Modern.az

FHN əməkdaşı həbs edildi - İş yoldaşını aldadıb 66 min manatını alıb

FHN əməkdaşı həbs edildi - İş yoldaşını aldadıb 66 min manatını alıb

Ölkə

8 Oktyabr 2025, 13:48

Fövqəladə Hallar Nazirliyinin “Azərinşaatlayihə” institutunun sabiq mühəndisi iş yoldaşını aldatmaqda ittiham olunur.

Modern.az-ın əldə etdiyi məlumata görə, institutun Ofelya adlı əməkdaşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda dələduzluq) ilə təqsirli bilinib.

Məlumata görə, Ofelya 2021-ci ildə iş yoldaşı Fəridi çoxmərtəbəli binadan mənzil alacağına inandırıb. O, Fəridə binadan biri 42,5 kv.m-lik, digəri isə 69,5 kv.m-lik iki mənzilin satılacağı və yaxın vaxtlarda təhvil veriləcəyi barədə yalan vəd verib.

Fərid bu təklifə inanaraq müxtəlif tarixlərdə Ofelyaya ümumilikdə 66 min 100 manat məbləğində vəsait verib. Lakin nə mənzil alınıb, nə də pul qaytarılıb.

Sonradan təqsirləndirilən şəxs istintaq zamanı 30 min manat hissəni geri qaytarıb, qalan məbləği ödəməkdən boyun qaçırıb.

FHN əməkdaşı məhkəmədə özünü təqsirli bilməyib. O, pulu “borc kimi” aldığını, heç kimə mənzil vəd etmədiyini bildirib. Lakin iş materiallarında olan səs yazıları, WhatsApp yazışmaları və şahid ifadələri bu versiyanı təkzib edib.

Məhkəmədə dindirilən şahidlər də təsdiqləyiblər ki, pullar mənzil almaq adı ilə verilib, söhbət borcdan getməyib.

İş materiallarında təqdim olunan səs yazısında Ofelyanın zərərçəkmişə evləri təhvil verəcəyi barədə danışdığı müəyyən olunub. Yazışmalarda da aldığı məbləğlər və vədlər açıq şəkildə qeyd edilib.

Məhkəmə hesab edib ki, Ofelya Abbasova tamah niyyəti ilə etibardan sui-istifadə edərək özgə əmlakını ələ keçirib və bu əməl Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə tam uyğundur.

Məhkəmənin hökmü ilə Ofelya Abbasova 5 il müddətinə azadlıqdan məhrum edilib. 

Həmçinin təqsirləndirilən şəxs  zərərçəkmişə 36 min 100 manat maddi zərər, 3 min manat mənəvi zərər və 208 manat dövlət rüsumu olmaqla ümumilikdə 39 min 308 manat tutulmasına qərar verilib.

Elnur Əmirov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan VƏHŞİLİK - Azərbaycanlılar Moskva hava limanında saxlanıldı