Xalqın əsas gücü onun adamlarındadır.
Adamlar xalqın güzgüsüdür.
O güzgüdə kim parlayır, kim qaralır, kim öz simasını qoruyur, kim satır, görə bilirsən.
1990-lardan bu tərəfə çox adam gördük.
Özünü dəyişən, sözünü dəyişən, yönünü dəyişən, rəngini dəyişən, hətta cinsini dəyişən.
Gördük və keçdik. “Öz işləridir”,- dedik.
Çünki insan dəyişəndir, amma vay o gündən vicdan dəyişsin.
Hə, sonra gördük ki, bəziləri dəyişiminə bəraət qazandırmaq üçün daha çox qışqırır.
Dürüstlükdən danışır, amma dürüstlüyün “d” hərifindən onda əlamət yoxdu, əməlləri namərdlikdir.
Sədaqətdən danışır, amma hər səhər yaltaqlığın qucağında, riyakarlığın yatağında oyanır.
Çığırtı səsləri yüksəlir, bunun arxasında yalanlarının üfunəti duyulur.
Bir də gördük ki, sükutda yaşayan insanlar var.
Səssiz, təvazökar, vicdanlı.
Onlar danışmırlar, bağırmırlar, öz işlərində, öz yollarında olurlar.
Əslində bu səssizlik, onların doğruluğunun qışqırığıdır.
Allah adamı gördük, mərhəmətli, sakit, təmiz, baxışında sevgi, yolunda dua var.
Dövlət adamı gördük, səbirli, mərd, xalqın yükünü öz çiyninə alan, o, millətin nəfəsidir.
Bir də Ramiz Mehdiyev adamlarını gördük, əslində onlar kreslo manyakları, güc sərxoşları, intriqa ustalarıdır. Onlar bu millətin, bu dövlətin adamı ola bilməzlər.
Həyat qəribədir.
Bəzən elə olur ki, düşünürsən yalanlar həqiqəti basdırır.
Amma zaman gəlir, torpağın altından həqiqət boy verir, kök atır, gül açır.
Neçə gündür Ramiz Mehdiyev hoqqaları gündəmə çirk kimi daxil olub.
Bu yaşında da törətdikləri ilə hələ də xalqın vaxtını alır, sinirlərini oynadır.
Halbuki insanlar bu zamanı səmərəli işə sərf edə bilərdilər.
O, xalqın ömrünü çalxalayır, öz ömrünü isə o ki var zibilləyir.
Zamanında onun ətrafında olanların da adları hallanır.
Burada mütləq vurğulamaq lazımdır ki, bəzən bu məqamda qurunun oduna yaşı da yandırırlar. Olmaz.
Cəmiyyətin gözü görür, qulağı eşidir.
İndi vaxtilə onun çevrəsində olanlar - “Mehdiyev adamları” etiraz edir.
Axı nəyə etiraz edirsiniz? Haqqa? Zamana? Ədalətə?
Bəs, nə gözləyirdiniz?
Siz zamanında Mehdiyev adamı olmaya bilərdiniz. Oldunuz və kef elədiniz.
Allah adamı da ola bilərdiniz.
Dövlət adamı da ola bilərdiniz.
Olmadınız.
İndi utanırsınız, yeni cildə girirsiniz, amma vicdanın aynası cildi deyil, içi göstərir.
Allah adamı olmaq çətindir.
Çünki orada yalan yoxdur.
Dövlət adamı olmaq ağırdır.
Çünki orada məsuliyyət var.
Ramiz Mehdiyev adamı olmaq asandır.
Çünki orada yaltaqlıq, intriqa, quyuqazanlıq, satqınlıq, kef var.
Allah demişkən, birini qoyum, o birinə keçim.
Siz heç 80-90 yaşlı bir babanın nəvə-nəticəsinin əlindən tutub bayır-bacada gəzdirdiyini görmüsünüz?
O səhnə həyatın gülüşü, xobəxtliyin simasıdır, elə deyilmi...
Amma 90 yaşında kreslodan yapışan birini gördünüzmü?
O səhnə faciədir.
O səhnə təkəbbürün, qorxunun, nəfsin rəsmini çəkir.
Allah insana bir ömür verir və hər ömrün bir dayanacağı var.
Sən dayanmağı dərk eləməsən, həyat səni dayandıracaq.
Əgər sən kreslodan yapışsan, ömür səni udacaq.
Bu, təbiətin qanunudur.
Ramiz Mehdiyev ömrü bu qanunun pozulmasının canlı dərsidir.
Alim ola bilərsən, məmur ola bilərsən, deputat ola bilərsən.
Amma bir gün dayanmaq lazımdır.
