Bu il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Bakı şəhərində metro stansiyalarına yeni adların verilməsi nəzərdə tutulub. Bu barədə Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında qeyd edilib. Amma bu barədə hələlik heç bir rəsmi açıqlama verilməyib.
Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə Bakı Metropolitenində stansiya adlarının dəyişdirilməsi ilə bağlı prosedur belə izah edib:
Bakı Metropoliteni QSC-nin rəhbərliyi tərəfindən Nazirlər Kabineti yanında fəaliyyət göstərən adqoyma komissiyasına müraciət edilir. Bu müraciət əsasında stansiya adlarının dəyişdirilməsi prosesi həyata keçirilir.
O bildirib ki, sonuncu dəfə Koroğlu stansiyasının adı dəyişdirilib.
“Ondan əvvəl də bir sıra metro stansiyalarının adları dəyişdirilib. Hazırda da müəyyən gözləntilər var, lakin dəqiq məlumat yoxdur ki, Metropoliten rəhbərliyi tərəfindən Nazirlər Kabinetinə, müvafiq komissiyaya bu məsələ ilə bağlı müraciət olunub, ya yox”.
Millət vəkili əlavə edib ki, sözügedən məsələ ictimai fikirdə zaman-zaman müzakirə olunur və diqqətə gətirilir:
“Yeni stansiyaların açılması da gözlənilir və bununla bağlı artıq məlumatlar verilib. Təbii ki, bəzi stansiya adlarının yenilənməsinə ehtiyac olduğu ilə bağlı bir sıra fikirlər də mövcuddur”.
Deputat vurğulayıb ki, ictimai rəy və cəmiyyətdə bu məsələ ilə bağlı müəyyən prosedurlar var, qeyd edilən məsələ ictimailəşirsə, təbii ki, aidiyyəti qurumlar tərəfindən də müvafiq addımların atılması istisna edilmir”,- deyə o fikrini tamamlayıb.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev də məsələyə öz münasibətini bildirib:
Deputatın sözlərinə görə, bu məsələ bir neçə dəfə gündəmə gəlib və cəmiyyət tərəfindən də müxtəlif fikirlərlə qarşılanıb.
“Düşünürəm ki, metro stansiyalarının adlarının dəyişdirilməsi məsələsinə çox həssas və düşünülmüş şəkildə yanaşmaq lazımdır. Çünki bu, həm tarixi, həm də ictimai aspektlərdən vacib mövzudur”.
R.Nurullayev onu da nəzərə çatdırıb ki, əgər ad dəyişikliyi ediləcəksə, bu, ölkəmizin Konstitusiya və suverenlik prinsiplərinə uyğun şəkildə, milli kimliyimizi, müstəqilliyimizi və tariximizi daha dolğun əks etdirəcək adlarla həyata keçirilməlidir:
“Lakin mənim bildiyim qədərilə bu məsələdə hələlik konkret qərar yoxdur. Bu, bir prosesdir və müvafiq dövlət qurumlarının razılığı, həmçinin ictimai rəy nəzərə alınmaqla həyata keçirilə bilər. Əgər il sonuna qədər bu istiqamətdə addımlar atılarsa, bu, milli dəyərlərimizin və dövlətçilik ənənəmizin təbliği baxımından müsbət bir addım ola bilər “,- deyə deputat qeyd edib.