Azərbaycanda "5-ci kolon"a qarşı mübarizəyə start verilib. Məhz bu əməliyyatların ilkin mərhələsində Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində cinayət işi açılıb. R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.
İatintaq müddəti üçün 4 aylığa ev dustaqlığına məhkum edilən akademikin dövlətə xəyanət kimi ağır ittihamla suçlanması ictimai rezonansa səbəb olub.
Müxalifət liderləri də Ramiz Mehdiyev olayına münasibət bildiriblər.
Modern.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, Ramiz Mehdiyev işinə Azərbaycanın daxili və xarici siyasətinin tam müstəqilləşməsi istiqamətində atılan addımın tərkib hissəsi kimi baxır:
"Azərbaycanı müxtəlif ölkələr, xarici mərkəzlər özlərinin təsir dairəsində saxlamaq istəyir. Azərbaycan torpağı işğal altında olanda bundan istifadə edənlər çox idi. Vətən müharibəsindən əvvəl belə bir xətt götürülmüşdü ki, hər hansı ölkənin Azərbaycanda təsir agentləri zərərsizləşdirilsin.Vətən müharibəsindən sonra o xətt daha da sürətləndi. Ramiz Mehdiyev ən qocaman təsir agentlərindən biriydi. Rusiya ilə bağlı adamdı. Vəzifədə olarkən daha çox Rusiyanın maraqlarına xidmət edirdi, nəinki Azərbaycana. Azərbaycan hakimiyyəti təmkinlə, sakit şəkildə, emosiyaya qapılmadan işini gördü ki, nəticə əldə olunsun. Bu addım 3-5 il əvvəl də atıla bilərdi. Müəyyən şərait yetişməliydi ki, Ramiz Mehdiyev zərərsizləşdirilsin. Ramiz Mehdiyev işi atılan addımların kulminasiya nöqtəsidir. Bu, cəmiyyətdə də müsbət qarşılanır. Hər kəs fikirləşirdi ki, ölkədə nə pisliklər varsa, bu adamın adı ilə bağlıdı. Qarabağ Azadlıq Təşkilatına qarşı da çox dəhşətli, ögey münasibət göstərilirdi. Müxtəlif adamların vasitəsilə həmin münasibəti eşidirdik. 1999-cu ildə biz həbs olunanda bir nəfər ictimai xadim Ramiz Mehdiyevə zəng edib "Qarabağ Azadlıq Təşkilatının rəhbər üzvləri tutulub" deyəndə, ona cavab vermişdi ki, "Qarabağ sənin nəyinə lazımdır?".
Partiya sədri vurğulayıb ki, Ramiz Mehdiyev həbsxana divarları arasında ölməlidir:
"Əsas budur ki, Azərbaycan tam müstəqil daxili və xarici siyasət yeritsin. Daxildə hansısa proksi, təsir agentləri Azərbaycan siyasətinə təsir imkanlarından məhrum edilməlidir. Ramiz Mehdiyevlə bağlı qərar bu istiqamətdə atılan addımdır. Bunun çox ciddi təsiri olacaq. Cəmiyyətdə belə bir sosial sifariş də var ki o həbs olunmalıdır. Mən də razıyam ki, ev dustaqlığı kifayət etmir. Onun müxtəlif ölkələrlə əlaqələri var. Yaşına görə ona yumşaq münasibət göstərmək olmaz. O ən ağır maddə ilə - dövlətə xəyanətdə ittiham olunur. Bu ittihamların qarşısında yaş məhdudiyyəti olmamalıdır. Alman faşistlərinə qarşı kimsə sağ qalıbsa, neçə yaşında olmasından asılı olmayaraq, onlarla bağlı həbs tədbirləri görülürdü. Ramiz Mehdiyev həbsdə olmalıdır, həbsxana divarları arasında ölməlidir. Ona rahat ölüm olmamalıdır. Hakimiyyətdə olduğu dövrdə bu adam Azərbaycanı ayaq-baş çevirib. Ona görə də bu məsələlər ciddi şəkildə araşdırılmalıdır. O dövlət başçısı deyildi, ancaq hansısa siyasətə təsir edə, əngəl törədə bilərdi. Əl altından iş görürdü. Buna görə cavab verməlidir.
Onun ətrafında olan, vəzifəyə qoyduğu, əmr verdiyi adamların hamısı cəzalandırılmalıdır. Milli Məclisdə, vəzifədə oturanlar gəlib onun yanında əyləşməlidir. Hesab edirəm ki, bu istiqamətdə işlər görüləcək. O, böyük piramidanın başında dayanırdı. Cox adamlar onunla birlikdə cavab verməlidir. Heç kəsə aman verilməməlidir".
Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə:
"Əslində bu o qədər də təəccüblü görünmədi. Uzun müddətdir ki, Ramiz Mehdiyevin xüsusilə Rusiyaya bağlı "5-ci kolon"a rəhbərlik etməsi ilə bağlı məlumatlar yayılırdı. Ona münasibət birmənalı deyildi. İstər müxalif düşərgədə, istərsə də hakimiyyət daxilində özünün formalaşdırdığı cameə var idi. Görünən bundan ibarətdir ki, onun fəaliyyəti olduqca ciddi forma alıb ki, dövlətə qarşı çevrilişə cəhddə ittiham olunur. Həmçinin külli miqdarda vəsaitin mənimsənilməsi və digər maddələrdə təqsirləndirilirsə, bu o deməkdir ki, həbs dalğasının davam edəcəyi istisna edilmir. Ramiz Mehdiyev bir komanda halında bütün prosesləri həyata keçirib. İstintaq orqanlarının əlində kifayət qədər ciddi məlumatlar var ki, bu cür ciddi addım atılıb.
Biz xüsusi xidmət orqanlarımızın peşəkarlığına tam olaraq güvənirik. Azərbaycan dövlətinin maraqları qorunmalıdır. İstər müxalifət, istərsə də hakimiyyət daxilində ətrafında kim olubsa, onlar da sona qədər müəyyənləşməli, kökü qazılıb üzə çıxarılmalıdır ki, bir də Azərbaycan dövlətinə qarşı xəyanət etməyə qalxa bilməsinlər".
AĞ Partiyanın sədri Tural Abbaslı:
"Ortada cinayət varsa, cinayətkar cəzalandırılmalıdır. Biz illərdir deyirik ki, Ramiz Mehdiyev üçüncü ölkələrin maraqlarının təmsilçisidir. Biz onun fəaliyyətinin araşdırılmasını və əməllərinə qiymət verilməsinin lazımlılığını dəfələrlə səsləndirmişik. Sevidirici haldır ki, o, indi öz əməllərinə uyğun maddə ilə ittiham edilir. Yəni burada Elmlər Akademiyasındakı hər hansı yeyintiyə görə addım atılmır. Bunlar xırda məsələlərdir. Çünki Azərbaycanda məmurların 70%-i yeyintiyə görə məsuliyyətə cəlb oluna bilər.
Dövlətə xəyanət və ya hakimiyyəti zorla ələ keçirmə ittihamları çox ciddidir. Məhz bu maddələr Ramiz Mehdiyevin üzərinə tikilib. O, onsuz da bu işlə məşğul olub. "5-ci kolon"da Ramiz Mehdiyev aysberqin görünən üzüdür. Amma bunun sağı, solu, ayaqları, uzantıları ifşa olunmalı, sürətli şəkildə neytrallaşdırılmalı, həbs edilməlidir. Proseslərlə bağlı ictimaiyyət təbii ki, məlumatlandırılmalıdır.
Nəhayət Azərbaycan 2023-cü ildə suverenliyini bərpa etdikdən sonra müstəqil daxili və xarici siyasət yeritməyə başlayıb. Müstəqil xarici və daxili siyasət yürütmək üçün digər dövlətlərin "5-ci kolon"ları neytrallaşdırılmalıdır. Bu həm Rusiyaya, həm də İrana, Avropaya və digər ölkələrə aiddir. Azərbaycan dövlətinin maraqlarına qarşı xidmət edənlər cəzasını almalıdır. Demək ki, cəhd olunub. Nə vaxt, necə buna cəhd edilib, kimlər iştirak ediblər, hazırda hakimiyyətdə təmsil olunanlardan, ekslərdən kimlər var-bunların hamısı aşkarlanmalı, onların əməllərinə hüquqi qiymət verilməlidir".
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli:
"Azərbaycanın müstəqilliyinin qorunması və suverenliyinin əldə edilməsi prosesi çox həssas dönəmlərdən keçib. Xarici qüvvələrə bağlı həm hakimiyyətdə, həm də müxalifətdə olan qruplar fəaliyyət göstəriblər. Onları zamanında neytrallaşdırmaq heç də asan olmayıb. Bəzən isə bu işlər illərlə vaxt alıb. Azərbaycan dövləti gücləndikcə, milli maraqlarımıza qarşı işləyən şəxslər ifşa olunur və məsuliyyətə cəlb edilir. Suverenliyimizin bərpasından sonra xarici agentlərin fəaliyyəti kifayət qədər məhdudlaşdırılıb.
Lakin vaxtilə Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyəti ciddi fəsadlar törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi təqdirəlayiq addımdır.
Ramiz Mehdiyev barədə elan olunmuş maddələr kifayət qədər ağırdır. Bu maddələrdə tövsif edilmiş əməlləri bir şəxs törədə bilməz. Bu qrup, şəbəkə işidir. Ümid edirəm ki, onlar da ifşa olunacaqlar.
Dövlət gücləndikcə zərərli, onu daxildən zəiflədən qrupları məhv etməlidir. Bu təbii bir prosesdir. İndi biz buna şahidlik edirik".