Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Baş İstintaq İdarəsində Ramiz Mehdiyevə cinayət işi başladılıb.
Məlumata görə, R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.
İstintaq onun yaşını nəzərə alaraq ibtidai istintaq müddətində ev dustaqlığı şəraitində saxlanılmasını uyğun hesab edib.
Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə Milli Elmlər Akademiyasının prezidenti vəzifələrində işləyib. O, dövlət qulluğunun ən yüksək xüsusi rütbəsi olan həqiqi dövlət müşaviri statusuna malikdir.
R.Mehdiyev hazırda Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür. O, həm də hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında təmsil olunur.
Qeyd edək ki, Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin ən ağır maddəsi olan 274-cü (Dövlətə xəyanət) maddəsilə ittiham elan olunub.
Bəs bu maddə ilə ona hansı cəza kəsilə bilər?
Modern.az saytı Cinayət Məcəlləsini araşdırıb.
274-cü maddədə deyilir: Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə - 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Lakin onun yaşı ömürlük azadlıqdan məhrum etmə cəzasının kəsilməsini əngəlləyir.
Belə ki, Cinayət Məcəlləsinin 57.2-ci maddəsində deyilir:
"Ömürlük azadlıqdan məhrum etmə qadınlara, cinayət törədərkən 18 yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək 65 yaşına çatmış kişilərə təyin edilmir".
Məlumdur ki, 1938-ci il təvəllüdlü Ramiz Mehdiyev hazırda 87 yaşındadır. Bu isə onu deməyə əsas verir ki, akademikə ömürlük cəza kəsilməyəcək.
R.Mehdiyevin ittiham olunduğu digər iki maddədə deyilir:
Maddə 278: Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər - 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 193.1: Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və ya digər hüquqi şəxsin yaradılması xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə - cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
A.Qorxmaz