Modern.az

Dünyanın ən gözəl KƏNDİ

Ölkə

14 Oktyabr 2025, 10:43

Yazının başlığı bəlkə də hər kəsin gözləri önünə öz doğulduğu yeri gətirəcək. Bu hissi keçirmək hər kəsin haqqıdır.

Amma siz bir də bu yazını sona qədər oxuyun…

Oxuyun ki, dünyanın ən gözəl kəndini tanıyasınız, adını, harada yerləşdiyini biləsiniz.

Cəmi yüz iyirmi evi olan bir kənd.

Dörd tərəfini dağlar hasara alıb. 

Dörd tərəfdə də dağların ətəyi meşədi, 

Meşənin qucağında cəmi yüz iyirmi evi olan bir kənd.

Dağlardan, dərələrdən axıb gələn bulaqlar çay olub kəndin ortasından keçir, onu ikiyə bölür.

Meşələrdə hər cür ağac görə bilərsən, meyvə ağacı, müalicəvi ağac, yabanı ağac…

İlin bütün fəsillərində meşələrdə quş səsi eşidilir. 

Bəzən sevincdən cəh-cəh vuran səs,

bəzən də təhlükəni xəbər verən nida…

Bu meşələrdə vəhşi heyvanlar da az deyil...

Kəndin hər daşının, hər ağacının altından bir bulaq çıxır.

Hər bulağın da öz adı, öz dadı, öz zümzüməsi var...

Sarı bulaq, Göy bulaq, Gur bulaq, Ələsgərli bulağı, Qonşu bulaq, Küsəyən bulaq, Soyuq bulaq, Böyük bulaq, Dərman bulaq…

Bulaqların ətrafında yarpız ətri insanı məst edir, lilpar gözəlliyi göz qamaşdırır...

Səhənglə suya gələn qız-gəlinlər bulaqlara ayrı bəzək verir. Onların arasında ürkəyi də var, ceyran kimi hövləng ora-bura baxanı da, cəsarətlisi də...

O bulaqlar həm də sevgililərin baxışdığı məkandı…

Meşələrin üstündə dağlar boylanır.

O dağların hər qarışında yüz rəngdə, yüz adda gül-çiçək naz edir, dəniz kimi yellənir.

Çəmənliklərdə hər otun bir şəfası var.

Kəklikotu qayalarda dua kimi açır.

Orada buludlar dağlardan aşağıda olur.

O kənddə yaz da gözəldi, yay da, payız da, qış da.

Sanki fəsillərin gözəllikləri biri-biri ilə bəhsə girir.

Elə bil Allah dünyanı yaradanda bütün gözəllikləri yığıb bu kəndin üstünə səpib.

Bu gözəllikdən doymaq olmur.

Gecələr ulduzların sıxlığından göy üzünü görmək mümkün deyil.

Və bu gözəlliklərin içində cəmi yüz iyirmi ev.

Kənddə heç bir evin hasarı yoxdu.

Qapılar qıfılsızdı.

Evləri kənd adamları öz əlləri ilə tikir.

Bir ev tikiləndə bütün qonum-qonşular yığışır.

Biri daş daşıyır, biri palçıq qarışdırır, biri yemək bişirır.

Ustaya nəmər verirlər, ev sahibinə kömək edirlər...

Ev hazır olanda hamı “ev görməyə” gedir,

hər kəsin də əlində bir pay, dilində bir xeyir-dua.

Burada ev çörək kimi, torpaq kimi müqəddəsdi.

Bu kəndin adamları paylaşmağı, bölüşməyi bacarır.

Çörəyi də, sevinci də, dərdi də, toyu-yası da.

Hər ev bir ünvandı,

bilirsən, həkim kimdi, dərman kimdi,

kimdən borc almaq olar, kim dua oxuyar.

Burda “əl tutmaq”, “kömək etmək” var,

bunu etməyənə pis baxırlar.

Ağsaqqal bu kəndin nurudu.

Onu hamı sayır, dilbilməz uşaq da, göylərlə əlləşən dəli də...

Uşaqlara qayğıkeş, ilğım sevgi ilə baxarlar,

ən dəcəlini də, ən sakitini də əzizləyirlər.

Baba, nənə varlığı bu kəndin yaraşığıdır. Kənddə hamı onları xeyir-dua yeri bilir.

Hər adamın öz həyat düzəni var, hər kəs dolanışığını bir cür tapır.

Çobanı öz qoyun sürüsü ilə, 

arıçısı öz arıları ilə,

bağbanı öz ağacları ilə,

müəllimi öz şagirdləri ilə çox xoşbəxtdir.

Həyat bu kənddə əziyyətlidi, amma çox mənalıdır.

Saflıq, dürüstlük bu kənddə yaşayanların xarakterləridir, xarakterləri yaşadıqları yerin təbiəti kimidir...

Çox sərtdilər, amma təmiz və dürüsdürlər, inanırlar, güvənirlər...

Bir toy olanda kənd elliklə, evliklə sevinclə dolur.

