Modern.az

“Ömrün ustadları” - Ağcabədinin ən uzunömürlü sakini: 105 yaşlı Fatma nənə

“Ömrün ustadları” - Ağcabədinin ən uzunömürlü sakini: 105 yaşlı Fatma nənə

Ölkə

18 Oktyabr 2025, 09:01

Ömür təkcə illərin sayı deyil, yaşanan günlər, qarşılaşılan sınaqlar və geridə buraxılan xatirələrlə ölçülür. Bəzən bir ömür təkcə bir insanın deyil, bütöv bir xalqın tarixini daşıyır. Elə insanlar var ki, onların həyatı yaşanmış əsrlər qədər dəyərli, keçdikləri yollar isə yaddaşlarda silinməz olur.

Modern.az saytının “Ömrün ustadları” rubrikasının budəfəki buraxılışında Ağcabədi rayonunun ən uzunömürlü sakinindən - 105 yaşlı Fatma Salah qızı Qarayevadan bəhs edirik.

O, ömrünü səbr, fədakarlıq və zəhmətlə yoğurmuş bir Azərbaycan qadınıdır.

Fatma nənə 1920-ci il yanvarın 1-də Ağcabədi rayonunun Hindarx kəndində dünyaya gəlib. Hazırda isə o İmamqulubəyli kəndində yaşayır.

Fatma Salah qızının həyatı Azərbaycanın çətin tarixinin bir güzgüsüdür - müharibə, ayrılıq, fədakarlıq və analıq dərdi ilə dolu bir ömür... Sovet dövründə bir oğlu əsgərlikdə həlak olub. Digər oğlu onu Rusiyanın Pskov şəhərindəki qəbiristanlıqdan taparaq vətənə gətirib. Bu acı hadisə ilə Fatma xanım iki övladını itirib.

Fatma nənə bu dərdlə illərlə yaşayıb. Deyir ki, ömrü boyu sevinmək, rahatlıq nədir, bilməyib. Müharibənin təsirini yalnız bir dövr yox, bütün həyatı boyunca hiss edib. Zəhmətlə yaşayıb - əkib-becərib, ailəsini dolandırmağa çalışıb. Bir sözlə, Allah nə ömür veribsə, oğulların həyatını anaya bəxş edib. Bu, həm təvazökarlıq, həm də qismətə boyun əyməyin simvoludur.

Fatma nənənin 6 övladı olub – 3 oğlu, 3 qızı. Təəssüf ki, oğullarından ikisi dünyasını dəyişib. Hazırda 1 oğlu və 3 qızı həyatdadır. Bununla yanaşı, Fatma nənənin 6 nəvəsi və 2 nəticəsi də var.

Onun uzunömürlülüyü təkcə bioloji yaşla ölçülmür. Bu, həm də yaşadığı iztirablarla, sabitliyi qorumağa çalışdığı ailəsi, eləcə də həyat qarşısında göstərdiyi səbr və dözümlə ölçülür.

Qeyd edək ki, Ağcabədi rayonu üzrə 90-100 yaş arası sakinlərin sayı 140 nəfərdir. 100 yaşdan yuxarı sakinlərin sayı isə cəmi 4 nəfərdir. Onlardan biri də Ağcabədinin ən uzunömürlü sakini Fatma Salah qızıdır.

Fatma nənəyə can sağlığı, daha uzun və rahat bir ömür arzulayırıq!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