ayda 10 kubmetrə qədər su sərf edənlər bir qiymətlə, 10–20 kubmetr arası istifadə edənlər isə fərqli tariflə ödəmə edə bilərlər. Məqsəd insanları qənaətə təşviq etməkdir. Ancaq bu hələlik sadəcə müzakirə edilən bir məsələdir”.
O, həmçinin bildirib ki, bəzi ailələrdə su sayğacları yoxdur və buna görə də ödəniş “adambaşına” hesablanır:
“Sistemin tamamilə sayğaclarla əvəzlənməsi su ehtiyatlarından səmərli istifadəsi baxımından da daha yaxşıdır.
Mütləq vurğulanmalıdır ki, içməli su ilə bağların, qazonların suvarılması, eləcə də avtomobil yuyulması məqsədilə istifadəsi doğru deyil. Çünki içməli su yalnız insanların gündəlik tələbatı üçündür. Qeyri-məişət məqsədləri üçün ayrıca texniki su mənbələri var”.
R.Muradov nəzərə çatdırıb ki, sözügedən məsələ ilk növbədə Tarif Şurasında müzakirə edilməlidir: “Hələlik bununla bağlı yekun qərar qəbul edilməyib. Təhlillər aparıldıqdan, beynəlxalq təcrübə və yerli reallıqlar nəzərə alındıqdan sonra qərar veriləcək”.
Deputatın fikrincə, su sahəsində diferensial qiymətlər insanları məcbur deyil, sövq edəcək ki, onlar kor-koranə sudan istifadə etməsinlər:
“Fərz edək ki, 15 tondan sonra qiymət 10 qəpik, yaxud 50 tondan sonra 20 qəpik artacaq, qazda və işıqda necə ki limitlər var burada da eyni qaydada tənzimlənəcək. Bu əslində insanların gəlirləri və xərcləri arasında da müəyyən bir tarazlaşdırılmış mühitin formalaşdırılmasına xidmət edəcək.
O bildirib ki, diferensiallaşmanın tətbiqi ilə balanslaşdırılmış qaydada suyu az istifadə edən az, çox istifadə edən isə çox ödəniş edəcəklər.
"Bir daha qeyd edirəm ki, burada dövlətin məqsədi vətəndaşın xərclərini artırmaq yox, israfçılığın qarşısını almaq və su ehtiyatlarını qorumaqdır", - deyə R.Muradov fikrini tamamlayıb.