Modern.az

“Tibbin gələcəyi: İnnovativ texnoloji həllər” konfransı keçirilib

“Tibbin gələcəyi: İnnovativ texnoloji həllər” konfransı keçirilib

Ölkə

17 Oktyabr 2025, 17:55

“Tibbin gələcəyi: İnnovativ texnoloji həllər” adlı elmi konfrans keçirilib.

Konfrans Referans Medical Group və Türkiyənin “Uğur Sağlık Teknolojileri” MMC şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfdaşlığı ilə baş tutub.

Modern.az xəbər verir ki, konfransın keçirilməsində əsas məqsəd tibdə innovativ texnologiyaların tətbiqi, süni intellekt əsaslı həllərin inkişafı və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.

Konfransın açılış mərasimində dövlət himni səsləndirildikdən sonra Referans Medical Group Müşahidə Şurasının sədri Hansıyar Babayev çıxış edərək ölkədə tibbi innovasiyaların inkişafı, səhiyyədə texnoloji tərəqqi və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Tədbirdə həmçinin, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin İcraçı direktoru Fariz Cəfərov, KOBİA-nın İdarə Heyətinin sədr müavini Emil Hüseynli və  “Uğur Sağlık Teknolojileri” MMC-nin Baş icraçı direktoru Yurdanur Murzoğlu çıxış edərək ölkədə tibbi innovasiyaların inkişafı, rəqəmsallaşma proseslərinin sürətləndirilməsi və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi istiqamətində fikir və təkliflərini bölüşüblər.

Tədbirdə həmçinin qeyd olunub ki, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ölkədə süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Konfrans çərçivəsində Türkiyənin tanınmış səhiyyə və texnologiya şirkətləri rəqəmsal sağlamlıq sistemləri, VR simulyasiya texnologiyaları, uzaqdan fizioterapiya platformaları, süni intellekt əsaslı reanimasiya xidmətləri və radioloji tətbiqlərlə bağlı təqdimatlar ediblər. Həmçinin, Leyla Medical Center-in Tibbi direktoru Dr. Sevda Cəfərova və Referans Medical Group-un Tibbi administratoru Dr. İbrahim Sivrikaya innovativ tibbi texnologiyaların tətbiqi və gələcək inkişaf istiqamətləri barədə müzakirələrə moderatorluq ediblər.

Tədbir zamanı tibbi təhsil, innovasiya, rəqəmsallaşma və elmi tərəfdaşlıq istiqamətində yeni təşəbbüslər müzakirə olunub. Elm və Təhsil Nazirliyi, ETN Yüksək Texnologiyalar Parkı MMC və “Uğur Sağlık Teknolojileri Azerbaycan” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Həmçinin müxtəlif dövlət qurumlarının rəhbər və nümayəndələri, ölkənin aparıcı dövlət və özəl tibb müəssisələrinin rəhbərləri, elmi mərkəzlərin nümayəndələri, sığorta şirkətlərinin rəhbərləri, eləcə də Türkiyə və digər ölkələrdən gələn qonaqlar konfransda iştirak ediblər.

Tədbirin sonunda spikerlərə təşəkkürnamələr təqdim olunub, konfrans bədii hissə ilə davam edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