Mağarı qonum-qonşu qurur, içini qızlar bəzəyir.

Toy sahibinin işi ancaq baxmaq, sevincini paylaşmaq olur.

Hamı gülür, oynayır, sevinir.

Kişilər ayrı, qadınlar ayrı yeyir,

rəqs yerində bəzən hamı bir yerə toplaşır 

Bəli, bir toy bütün kəndin toyudu,

bayramı hamı bir yerdə yaşayır.

Yas olanda kənd elliklə, evliklə yasa batır.

Radio, televizor söndürülür, pəncərələrə pərdə çəkilir.

Hamı hüzrə qoşulur.

Bayramlarda tonqal yandırılmır, ta yas sahibi icazə verənə qədər gözləyirlər.

Kəndin hər bir sakini yas yükünə əl atır,

bir işi, bir yükü paylaşır.

Yas sahibinin dərdinə şərik olur.

Sevmək də bir başqadı bu kənddə,

biri-birini dəlicəsinə sevənlər qarşılaşanda nəfəsləri tutulur,

dilləri topuq çalır,

lalə kimi qızarırlar.

Elçilik böyük bir mərasim, sanki tarixlərdən süzülən bir hekayənin davamıdır.

Boşanma adını eşidən olmayıb.

Kimsə kiməsə əyri baxmır,

çünki kəndin gözü var, kəndin bu gözü hər zaman kəndin namusunun üstündədir. Bir nəfərin namusu bütün kəndin namusudur…

Hamilə gəlinlər müqəddəs sayılır, hamı onlardan, onlar da hamıdan utanır…

Ən dadlı yeməklər qonum-qonşu hamilə gəlinlərə göndərir.

Qadınların qeybəti, kişilərin söhbəti bir başqadır.

Dünya siyasətinə çox maraqlı yorum verirlər.

Uşaqlar böyüklərdən həya edir, onları görən kimi papaqlarını çıxarırlar.

Bütün bunlar meşənin qucağında xoşbəxt bir kəndin gerçəklikləridir.

Nağıl deyil.

Bu kənd bizim kənddi,

bu kənd dünyanın ən gözəl kəndidir. 

Ermənistan işğal edənə qədər belə idi bizim kənd.

30 il işğalda qaldı, gedə bilmədik, görə bilmədik, yaddaşımızdakı kəndimizlə yaşadıq.

İndi kəndimiz azaddı.

Mən tez-tez gedirəm ora.

Niyə getdiyimi bəzən özüm də bilmirəm,

Çəkən qüvvə var, bildiyim tək odur,

Düşünürəm bəzən güc almağa,

bəzən özümü tapmağa,

bəzən uşaqlığımı görməyə,

bəzən ürəyimi boşaltmağa gedirəm.

Hər dəfə bir səbəblə, bir bəhanəylə gedirəm, bunu özüm də bilirəm.

Amma eyni hisslə qayıdıram.

Bir nisgillə geri dönürəm.

Çünki…

Artıq orda Sizə nəql etdiyim heç nə yoxdu,

qohum yoxdu, qonşu yoxdu, ev yoxdu.

Qəbir yoxdu, hamısının külə dönmüş yeri var.

Təsəllim budu ki, “bura bizim kənd idi” deyə bilirəm.

“Bura bizim kəndin qəbiristanlığı idi” deyə bilirəm,

amma başını daldalamağa bir uçuq ev,

üstündə ağlamağa bir qəbir tapmıram.

“Burda uşaqlığım keçib” deyirəm,

amma bunu sübut etməyə bir daş, bir dost, bir səs yoxdu.

Elə bil təbiət də dəyişib,

Dağ da, daş da, su da, hava da əvvəlki deyil.

Sən demə kəndi kənd edən dağ-daş deyil, insan imiş.

İndi o insanlar yoxdu.

Bunları bilə-bilə mən hər dəfə kəndə gedəndə ürəyimdə o köhnə kəndi aparıram.

O səsli, o təmiz, o sevinc dolu kəndlə yol yoldaşı oluram.

Gerçəkliyi bilirəm, amma yenə də nə sirdisə özlüyümdə işğaldan əvvəlki kəndə gedirəm.

Mənim üçün Sarıdaş hələ də dünyanın ən gözəl kəndidi.

İndi orda nə bir ev var,

nə bir qəbir,

nə bir adam.

Onlardan geri qalan,

yanmış evlərin külü,

dağıdılmış məzarların baş daşlarının qırıntıları,

o torpaq,

hər biri mənim yaddaşımdır. 

O kənd yandırılmış evləri, dağıdılmış qəbirləri ilə

yenə dünyanın ən gözəl kəndidi.

O kənd 1993-cü ildə Ermənistanın işğal edib viran qoyduğu

Kəlbəcərin Sarıdaş kəndidi.

O kənd 2020-ci ildə Azərbaycanın azad etdiyi Sarıdaş kəndidi.

O KƏND DÜNYANIN ƏN GÖZƏL KƏNDİDİR.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyev bu vəzifədən də qovuldu