Dayanmasan, təbiət səni dayandırıb ən acı formada üzünü göstərəcək.
Ömrünün əvvəlki illəri də, indi də burnundan gələcək.
Ramiz Mehdiyev ömrü bunun canlı dərsidir.
Allah adamı olmaq namazla, orucla ölçülmür.
O, səmimiyyətlə, vicdanla, insafla meyarlanır.
Sən intriqa içindəsənsə, bir gün onun qurbanı olacaqsan.
Bəlkə özün yox, övladların olacaq.
Xəyanət edirsənsə, bədəlini verəcəksən.
Quyu qazırsansa, bir gün o quyuya özün düşəcəksən.
Buna əmin ol...
Həyatın ədaləti gec gəlir, amma gələndə hər şeyi silir.
Mətləbdən uzaqlaşmayaq.
O vaxt Mehdiyevin adamı olmayaydılar, dövlətin adamı olaydılar.
Dövlət adamı olmaq mərhumiyyətlərə dözməkdir, kasıb yaşamaq, amma başı dik qalmaqdır.
Allah adamı, dövlət adamı olmaq isə Azərbaycan adamı olmaq deməkdir.
Azərbaycan adamı heç vaxt Ramiz Mehdiyev adamı olmayıb.
O, Vətən adamı olub.
Vətən adamı olmaq nəfsini susdurmaq, xalqını düşünməkdir.
Vətən adamı olmaq hakimiyyətin dadını yox, məsuliyyətin ağırlığını hiss etməkdir.
Dövlət adamı olmaq xalqın yükünü daşımaqdır.
Ramiz Mehdiyev adamı olmaq xalqın çiyninə çıxmaqdır.
Fərq budur.
Bu millət çox şey görüb.
Yalan da görüb, xəyanət də.
Amma bu millət heç vaxt Allah adamını, dövlət adamını unutmayıb.
Allah adamı az danışır, çox düşünür.
Ramiz Mehdiyev adamı çox danışır, amma bir cümləsində mənəviyyat yoxdur. Çünki ləyaqətsizdir.
Elm kürsüsündə millətdən danışan adam, indi millətin təfəkkürünü zəhərləyir.
Bu, bir faciədir, ağ saçın altında qara niyyət gizlənibsə, o ağlıq naxələflik nümunəsidir.
Ramiz Mehdiyev adamı millətin baş ağrısıdır.
Bəzən yaddaşsızıq deyirik, amma bütün vaxtlarda yaddaşımız oyaq olub.
Yaddaş gözünü açanda ədalət gətirir.
Allahın altında heç nə unudulmur.
Allah adamı günəşdir, istilik verir.
Dövlət adamı oddur, işıq saçır.
Ramiz Mehdiyev adamı tüstüdür, gözü yandırır.
Bu ölkə çox tüstü gördü.
Amma hər dəfə günəş doğdu, tüstü dağıldı.
İşıq qaldı.
İndi hər kəs Mehdiyevin taleyinə baxıb ibrət götürsün.
Çünki insanın ömrü uzun ola bilər, amma mənasız ömür anlayana ən böyük cəzadır.
Bu ölkəyə indi Allah adamları, dövlət adamları, Azərbaycan adamları lazımdır.
Vətən adamları lazımdır.
Millətini sevən adamlar lazımdır.
Dövlətini, xalqını qoruyan, dua ilə yaşayan, əməl ilə çalışan adamlar lazımdır.
Və unutmayaq...
Ramiz Mehdiyev kimilər hər zaman olacaq.
Amma elə yaşamalıyıq ki, “Mehdiyevçilik” ruhu ölsün, bir də təkrarlanmasın.
Tarixdə Allah adamı, Dövlət adamı, Azərbaycan adamı qalacaq.
Ona görə də siz Allah adamı olun. Dövlət adamı olun. Azərbaycan adamı olun.
Ramiz Mehdiyevkimilərin tüstüsünü çürüdən, xalqın işığını artıran İlham Əliyev adamı olun.
İlham Əliyev adamı olmaq Vətənə sədaqət, dövlətə xidmət, Allaha inam deməkdir.
Və ən nəhayət,
Allah adamı olmaq, vicdanla nəfəs almaqdır.
Dövlət adamı olmaq, millətə xidmətdir.
Azərbaycan adamı olmaq isə tarixlə bir olmaqdır.
Ramiz Mehdiyevkimilərin adamı olmaq isə kölgədə gəzmək, işıqda itməkdir.
Bu xalq kölgə istəmir.
Bu xalq işıq istəyir.
Bu xalq Allah adamı istəyir.
Dövlət adamı istəyir.
Azərbaycan adamı istəyir.