Azərbaycanın son onilliklərdə keçdiyi yol, təkcə dövlətin inkişaf tarixini deyil, eyni zamanda liderlik məktəbinin formalaşmasını da əks etdirir.
Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi artıq lokal səviyyəni aşıb. Dövlət başçısı siyasi məntiqi, sərt xarakteri və prinsipial mövqeyi ilə Azərbaycanı “kiçik region ölkəsi” qəlibindən çıxararaq qlobal arenada əsas aktor mərtəbəsinə yüksəlməyə nail olub.
Bədən dili ilə diplomatiya
Diplomatik masalarda çox vaxt sözlərdən daha çox bədən dili danışır. İlham Əliyevin beynəlxalq görüşlərdə qlobal güc liderlərinin jestlərini balanslaşdıran “bədən dili” ifadəsi onun özünəinamlı və dominant lider kimi qəbul olunmasını təmin edir.
Mübaliğəsiz demək olar ki, Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində gerçəkləşmiş görüşlərdə tədbirin mövzusu qədər jestlər də diqqət çəkdi.
Fransa prezidenti Emmanuel Makronla Azərbaycan lideri İlham Əliyev arasında baş tutan ayaqüstü görüşdə diqqətdən qaçmayan jest və davranışlar tərəflərin münasibət dinamikasını sözsüz ifadə edə bildi.
Makronun tərəf müqabilinin çiyninə və kürəyinə toxunaraq nümayiş etdirdiyi ənənəvi iddialı jestlərinə qarşı İlham Əliyev eyni üslubda və təmkinli reaksiya verərək psixoloji üstünlüyü ələ aldı. Qlobal gücün əbədi təmsilçilərindən olan Fransanın dövlət rəhbərinin dominant jestlərinə Azərbaycan liderinin eyni üslubda qarşılıq verməsi suverenlik və siyasi güc anlayışının vizual ifadəsi idi.
Mesaj sadə və qəti idi: Azərbaycan ərazi baxımından kiçik dövlət ola bilər, amma bu onun siyasi və strateji əhəmiyyətini kiçildə bilməz.
Bədən dili anlayışında tərəf müqabilinin kürəyinə vuraraq ünsiyyət qurmaq - özünün üstünlüyünü və gücünü vurğulamaq mesajını ötürür. Bu, avtoriteti və inamı ifadə edən güclü bir jestdir.
Dünya liderləri ilə eyni masada
Bənzər səhnə ABŞ Prezidenti Donald Trampla görüş zamanı da yaşandı. Trampın klassik dominant bədən dili - kürəkdən vurmaq, əl sıxmada üstünlük qazanmaq cəhdləri - İlham Əliyev tərəfindən eyni jestlərlə neytrallaşdırıldı. ABŞ Prezidenti qarşısında İlham Əliyev “kiçik ölkə” prezidenti kimi yox, bərabər statuslu lider kimi dayandı.
Regional müstəvidən qlobal səviyyəyə
Bu gün İlham Əliyevin liderliyi Cənubi Qafqazla məhdudlaşmır. O, regionda oyun qaydalarını dəyişən, beynəlxalq münasibətlərin balansına təsir göstərən, bu münasibətlərə yön verən liderlərdəndir. Zəfərlə başa çatan Vətən müharibəsi və sonrakı diplomatik proseslər onun liderlik statusunun miqyasını geosiyasi səviyyədə kifayət qədər möhkəmləndirib.
İlham Əliyevin tarixdəki rolu yalnız müəyyən zaman kəsiyində Azərbaycana rəhbərlik etməkdən ibarət deyil; O, Azərbaycanı qlobal siyasət masasına çıxarıb. İlham Əliyev ölkəsini dünya güclərinin sıxışdırdığı bir vəziyyətdən onların hesablaşdığı tərəfə çevirən lider, öz fəaliyyətində Azərbaycanın siyasi yetkinliyini və dönüş mərhələsini təcəssüm etdirən Tarixin Prezidentidir ("525-ci qəzet")