Baş dərimizdə orta hesabla 100 minə yaxın saç teli mövcuddur. Araşdırmalara görə, gün ərzində daranma, yuma və digər təsirlər nəticəsində 100-150 ədəd saç telinin tökülməsi tamamilə normal sayılır. Lakin bu miqdardan artıq tökülmə müşahidə olunursa və proses iki aydan çox davam edərsə, bu artıq diqqət tələb edən haldır və orqanizmdə müəyyən sağlamlıq problemlərinin olub-olmadığı ciddi şəkildə yoxlanmalıdır.
Modern.az-a açıqlamasında trixoloq Cəmilə Əsgərova qeyd edib ki, hər bir saç telinin təxminən 4-6 illik həyat dövrü var.
“Bu müddətin sonunda saç istirahət mərhələsinə keçir və təbii şəkildə tökülür. Gündə 50-100 saç telinin tökülməsi isə normal hesab olunur. Lakin bu say artarsa, xüsusilə yuyarkən və ya sadəcə əllə toxunarkən 3-5 telin tökülməsi müşahidə edilirsə, vəziyyət bir qədər ciddiyə alınmalıdır”.
Onun sözlərinə görə, saç tökülməsinin əsas səbəblərinə genetik meyillilik, hormonal pozğunluqlar, vitamin və mineral çatışmazlığı, dəri və daxili xəstəliklər, yanlış qidalanma, stress, doğuş və kimyəvi təsirlər daxildir.
“Kişilərdə saç tökülməsinin ən yayılmış səbəbi genetik meyillilikdir. Bu hal “androgenetik alopesiya” adlanır və kişi hormonlarına, xüsusilə dihidrotestosteron (DHT) hormonuna həssaslıqla əlaqədardır.
Bununla yanaşı, qadınlarda da genetik amillər mühüm rol oynayır. Ailəsində saç tökülməsi olan qadınlarda hormonal balanssızlıq, stress və qidalanma pozğunluğu bu prosesi daha da sürətləndirə bilər.
Baş dərisinin sağlamlığı saç köklərinin gücünü müəyyən edir. Ekzema, göbələk infeksiyaları, həddindən artıq yağlı dəri və ya iltihabi proseslər saç tökülməsinə səbəb ola bilər. Bu hallarda əsas xəstəliyin müalicəsi ilə saç tökülməsi də tədricən azalır.
O həmçinin saç tökülməsində yanlış qidalanmanın təsirini də diqqət çəkib:
“Saçlar da digər orqanlar kimi düzgün qidalanmaya ehtiyac duyur. Uzunmüddətli pəhriz, balanssız və karbohidratla zəngin qidalanma, protein, vitamin və mineral çatışmazlığı saç köklərini zəiflədir və nəticədə tökülməyə səbəb olur.
Saç sağlamlığı üçün vacib olan B12, D vitamini, fol turşusu, biotin, sink və dəmir kimi maddələrin çatışmazlığı da saç tökülməsinə gətirib çıxara bilər. Qanda bu maddələrin səviyyəsini yoxlatmaq və lazım gələrsə, vitamin-mineral əlavələri qəbul etmək faydalıdır”.
C.Əsgərova bildirib ki, hormonal problemlər də burada xüsusi rol oynayır:
“Hormonal pozğunluqlar da saç tökülməsinə təsir göstərir. Habelə, qalxanabənzər vəz xəstəlikləri, şəkərli diabet, insulinrezistentlik, böyrəküstü vəzi problemləri və bu xəstəliklərin müalicəsində istifadə edilən bəzi dərmanlar (o cümlədən doğum kontrol həbləri) saç tökülməsini artıra bilər. Həmçinin əməliyyat, yüksək hərarət, qan itkisi və ya kəskin travmalar da müvəqqəti saç tökülməsinə səbəb ola bilər.
Eləcə də, kimyaterapiya müalicəsi zamanı da saç tökülməsi baş verə bilər. Lakin müasir dərmanlar bu təsiri azaltsa da, müalicədən sonra saçların çoxu yenidən bərpa olunur”.
Trixoloq eyni zamanda saç tökülməsinin ən çox rast gəlindiyi bölgələrdən də danışıb:
"Şəxsi təcrübəmə əsasən, xüsusilə qadınlar arasında müraciət edənlər sırasında şimal bölgələrindən - Şəki, Zaqatala, Balakən və s. olan pasiyentlər çoxluq təşkil edir. Belə hallarda əsas səbəb kimi isə qan azlığı ön plana çıxır. Lakin ümumi mənzərəyə baxsaq, saç tökülməsi həm şəhər, həm də region sakinləri arasında geniş yayılıb. Ən çox isə 15-25 yaş aralığında olan gənc qız və oğlanlarda müşahidə olunur".
Yekun olaraq həkim onu da vurğulayıb ki, xroniki stress, psixoloji travmalar və depressiya saç nizamını pozaraq tökülməyə səbəb olur. Bundan əlavə, belə vəziyyətlərdə istifadə edilən bəzi psixotrop dərmanlar da saç tökülməsini artıra bilər.