Modern.az

Ramiz Mehdiyevin evində AXTARIŞ APARILIB?

Ramiz Mehdiyevin evində AXTARIŞ APARILIB?

Ölkə

21 Oktyabr 2025, 11:40

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib, barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

DTX-nın Baş İstintaq İdarəsində Mehdiyevə qarşı dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (278-ci maddə), həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamları irəli sürülüb.

Onun hazırda həyat yoldaşı ilə birlikdə villasında ev dustaqlığında olduğu bildirilir.

Azırbaycan qanunvericiliyi məhkəmə qərarı olmadan belə Ramiz Mehdiyevin evində axtarış aparılmasına imkan verir. 

Bunu Modern.az-a açıqlamasında hüquqşünas Xəyal Bəşirov bildirib.

O qeyd edib ki, uzun müddət Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyevlə bağlı məlumatlar, eləcə də onun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmənin qərarı mətbuatda geniş müzakirə olunur:

“Bununla bağlı rəsmi dövlət qurumlarının açıqlaması olmasa da, müəyyən gözləntilər mövcuddur. Əgər mətbuatda səsləndirilən fikirlər həqiqəti əks etdirirsə və Mehdiyevin barəsində xüsusilə ağır cinayətin törədilməsi məsələsi realdırsa, o zaman Ramiz Mehdiyevin evi və ya evlərində axtarış aparıla bilər”.

Hüquqşünas əlavə edib ki, mətbuatda gedən məlumatlardan görünür, Ramiz Mehdiyevin təkcə bir yerdə deyil, bir neçə yerdə - həm Bakı şəhərində, həm də ölkənin müxtəlif rayonlarında evləri və ya villaları var.
Onun sözlərinə görə, axtarışın aparılması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən mümkündür.

“Cinayət-Prosessual Məcəlləsinə görə, cinayətin törədilməsi halları və cinayətlə bağlı sübutların toplanması məqsədilə ibtidai istintaqı aparan orqan axtarış və götürmə istintaq hərəkətini aparmaq zərurətini görürsə, bu addımı ata bilər. Bu zaman istintaq aparan müstəntiq və ya müstəntiqlər qrupu vəsatətlə prosesual rəhbərliyi həyata keçirən prokurora müraciət edir, prokuror isə təqdimatla məhkəmə qarşısında bu məsələni qaldırır. Məhkəmə də həmin cinayətlə bağlı Ramiz Mehdiyevin evində və ya evlərində axtarış və götürmə aparılması barədə qərar qəbul edə bilər”.

Xəyal Bəşirov qeyd edib ki, axtarış və götürmə əməliyyatları cinayətin izlərinin isti-isti müəyyənləşdirilməsi və cinayətin qısa zamanda sübuta yetirilməsi üçün ən mühüm addımlardan hesab olunur:

“Elə cinayətlər var ki, - ağır və xüsusilə ağır cinayətlər, - onlar şəxsiyyət və dövlət hakimiyyəti əleyhinə olan cinayət kateqoriyasına daxildir. Nəzərə alsaq ki, Ramiz Mehdiyev də dövlət hakimiyyəti əleyhinə, xüsusilə ağır cinayətlərdə ittiham olunur və hələlik bu ittihamları təkzib edən hər hansı bəyanat verməyib, bu halda qanunvericiliyə əsasən, belə cinayətlər zamanı müstəntiq təxirəsalınmaz hallarda, məhkəmənin qərarı olmadan da axtarış keçirə bilər.”

O əlavə edib ki, istənilən an, - bu gün, yaxın vaxtlarda və ya artıq keçmişdə, - axtarış və götürmə əməliyyatları həyata keçirilə bilər.

Hazırda istintaq orqanı bu barədə məlumat yaymır. Bunun səbəbi kimi cinayət izlərinin itirilməsi təhlükəsinin mövcudluğu göstərilir.

Eyni zamanda, Mehdiyevə məxsus bir neçə evin olması da axtarış prosesinin müəyyən zaman və imkan tələb etdiyini göstərir.

Hüquqşünas bildirib ki, bu səbəbdən belə qənaətə gəlmək olar: istintaq hərəkəti indiyədək məhkəmə qərarı ilə həyata keçirilib və ya müstəntiqlər istənilən an bu addımı ata bilərlər.

“Yəqin ki, istintaqı aparan qurumlar yaxın günlərdə ictimaiyyəti məlumatlandıracaqlar. Amma hazırkı mərhələdə istintaqın gedişinə mane olmamaq və konfidensiallığı qorumaq məqsədilə bu barədə məlumatlar paylaşılmır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ramiz Mehdiyevin evində axtarış...- Nələr üzə çıxacaq?