Bakıda sosial şəbəkədə yaranan mübahisə ağır cinayətlə nəticələnib.
Modern.az-ın əldə etdiyi məlumata görə, Masallı rayon sakini Elvin M. (ad şərtidir - red.) “TikTok”da yazılan bir şərh üstündə əvvəllər tanımadığı Rauf A. ilə mübahisə edib. Elvin məsələyə aydınlıq gətirmək üçün Raufla əlaqə saxlayaraq görüş təyin edib.
28 aprel 2025-ci il tarixində, axşam saatlarında Biləcəri qəsəbəsində görüşən gənclər əvvəlcə söhbət ediblər, sonra birlikdə Raufun evinə gediblər.
Qısa söhbətdən sonra ərazidən ayrılan Elvin bir qədər keçmiş, gecə saat 01:00 radələrində yenidən həmin evə qayıdıb. O, evə icazəsiz daxil olaraq çantasında olan bıçaqla Rauf A.-ya çoxsaylı zərbələr endirib.
Ağır yaralanan Rauf A. hadisədən sağ çıxıb. Elvin M. isə törətdiyi əməl barədə dərhal “102” xidmətinə zəng edib və polisə könüllü şəkildə təslim olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elvin M. qəsdən adam öldürməyə cəhd və mənzil toxunulmazlığını pozmaqda təqsirli bilinib. Məhkəmə qərarı ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, cinayəti törətməkdə ittiham olunan şəxs Vətən müharibəsi qazisisir.