Modern.az

Mehdiyevin milyardlarla dollarlıq mülklərinə HƏBS QOYULACAQ

Mehdiyevin milyardlarla dollarlıq mülklərinə HƏBS QOYULACAQ

Ölkə

15 Oktyabr 2025, 14:04

Azərbaycan Prezidenti Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib.

Məlumata görə, Mehdiyevə qarşı dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (278-ci maddə), eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamları irəli sürülüb.

Səbail Rayon Məhkəməsi qərarına əsasən, Ramiz Mehdiyev barəsində dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Modern.az-ın araşdırmasına görə, bu maddələr onun əmlaklarına həbs qoyulmasına da hüquqi əsas yaradır.

Mətbuatda yayılan məlumatlara görə, Mehdiyevin ailəsinin nəzarətində onlarla obyekt var. 

Ramiz Mehdiyevə məxsus olduğu iddia edilən əmlaklar arasında Novxanıda yerləşən geniş üzüm bağları və kənd təsərrüfatı təyinatlı torpaqlar, Bakı, Abşeron və Goranboy rayonlarında ümumilikdə 216 hektar kənd təsərrüfatı sahəsi, Novxanıda bağlar, onlarla MMC var.

İddialara görə, Dilarə Əliyeva küçəsi, 251A ünvanında Ramiz Mehdiyevin ailə üzvlərinə və onların yaxınlarına aid olan iki mənzil-tikinti kooperativi (“Topaz” MTK və “Qala-R.L” MTK), “NLT” MMC və “Premium Store” MMC yerləşir. Mehdiyev ailəsinə həm də “NLT” MTK, “Servis” MTK, “Grand Palace” MTK, “Astoriya” MTK, “Astoriya Tibb Mərkəzi” MMC və “Qrandezza” MMC də məxsusdur. Astoriya Tibb Mərkəzi 2020-ci ildən “German Hospital” adı altında fəaliyyət göstərir. “Gandezza” ticarət mərkəzi Bakıda, Nizami adlanan ərazidəki 4 mərtətəbəli binada yerləşir.

Ramiz Mehdiyevin Göyçay, Şamaxı, Göygöl və digər ərazilər də daxil olmaqla, ölkənin regionlarında çoxsaylı villalara sahib olması haqda məlumatlar var.

Mehdiyevin ailəsi BTB ASC Bankının 75 faiz payına nəzarət edir, bankın törəmə müəssisələri “BTB Leasing” və “BTB Kapital İnvestisiya Şirkəti” də bu strukturun tərkibinə daxildir. Onun mülklərinin ümumi dəyərinin milyardlarla ölçüldüyü qeyd olunur.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, 274, 278 və 193-1-ci maddələr xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir.

193-1-ci maddə (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) üzrə istintaq zamanı əmlaka həbs qoyulması mütləq prosesual tədbir sayılır.

Əgər istintaq və məhkəmə nəticəsində həmin əmlakların cinayətlə əlaqəli və ya qanunsuz yolla əldə olunduğu sübut edilərsə, onlar müsadirə edilə və dövlətin mülkiyyətinə keçirilə bilər.

Bu baxımdan, Mehdiyev işində istintaqın növbəti mərhələsində onun və ailə üzvlərinə məxsus obyektlərə məhkəmə qərarı ilə həbs qoyulacağı ehtimal olunur.

Elnur Əmirov

Sizə yeni x var
Keçid et
Mehdiyevin Əli Kərimliylə gizli əlaqəsi - Putinin məkirli planı