İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür.
Modern.az xatırladır ki, 2003-cü ilin bu günündə keçirilən prezident seçkilərindədə İlham Əliyev səsvermənin 76 faizindən çoxunu toplayaraq dövlət başçısı seçilib. Bununla da Azərbaycan tarixində yeni bir siyasi mərhələ başlayıb.
Həmin ilin oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına tarixi müraciətində bildirib ki, İlham Əliyev yüksək intellektli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir.
"Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkisində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksəkintellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Xalq bu çağırışa sadiq qaldı. 15 oktyabr seçkiləri ilə İlham Əliyev prezident seçildi və ölkənin inkişafında yeni bir dövr başlandı.
İlham Əliyevin 22 illik fəaliyyəti dövründə Azərbaycan bütün sahələrdə mühüm nailiyyətlər əldə edib. İqtisadiyyatın modernləşməsi, infrastrukturun yenilənməsi, vətəndaş rifahının artması ilə yanaşı, ölkənin beynəlxalq nüfuzu da əhəmiyyətli dərəcədə güclənib.
22 illik tarixin ən möhtəşəm məqamı isə Azərbaycanın ərazi bütövlüyünün tam bərpası oldu. 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı Prezident, Ali Baş Komandan İlham Əliyev həm hərbi, həm diplomatik cəbhədə xalqın gücünü bir yumruq kimi birləşdirərək Qələbəyə rəhbərlik etdi. Onun xalqa ünvanladığı müraciətlər həmin günlərin rəmzinə çevrildi.
Bu gün Azərbaycan Prezidentinin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Azad edilmiş torpaqlara həyat qayıdır, köçkünlər doğma yurdlarına dönür. Sosial proqramlar, yeni şəhər planları və yaşıl enerji layihələri ölkənin gələcəyinə inamı daha da möhkəmləndirir.
Azərbaycan bu gün dünyanın siyasi arenasında söz sahibi ölkələrdən biridir, Azərbaycanın fikri və mövqeyi geosiyasi nizamın həll edildiyi bütün masalarda səsləndirilir və nəzərə alınır. İstər Qərbdə, istərsə də Şərqdə Azərbaycan bir çox mötəbər görüşlərin ən mötəbər qonaqları sırasında dayanır. Bütün bunların memarı isə şübhəsiz ki, Azərbaycanın lideri, Prezident İlham Əliyev və onun uğurla icra olunan siyasi xəttidir. İlham Əliyevin dünyanın siyasi arenasındakı şəxsi nüfuzu hər bir azərbaycanlı üçün qürur mənbəyidir.
Qəzzada sülh prosesi ilə bağlı bu günlərdə Misirdə keçirilən beynəlxalq sammitdə ABŞ Prezidenti Donald Tramp da İlham Əliyevin liderlik keyfiyyətlərini xüsusi qeyd edib. O, çıxışı zamanı Azərbaycan Prezidentini çox güclü lider adlandırıb. “Onunla düşmən olmaq istəmərsiniz”, - görüşdən əvvəl Tramp belə deyib.
Bu ifadə İlham Əliyevin qlobal siyasətdə qazandığı şəxsi nüfuzun göstəricisidir.